Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-271/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(060)-776/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 522/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, 33982,96 manat əsas borc, 941,24 manat faiz borcu olmaqla, ümumilikdə, 34924 (otuz dörd min doqquz yüz iyirmi dörd) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, tutma Cavabdeh məxsus ünvan 1-də yerləşən 42 nömrəli mənzilə yönəldilməsi və mənzil açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcu ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılması, ünvan 1-də yerləşən 42 nömrəli mənzilin ilkin satış qiyməti 48750 (qırx səkkiz min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 300 (üç yüz) manat qiymətləndirmə xərci Cavabdeh tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 522/ZBGF saylı kredit müqaviləsinin ləğv olunması, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 33982,96 manat əsas borc, 941,24 manat faiz borcu, ümumilikdə, 34924,2 manat məbləğində borcun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh iddiaçının xeyrinə tutulması, cavabdehə məxsus ünvan 1 ünvanındakı 42 saylı mənzilə tutumanın yönəldilməsi, açıq hərracda satılması, borcun həmin satışdan əldə edilən vəsait hesabına ödənilməsi, həmin vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması və cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gənclik filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 522/ZBGF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 1 ünvanındakı 42 saylı mənzilin alınması məqsədilə 216 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 38000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdeh xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin Gənclik filialı və satıcı X6 ilə 522/ZBGF/1 saylı alqı-satqı və ipoteka müqaviləi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixinə 33982,96 manat əsas borc, 941,24 manat faiz borcu olmaqla, ümumilikdə, 34924,2 manat məbləğində borcu vardır. xx.xx.2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş və "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli xidmət müqaviləsinə əsasən "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri iddiaçıya təhkim edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız, qanunsuz və ədalətsizdir. Məhkəmə ipoteka müqaviləsi üzrə borcun əmələ gəlməsi səbəblərini araşdrımamışdır. Kreditin götürüldüyü və müqavilənin bağlandığı müddətdən sonrakı iqtisadi böhran və son zamanlar Respublikada pandemiya şəraitində iş yerlərinin bağlanması və vətəndaşların gəlirlərinin məhrum olmasını ümumiyyətlə nəzərə almamışdır. Bundan başqa hazırda həmin mənzildə qeydiyyatda olan və yaşayan şəxslərin mənafeyi nəzərə alınmayaraq ipoteka saxlayan tərəfindən heç bir tədbir görülməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin şəxslərin mənzildə qeydiyyatda olmaları araşdırılmamışdır. Çünki iş materiallarından göründüyü kimi mənzilin satılmasına onalrın razılıq verib-verməmələri aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliklərini icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, sonuncu qətnaməni iddia tələbinin kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1-də yerləşən 42 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh verdiyi apellyasiya şikayətinin dəlili kimi borcun əmələ gəlməsinin kreditin götürüldüyü və müqavilənin bağlandığı müddətdən sonrakı dövrdə iqtisadi böhranın, eləcə də son zamanlar pandemiya şəraitinin olmasının nəzərə alınmadığı, o cümlədən mənzildə qeydiyyatda olan şəxslərin cəlb edilməklə mənzilin satılmasına razılıq verib-verməməsinin aydınlaşdırılmamasına istinad etmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 319.1. və 319.6. maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, mövcud kredit müqaviləsi 2015-ci ildə bağlanmış və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə, yəni pandemiya başlamazdan əvvəl cavabdehin mövcud müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməməsinə görə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442, 269, 319.1, 319.6-cı maddələri, “İpoteka haqqında” Qanunun 33-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməklə, mənzilin açıq hərracda satılması barədə iddia qaldırmaqda haqlı olmuş, birinci instansiya məhkəməsi də bu hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.1., 425.2. maddələri). Məhkəmə kollegiyası həmçinin cavabdehin mənzildə qeydiyyatda olan şəxslərin mənafelərinin nəzərə alınması barədə ipoteka saxlayan tərəfindən heç bir tədbir görülməməsinin məhkəmə tərəfindən araşdırılmaması, həmin mənzildə olan ailə üzvlərinin maraqlı şəxs kimi cəlb olunmaları, onların qeydiyyatda olduqlarını, mənzilin satılmasına razılıq verib-verməmələrinin aydınlaşdırılmaması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı mövcud iddia tələbinin predmeti deyildir, bunun üçün bankın hansısa bir tədbir görməməsi iddiaçıya kredit müqaviləsi üzrə borcun və bunun təminatı olan ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etməsi hüququnu aradan qaldırmır. Bu baxımdan məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-271/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-271/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver