Məhkəmə qərarları › İş №2(105)-1970/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1970/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1970/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-387/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2014-cü il tarixli, CC/50568/43/27 saylı kredit sazişinə əsasən X2na İddiaçı ASC tərəfindən illik 23 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 600 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. xx.xx.2013-cü il tarixli, BAL0494811/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən X2na İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açmışdır.

3. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli, CC/50568/43/27 saylı müqaviləyə əsasən 89.56 ABŞ dolları əsas və 116.3 ABŞ dolları faiz borcu, xx.xx.2013-cü il tarixli, BAL0494811/12 saylı müqavilə üzrə 209.11 manat əsas, 338.75 manat faiz borcu vardır.

4. X2 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 481 nömrəli evdən ibarətdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, CC/50568/43/27 saylı müqaviləyə əsasən 89.56 ABŞ dolları əsas, 116.3 ABŞ dolları faiz və 40 ABŞ dolları cərimə, xx.xx.2013-cü il tarixli, BAL0494811/12 saylı müqaviləyə əsasən 209.11 manat əsas, 338.75 manat faiz borcunun, cəmi 547.86 manat borcun və 30 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/50568/43/27 saylı müqaviləyə əsasən bank ona 600 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, BAL0494811/12 saylı müqaviləyə əsasən 300 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X3 banka 205.86 ABŞ dolları borcu vardır. X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X3 qanuni vərəsəsidir. X5 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X4 verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi 481 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 0.088 ha olan torpaq sahəsindən mərhuma məxsus hissəsindən ibarətdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-387/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 376, 377.2-ci, Mülki Prosessual Məcəllənin 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. X1 qanun üzrə 1-ci dərəcəli vərəsəsi onun banka kredit borcu olması barədə məlumatlı olmuşdur. Təşkilatı hüquqi formasından asılı olmayaraq heç bir hüquqi şəxs fiziki şəxsin fərdi məlumatlarını onun razılığı olmadan əldə edə bilməz. X3 ölüm haqqında şəhadətnaməsi məhz onun vərəsələri tərəfindən təqdim olunmuşdur (bank həmin sənədi başqa cür əldə edə bilməzdi). Həmçinin, xx.xx.2016-cı ildə vərəsəlik işinin açılması və miras əmlakın vərəsələrin adına rəsmiləşdirilməsinə dair banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bankın vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumatı isə 2022-ci ildə olmuşdur. Sumqayıt Şəhər Məhkəməsi isə vərəsəlik barədə məlumatı əldə etmək öhdəliyini əfsuslar olsun ki, onların üzərinə qoyaraq iddia tələbinə qərəzli mövqe bildirmişdir. Halbuki, mülki normadan da görmək olur ki, bu öhdəlik mirası qəbuledən şəxsin öhdəliyidir. Mülki Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə iddia müddəti şamil edilmir. Sumqayıt Şəhər Məhkəməsi Mülki Məcəllənin 372-373 və 374.1-cü maddəsinə istinad edərək müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq olunmasını əsas götürmüşdür. Bu fikirlə razı deyil. Birinci məsələ ondan ibarətdir ki, Mülki Məcəllənin 372-373 və 374.1-ci maddəsi yalnız müqavilə üzrə tərəf olmuş şəxslərə münasibətdə iddia müddətinin tətbiqini şərtləndirir. Yəni, İddiaçı ASC və X5 arasında tərəflərin bağladığı müqavilə ASC və X5 arasında tərəflərin bağladığı müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımı qaydada icra etmədiyi təqdirdə hər iki tərəfə müqavilə üzrə pozulmuş hüquqlarının bərpası üçün 3 illik iddia müddətinin olmasını ehtiva edir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-387/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, vərəsədən tələbləri miras əmlak üzrə miras aktivini qəbul etməsi anında yaranmışdır və bu hissə də hər hansı iddia müddətinin tətbiqi düzgün deyildir. Təsadüfü deyildir ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "AzərbaycanRespublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər Mülki Məcəllənin 1310-cu maddəsi ilə kreditorların tələblərinin irəli sürülməsi müddəti mövcud olmuşdur. Həmin maddədə aşağıdakılar qeyd olunurdu: 1310.1. Miras qoyanın kreditorları mirasın açıldığının onlara məlum olduğu gündən altı ay ərzində mirası qəbul etmiş vərəsələrə qarşı tələblərini, bunların müddətinin çatıb-çatmamasından asılı olmayaraq, irəli sürməlidirlər. Həmçinin qeyd olunan qanunvericilik qüvvəyə minənə qədər bəzi vərəsəlik hallarına ümumi iddia müddəti şamil edilirdi. Məsələn, keçmiş qüvvədə olan Mülki Məcəllənin 1311.1-ci maddəsində qeyd olunmuşdur ki, kreditorların tələbləri irəli sürməsi müddəti miras qoyanın sonuncu xəstəliyi zamanı ona qulluq edilməsi və onun müalicəsi, əmək haqqı verilməsi, dəfn, mirasın mühafizə və idarə edilməsi ilə bağlı xərclər haqqında tələblərə, habelə üçüncü şəxslərin əmlaka mülkiyyət hüquqlarının tanınması və onlara mənsub əmlakı tələb etmək haqqında tələblərinə şamil edilmir. 1311.2. Bu Məcəllənin 1311.1-ci maddəsində göstərilmiş tələblər barəsində ümumi iddia müddətləri tətbiq edilir. Azərbaycan Respublikasının 24 iyun 2005-ci il 949-İİQD nömrəli qanunu ilə yuxarıda qeyd olunan maddələr qüvvədən düşmüş və iddia müddətinin tətbiqi hissəsi açıq qalmışdır. Əsas mahiyyət ondan ibarətdir ki, bankın kreditor kimi, miras əmlakı üzrə miras passivini tələb etmək hüququ vərəsələrin ümumi mirasın rəsmi qaydada qəbul etməsi ona məlum olduğu andan yaranmış olur. Bu əsasla, heç bir halda mirasın qəbulu üzrə rəsmi məlumatın əldə olunması kreditorun öhdəliyi kimi qəbul edilə bilməz. Mülki qanunvericilikdə mülki hüququn analogiya üzrə tətbiqi mövcuddur. Hazırki yaranmış mübahisədə qanunun və hüququn analogiyası tətbiq olunmalıdır. Hazırki qətnamə üzrə yaranan mülki mübahisədə vərəsə miras aktivini qəbul edir, lakin miras passivini qəbul etməkdən imtina edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı ASC-yə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

16. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

17. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

18. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

19. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

20. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

22. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

23. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

24. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin hallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli, CC/50568/43/27 saylı kredit sazişinə əsasən X2na İddiaçı ASC tərəfindən illik 23 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 600 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2013-cü il tarixli, BAL0494811/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən X2na İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 481 nömrəli evdən ibarətdir.

35. İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun Cavabdeh tutulmasını xahiş etmiş, D.Həsənova isə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

36. İlk növbədə məhkəmə kollegiyası kredit borcunun Cavabdeh tutulmasının əsası olub-olmamasına münasibətdə qeyd edir ki, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

37. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

38. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

39. Göründüyü kimi, borclunun öhdəliklərinə görə vərəsənin məsuliyyəti onun qəbul etdiyi mirası əmlakın dəyəri ilə məhdudlaşır. Odur ki, hazırkı tələbi irəli sürmək üçün iddiaçının hüquqi əsası mövcud olmuşdur.

40. İddia müddətinin tətbiqi ilə bağlı isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. 41.Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

42. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

43. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

44. Həmin Məcəllənin 381.1-cimaddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

45. Həmin Məcəlləinin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.

46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

47. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 48.Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

49. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən M.Hüseynova 12 ay müddətinə 600 ABŞ dolları,xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən kartın istifadə müddəti xx.xx.2015-ci il tarixədək olmaqla 300 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, CC/50568/43/27 saylı müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablandıqda, iddia müddəti xx.xx.2018-ci ildə və xx.xx.2013-cü il tarixli, BAL0494811/12 saylı kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdən hesablandıqda iddia müddəti xx.xx.2019-cu ildə bitmişdir.

50. Vərəsəyə münasibətdə iddia müddətinin ötürülməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qeyd olunan müqavilələr üzrə borclu olmuş X3 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2016-cı il tarixdə verilmişdir. İddiaçının həmin məlumatı vaxtında əldə etmək imkanı olmuş, lakin bunun əksini təsdiq edən sübut növünü isə məhkəməyə təqdim etməmişdir. Hətta həmin tarix də nəzərə alındıqda belə iddia müddəti xx.xx.2019-cu il tarixində bitmiş, iddiaçı bank isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür.

51. Qeyd olunanlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

52. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-387/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar