Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1970/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi vəkil Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(060)-725/2017 nömrəli qərardadından cavabdehin nümayəndəsi vəkil X4 oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi vəkil X4 oğlu qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Sumqayıt şəhər məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) Sumqayıt şəhər məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi vəkil X4 oğlu tərəfindən verilmiş ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi vəkil X4 oğlu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi vəkil X4 oğlu Sumqayıt şəhər məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh hərbçi olduğundan uzun müddət hərbi hissədə xidmət etdiyinə görə qətnamə ona verilməmiş və barəsində məhkəmə prosesinin getməsi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə gedən zaman hərbi xidmətdə olması qeyd edilmiş və bunu təsdiq edən zəruri sənədlər əlavə edilmişdir. Məhkəmə qətnaməsindən cavabdehin xəbəri olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Cavabdeh şikayəti müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadları ləğv edilməli, apellyasiya şikayəti icraata qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizədə göstərdiyi dəlillərin müddətin bərpa edilməsi üçün üzrlü hesab edilməməsi, həmçinin cavabdehin məhkəmə qətnaməsi barədə məlumatlı olmasının iş materialları ilə təsdiq olunması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi cavabdehə rəsmi qaydada ünvana göndərilmiş, lakin qətnamənin cavabdeh tərəfindən qəbul edilməsi görünmür. Cavabdeh qətnamədən Nərimanov rayon İcra Şöbəsinin 14.01.2021-ci il tarixli qərarına əsasən məlumatı olmasını bildirmiş və 18 fevral 2021-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1. maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3. maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti məhkəmə aktının rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Məhkəmə aktından şikayət vermə müddəti həmin aktın rəsmi qaydada alındığı vaxtdan hesablanır. İş materiallarında Cavabdeh qətnamənin surətini alması barədə məlumat aşkar edilməmiş, həmin dövrdə hərbi xidmətdə olması öz əksini tapmış və apellyasiya şikayətinin verilməsi barədə müddətin üzrlü səbəbdən ötürdüyünü əsas gətirərək müddətin bərpası barədə ərizə vermişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 17 mart 2021-ci il tarixli və onunla bağlı 28 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, yeni qərardad qəbul edilməli, ərizə təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Apellyasiya şikayəti prosessual müddət daxilində verildiyindən, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənildiyindən, həmçinin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh nümayəndəsi vəkil X4 oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 17 mart 2021-ci il tarixli və onunla bağlı 28 aprel 2021-ci il tarixli qərardadları ləğv edilsin, yeni qərardad qəbul edilsin. Ərizə təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil X4 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün müddət ötürülməmiş hesab edilsin və apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1970/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1970/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver