Məhkəmə qərarları › İş №2(105)-1971/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1971/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1971/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-593/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2013-cü il tarixli CC0100927U/13U saylı İstehlak Krediti Müqaviləsindən görünür ki, X1na İddiaçı ASC tərəfindən illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3700 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı Kredit Sazişindən görünür ki, X1na İddiaçı ASC tərəfindən illik 28 faiz ödənilməsi şərti ilə xx.xx.2015-ci il tarixədək 1000 manat məbləğində kredit verilmişdir.

3. xx.xx.2014-cü il tarixli balansdan kənar kassa məxaric orderindən görünür ki, 1 ədəd Visa PosCusCard X9 tərəfindən qəbul edilmişdir.

4. xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı Kredit Kartı üzrə X8 görünür ki, X1na İddiaçı ASC tərəfindən 500 manat məbləğində kredit xətti açmışdır.

5. xx.xx.2013-cü il tarixli balansdan kənar kassa məxaric orderindən görünür ki, 1 ədəd BalCards X9 tərəfindən qəbul edilmişdir.

6. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X4 İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli CC0100927U/13U saylı İstehlak Krediti Müqaviləsinə əsasən 860.51 ABŞ dolları əsas və 1237.71 ABŞ dolları faiz borcu, xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı Kredit Kartı üzrə X10 əsasən 375.06 manat əsas, 598.07 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı Kredit Sazişi üzrə 563.3 manat əsas, 922.95 manat fazi borcu vardır.

7. X1 xx.xx.2015-ci il tarixdə ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2013-cü il tarixli, CC0100927U/13U saylı müqaviləyə əsasən 860.51 ABŞ dolları əsas, 1237.71 ABŞ dolları faiz, xx.xx.2013-cü il tarixli, BAL0906311/13 saylı müqaviləyə əsasən 375.06 manat əsas, 598.07 manat faiz borcunun, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı müqaviləyə əsasən 563.3 manat əsas, 922.95 manat faiz borcunun, cəmi 2098.22 ABŞ dolları və 2459.38 manat borcun və 81 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, CC0100927U/13U saylı müqavilələrə əsasən bank ona 3700 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, BAL0906311/13 saylı digər müqaviləyə görə 500 manat, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı müqaviləyə əsasən 1000 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X4 Banka ümumi olaraq 2098.22 ABŞ dolları və 973.13 manat borcu vardır. X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 X4 qanuni vərəsələridirlər. X9 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X5 verilmiş **********18-05***-******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.29 kv/m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa) ibarətdir.

10. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-593/2023 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən tutulması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373, 375.2, 376, 377.2, 378-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-593/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-593/2023 saylı qətnaməsi maddi hüquq normasının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, X1nun qanun üzrə 1-ci dərəcəli vərəsələri onun İddiaçı ASC-yə kredit borcu olması barədə məlumatlı olmuşlar. Təşkilatı hüquqi formasından asılı olmayaraq heç bir hüquqi şəxs fiziki şəxsin fərdi məlumatlarını onun razılığı olmadan əldə edə bilməz. X4 ölüm haqqında şəhadətnaməsi məhz onun vərəsələri tərəfindən təqdim olunmuşdur (bank həmin sənədi başqa cür əldə edə bilməzdi). Həmçinin, xx.xx.2017-ci ildə vərəsəlik işinin açılması və miras əmlakın vərəslərin adına rəsmiləşdirilməsinə dair Banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı,vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumatı isə 2022-ci ildə məlumatlı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsi isə vərəslik barədə məlumatı əldə etmək öhdəliyini bankın üzərinə qoyaraq iddia tələbinə qərəzli mövqe bildirmişdir. Halbuki, mülki normadan da görmək olur ki, bu öhdəlik mirası qəbuledən şəxsin öhdəliyidir. Sumqayıt Şəhər Məhkəməsi Mülki Məcəllənin 372-373 və 374.1-cü maddəsinə istinad edərək müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq olunmasını əsas götürmüşdür. Məsələ ondan ibarətdir ki, 372-373 və 374.1-ci maddəsi yalnız müqavilə üzrə tərəf olmuş şəxslərə münasibətdə iddia müddətinin tətbiqini şərtləndirir. Yəni İddiaçı ASC və X9 arasında tərəflərin bağladığı müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımı qaydada icra etmədiyi təqdirdə hər iki tərəfə müqavilə üzrə pozulmuş hüquqlarının bərpası üçün 3 illik iddia müddətinin olmasını ehtiva edir. Vərəsədən tələbləri miras əmlak üzrə miras aktivini qəbul etməsi anında yaranmışdır və bu hissə də hər hansı iddia müddətinin tətbiqi düzgün deyildir. Təsadüfü deyildir ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "AzərbaycanRespublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər Mülki Məcəllənin1310-cu maddəsi ilə Kreditorların tələblərinin irəli sürülməsi müddəti mövcud olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda hər biri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Apellyasiya şikayətindən görünür ki, İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-593/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

25. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, xx.xx.2013-cü il tarixli CC0100927U/13U saylı müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablandıqda, iddia müddəti 25 dekabr 2018-ci ildə, xx.xx.2014-cü il tarixli, PC9709327/14 saylı müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablandıqda, iddia müddəti 31 dekabr 2018-ci ildə, xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı Kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdən hesablandıqda, iddia müddəti xx.xx.2019-cu ildə bitmiş, iddiaçı bank isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Eyni zamanda, iddiaçı bank, X3 miras qalan Sumqayıt şəhəri, 17-ci mkr, ev 38B, 14 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tarixindən - xx.xx.2017ci il tarixdən də 5 ildən sonra məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini təmin etməmişdir.

29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqavilələri üzrə müddətin bitməsi anından hesablanmalıdır.

40. Bundan başqa qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

41. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

42. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-593/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar