Məhkəmə qərarları › İş №2(105)-198/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-198/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-198/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(060)-532/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(060)-532/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 08.02.2018-ci il tarixli kredit müqaviləsi üzrə 20000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 08 fevral 2018-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsi ilə müəyyən edilən 20000 manat məbləğində pulun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Elgiz İsmayilov onun tanışı olmuşdur. Onlar razılaşmışdılar ki, Cavabdeh ona Gürcüstan Respublikasından 20000 manat dəyərində olan “Rang Rover” markalı avtomobil gətirəcəkdir. Pulun Cavabdeh verilməsini təsdiq etmək üçün 8 fevral 2018-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsi bağlamışdılar. Kredit müqaviləsinin 1-ci bəndində onun Cavabdeh 20000 manat pulu borca verdiyi göstərilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan kreditə götürdüyü məbləği 08.08.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləninn 9-cu bəndində tərəflər arasında mübahisələrin onların razılığı ilə həll olunduğu, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunduğu qeyd edilmişdir. Müqavilədən irəli gələn şərtlərdən görünür ki, cavabdeh 20000 manat borc pulu hələ 08 fevral 2018-ci il tarixinədək qaytarmalı idi. Cavabdeh “Rang Rover” markalı avtomobili ona gətirmədiyinə görə borc formasında verilmiş pulun qaytarılmasını xahiş etmişdi. Buna baxmayaraq cavabdeh hər dəfə pulu geri qaytarmaqdan boyun qaçırır. Bununla da nə avtomobili ala bilmir, nə də cavabdehə verdiyi 20000 mantı geri ala bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona lazımi qaydada rəsmi məlumat verilməmiş, iddia ərizəsinin surəti ona təqdim olunmamış, ona qarşı verilən iddianın mahiyyətindən tam məlumatsız olmuş, bu səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməmiş, ona qarşı verilən iddiaya qarşı öz dəlil və mülahizələrini təqdim edə bilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən mülki işə baxılarkən çəkişmə prinsipi pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməklə qətnamə qəbul edilmişdir. Belə ki, əslində həmin kredit müqaviləsi uydurma əqddir, iddiaçı ona 20000 manat deyil, 10000 manat pul vermişdir. Araların razılaşma belə olmuşdur ki, iddiaçı ona 10000 manatı sələm şəklində faizlə borc verir və həmin pulu 6 ay müddətində qaytardıqdan sonra əlavə olaraq 2600 manat faiz ödəməlidir. Digər 10000 manat pulu isə onu iddiaçı ilə tanış edən özünün yaxını Rövşən Babayevə vermişdir. Rövşən Babayev cəzaçəkmə müəssisəsindən şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmuş şəxsdir. Rövşən Babayev onu iddiaçı ilə tanış etmişdir ki, iddiaçı ona faizlə 10000 manat borc pul versin. Notariusda müqavilə imzalanarkən Rövşən Babayev şəxsiyyət vəsiqəsini özü ilə gətirmədiyini bildirmişdir. Belə olan halda iddiaçı və Rövşən Babayev ondan xahiş etmişdilər ki, iddiaçı ona və Rövşən Babayevə hər birinə 10000 manat pul verir, lakin şəxsiyyət vəsiqəsi olmadığı səbəbindən Rövşən Babayev kredit müqaviləsini imzalaya bilmədiyi üçün onunla bağlanmış kredit müqaviləsində 20000 manat qeyd edilsin və həmin pulun 10000 manatını və 2600 manat faizini o, 10000 manatı və əlavə faizlərini isə Rövşən Babayev iddiaçıya qaytaracaqdır. 08 fevral 2018-ci il tarixdə iddiaçı ilə onun arasında Bakı şəhəri 30 saylı notariat kontorunda kredit müqaviləsi imzalanmış, iddiaçı notariusun iştirakı ilə ona heç bir pul verməmişdi. Müqavilə bağlanıb notariat kontorundan çıxdıqdan sonra iddiaçı ona 10000 manat, Rövşən Babayevə də 10000 manat pul vermişdi. İddiaçı ilə onun arasında bağlanmış 08 fevral 2018-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndində 20000 manat borc məbləği qeyd olunsa da, faktiki surətdə ona 20000 manat pul verilməmişdir. İddiaçı müqavilə tərəfi kimi müqavilə ilə üzərinə götürdüyü şərti tam icra etməyərək müqavilə imzalandıqdan sonra ona 10000 manat pul vermiş, qalan 10000 manatı Rövşən Babayevə vermişdir. İddiaçı məhkəməyə iddia ərizəsi verməsindən xeyli qabaq o, iddiaçıya şəxsən və Rövşən Babayev vasitəsi ilə 9670 manat pul qaytarmışdır. Hazırki vaxta onun iddiaçıdan faktiki şəkildə aldığı 10000 manat borc puldan ödədiyi 9760 manat çıxıldıqdan sonra onun iddiaçıya 360 manat borcu qalmışdır. 08 fevral 2018-ci il tarixli kredit müqaviləsi uydurma əqddir, İddiaçı müqavilədə tərəf kimi adı qeyd olunmayan üçüncü şəxs X3 ilə birgə aldatma yolu ilə onu 08 fevral 2018-ci il tarixli kredit müqaviləsini imzalamağa təhrik edərək fayda götürmək məqsədi ilə ona kredit müqaviləsini imzalatmışlar. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 08 fevral 2018-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda təsdiq edilərək 3M-59 sayla reyestrdə qeydə alınmış kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 20000 manat məbləğində pul borc vermiş, borc alan krediti 08.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Şamaxı Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(074)-131/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı, üçüncü şəxslər X3 və Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.08.2021-ci il tarixli, 2(105)-2405/2021 saylı qətnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-131/2021 saylı, 01.03.2021-ci il tarixli, qətnaməsi iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış 08.02.2018-ci il tarixli kredit müqaviləsinin 3-ci bəndinə əsasən Cavabdeh İddiaçı borc aldığı 20000 manat məbləğində pulu 08.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh borc aldığı 20000 manatı 08.08.2018-ci il tarixədək iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində onun iddiaçıya 360 manat borcu qaldığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçıya 360 manat borcunun qaldığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclaslarının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilmədiyindən məhkəmə iclaslarında iştirak edə bilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, 09.01.2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 01.03.2021-ci i tarixli, 2(074)-131/2021 saylı qətnaməsi ilə tam təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(060)-532/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar