Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1971/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(060)-423/2017 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31R000000153 saylı kredit razılaşması üzrə 23.525 (iyirmi üç min beş yüz iyirmi beş) ABŞ dolları 40 sent məbləğində əsas borc, 4.463 (dörd min dörd yüz altmış üç) ABŞ dolları 06 sent məbləğində faiz borcu və 78 (yetmiş səkkiz) ABŞ dolları 08 sent məbləğində cərimə borcu olmaqla, cəmi 28.066 (iyirmi səkkiz min altmış altı) ABŞ dolları 54 sentin ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli, 2(105)-1616/2017 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(060)-423/2017 saylı qətnaməsi əsas borc məbləğinin tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31R000000153 saylı kredit razılaşması üzrə müştərək qaydada tutulmalı olan əsas borc pulunun məbləği azaldılaraq 23235 (iyirmi üç min iki yüz otuz beş) ABŞ dolları, 56 (əlli altı) sent müəyyən edilməklə pulun ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla alınaraq İddiaçı QSC-ə verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra oluması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 18 dekabr 2017-ci il tarixli icraata başlamaq haqında qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2017ci il tarixli, 2(105)-1616/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. 21 aprel 2021-ci il tarixdə Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(105)-1971/2021 saylı qərardadı ilə Cavabdeh1 apelyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 apelyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qətnaməsinin qanuni və əsaslığı bütövlükdə yoxlanılmış və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli, 2(105)-1616/2017 saylı qətnaməsi ilə iddia tələbinə ümumilikdə hüquqi münasibət bildirilmişdir. Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərdadında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 12 aprel tarixli Qərarında da göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apelyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Eyni zamanda qeyd etmişdir ki, apelyasiya icraatında bu təminatların tətbiq edilmə üsulu həmin proseslərin konkret xüsusiyyətlərindən asılıdır və bu zaman məhkəmə bütövlükdə dövlətdaxili hüquq sistemində həyata keçirilən proseslər, apelyasiya instansiyası məhkəməsinin hüquqi və praktiki funksiyaları, eləcə də tərəflərin səlahiyyətləri və onların maraqlarının hansı üsulla təmsil olunması və müdafiə edilməsini nəzərə almalıdır. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən məhkəməyə müraciət etmək hüququ mütləq hüquq hesab edilmədiyindən məhdudlaşdırıla bilər. Lakin məhdudiyyətlər bu hüququn icrasını onun əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda məhdudlaşdırmamalıdır. Onlar qanuni məqsəd daşımalı və istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında müvafiq mütənasiblik olmalıdır (Qeren Fransaya qarşı və Omar Fransaya qarşı işləri üzrə qərarlar). Qeyd edilənlər baxımından məhkəmə kollegiysı belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş qətnamə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi qətnamədən kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli, 2(105)-1616/2017 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(060)-423/2017 saylı qətnaməsi əsasında 24 iyun 2014-cü il tarixli, 31L000000133 saylı kredit müqaviləsi və 31R000000153 saylı kredit razılaşması üzrə müştərək qaydada tutulmalı olan əsas borc pulunun məbləği azaldılaraq 23235 (iyirmi üç min iki yüz otuz beş) ABŞ dolları, 56 (əlli altı) sent müəyyən edilməklə pulun ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla alınaraq İddiaçı QSC-ə verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri İcra İdarəsinə göndərilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış 24 iyun 2014-cü il tarixli, 31L000000133 saylı kredit müqaviləsi və 31R000000153 saylı kredit razılaşması üzrə cavabdehlər tərəfindən ödənilməli borc məbləği artıq müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apelyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə apelyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365 və 366.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(060)- 423/2017 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1971/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1971/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver