Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1982/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızının nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızına qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-166/2022 saylı qətnaməsindən iş üzrə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızına qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılova (Rüstəmova) Rita Məcid qızından bankın xeyrinə 2015-ci il 23 iyun tarixli kredit müqaviləsi üzrə 23826,3 ABŞ dolları əsas, 27333,46 ABŞ dolları faiz, 5667,18 ABŞ dolları cərimə və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2202,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 59029,29 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutulması, tutmanın İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şəxslərin həmin evdən çıxarılmaları, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-166/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İsmayılova (Rüstəmova) Rita Məcid qızından 22351,57 ABŞ dolları məbləğində əsas, 20999,20 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 2067,52 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 45468,29 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 55200 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İsmayılova (Rüstəmova) Rita Məcid qızının İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızının həmin evə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin həmin evdən çıxarılması və evin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Məlahət Abbasova). Həmin qətnamədən cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(012)-166/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Elman Məmmədov). Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1982/2023 nömrəli qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızının nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi səxs tərəfindən bankdan kredit 36 ay müddətinə götürülüb, müqavilənin müddəti 2018-ci ilin noyabr ayıdır. Tələb olunan borc ilə banka olan borc arasında kəskin fərq var. Aylıq 932 ABŞ dolları ödəməli idi, ödəmələri hesablayanda 33535, 12 ABŞ dolları olmalıdır. Həmin məbləğin içində həm əsas borc, həm də faiz borcu var. Lakin 43350,77 ABŞ dolları tələb edilir. Həmçinin ipoteka predmetinin qiymətləndirilməsindən narazıdır. Həmin ərazidə bir sot torpağın qiyməti 15000 manatdır. Torpaq sahəsi 2 sotdur. Üzərində də 2 mərtərəbli, 6 otaqlı ev var. Cavabdeh uzun müddətdir Rusiya Federasiyasında yaşayır, evi qiymətləndirilməsi qeyri-mümkündür. Cavabdeh 2023-cü ilin avqustun 4-də respublikaya qayıdarkən hava limanında saxlanılarkən məlumatlı olub. Qətnaməni 05 avqust 2023-cü il tarixdə alıb. Əvvəlki apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmayıb. Cavabdeh ölkə xaricinə gedəndə bir şəxs özünü vəkil kimi təqdim edib, külli miqdarda pulunu alıb. Etibarnamə sonradan ləğv edilib. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 bildirdi ki, cavabdeh məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(012)-166/2022 saylı qətnaməsi mübahisələndirib. Məhkəmə iclasında cavabdeh ərizə ilə müraciət edərək ekspertiza təyin edilməsini xahiş edir. Lakin işlə tanış olarkən iş materiallarında qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə ilə rastlaşmamışdır. Apellyasiya şikayətində isə qətnamənin 31 avqust 2023-cü il tarixdə alındığı qeyd olunur. Halbuki artıq xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 1982/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli və, qətnamədən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilibverilməməsi məsələsi müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, hazır ki işdən görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi iş üzrə cavabdehə xx.xx.2022-ci il tarixdə göndərilmiş, cavabdehə göndərilmiş məktub “ünvan tapılmadı” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. İşdən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini poçt vasitəsi ilə məhkəməyə göndərmiş, xx.xx.2023-cü il tarixdə məhkəmətə daxil olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmədiyindən, eləcə də qanunla müəyyən edlmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə aktını almadığını, ona rəsmi qaydada verilməsini xahiş etmiş, məhkəmə qətnaməsinin xx.xx.2023-cü il tarixdə alması barədə qəbzə imza atmışdır. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək qətnamənin ona tədqim edilməsini xahiş etmiş, qətnamənin xx.xx.2023cü il tarixdə alması barədə qəbzə imza atmış, eyni zamanda apellyasiya şikayətində qətnamənin alınma tarixini xx.xx.2023-cü il tarixi kimi qeyd etmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili cavabdehin xx.xx.2023-cü il tarixdə ölkəyə qayıdarkən hava limanında polis tərəfindən saxlanılarkən qətnamədən məlumatlı olmasını bildirmişdir. Bu hal iddiaçı təşkilatın nümayəndəsi tərəfindən mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamənın cavabdeh tərəfindən alınmasının tarixi barədə ziddiyyətlər mövcuddur, bu hal apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi məsələsinin aydınlaşdırılması üçün zəruridir. Belə ki, qeyd edilən hal müəyyən edildikdən sonra apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, eləcə də şikayətin müddət ötürülməklə verildiyindən geri qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməlidir. Lakin birinci instansiya məhkəməsi qətnamənin cavabdeh tərəfindən hansı tarixdə alınması məsələsi aydınlaşdırılmamış, qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilməsini, xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edildikdən sorna qətnamənin xx.xx.2023-cü il tarixdə alınmasını, xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayətində qətnamənin alınma tarixinin xx.xx.2023-cü il kimi qeyd edilməsini nəzərə almamış, mülki iş materiallarını baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilib-verilməməsi məsələsi müzakirə edilmədiyindən və bu halla bağlı ziddiyyətlər mövcud olduğundan qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən AR Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, qətnamədən şikayət verilmə müddətinin ötürülüb-ötürülməməsi məsələsini araşdırmamış, şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-166/2022 saylı qətnaməsindən iş üzrə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı tərəfindən verilmiş apellyasiya şikayəti şikayət apellyasiya baxışından çıxarmaqla, şikayət mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından və həmin qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərаrааldı:
Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(105)-1982/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-166/2022 saylı qətnaməsindən iş üzrə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-166/2022 saylı qətnaməsindən iş üzrə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.