Məhkəmə qərarları › İş №2(105)-557/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-557/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-557/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə2, X1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızına qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın qismən təmin edilməsi, İsmayılova (Rüstəmova) Rita Məcid qızından 22351,57 ABŞ dolları məbləğində əsas, 20999,20 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 2067,52 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 45468,29 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 55200 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İsmayılova (Rüstəmova) Rita Məcid qızının İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızının həmin evə istifadə hüququ itirilmiş hesab edilməsi, cavabdehin həmin evdən çıxarılması və ev boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaitinin 15 manat hissəsi İddiaçı ASC-dən, 35 manat hissəsi İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızına qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılova (Rüstəmova) Rita Məcid qızından bankın xeyrinə 2015-ci il 23 iyun tarixli kredit müqaviləsi üzrə 23826,3 ABŞ dolları əsas, 27333,46 ABŞ dolları faiz, 5667,18 ABŞ dolları cərimə və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2202,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 59029,29 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutulması, tutmanın İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şəxslərin həmin evdən çıxarılmaları, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC) “MXM” filialı ilə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı arasında bağlanmış 23 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 25% dərəcəsi ilə 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq İsmayılova (Rüstəmova) Rita Məcid qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evi 25 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərində, habelə onun ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlində kredit borcunun faizləri ilə birlikdə hansı müddətdə və qaydada ödənilməsi göstərilmişdir. Lakin İsmayılova (Rüstəmova) Rita Məcid qızı tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında mövcud olan öhdəliklər lazımınca icra edilmədiyindən, onun 29 mart 2021-ci il tarixə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən İsmayılova (Rüstəmova) Rita Məcid qızına xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığından bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İsmayılova (Rüstəmova) X5 Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən - ˝ İsmayılova (Rüstəmova) Rita Məcid qızından 22351,57 ABŞ dolları əsas borcun, 20999,20 ABŞ dolları faiz, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 2067,52 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu olmaqla, cəmi 45468,29 ABŞ dolları˝ hissəsində dəyişdirilərək İsmayılova (Rüstəmova) Rita Məcid qızından 22351,57 ABŞ dolları əsas borcun, 11233,55 ABŞ dolları faiz borcu olmaqla cəmi 33585,12 ABŞ dolları˝ kimi müəyyən edilməsi; Tutmanın İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İsmayılova (Rüstəmova) Rita Məcid qızının İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qət edərkən işin obyektiv hallarına diqqət etməmişdir. Belə ki, İddiaçı ASC ilə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı arasında kredit müqaviləsi 23 iyun 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. 25 noyabr 2015-ci il tarixli 1-G1-1-0-452-15 №-li kredit müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, borcalanın banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda hər ay 932,92 ABŞ dolları məbləğində olmaqla ödəməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlində müqavilə üzrə borcun ödənilməsinin sonuncu günü 23 may 2019-cu il tarixi müəyyən edilmişdir. Cavabdeh tərəfindən ödəniş ödənilmədiyi halda iddiaçı tərəf müqavilənin bitməsinin son gününü gözləmiş, hətta ümidsiz borc statusu almış kredit borcuna görə xx.xx.2021-ci il tarixdə, yəni 22 ay 6 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəf borcun suni şəkildə şişirdilməsinə nail olmuşdur. Müqavilənin ödəniş cədvəlindən məlum olur ki, cavabdeh 36 ay müddətinə aylıq 932.92 ABŞ dolları məbləğində ödəniş etməliydi. Belə olan halda 932.92*36=33585.12 ABŞ dolları məbləğində cavabdeh banka (əsas və faiz) borc ödəməli idi. Lakin ekspertiza rəyinə əsaslanan məhkəmə cavabdehin banka olan borcunu (əsas və faiz) 43350,77 ABŞ dolları müəyyən etmişdir. Burdan məlum olur ki, iddiaçı tərəf 433xx.xx-33585.12=9765.65 ABŞ dolları məbləğində artıq borc tutulmasına nail olmuşdur. İkincisi, 2015-ci il tarixdə bağlanmış müqavilədə kreditin təminatı kimi ipoteka yüklü edilmiş daşınmaz əmlakın dəyəri 63000 manat məbləğində dəyərləndirilmişdir. Azərbaycan Respublikasının daşınmaz əmlak bazarının statistikası ilə tanış olduqda məlum olur ki, hər il daşınmaz əmlak bazarında qiymətlər artan templə davam etmişdir. Belə olan halda 2015-ci il tarixdə 63000 manat məbləğində dəyərləndirilmiş (nəzərə almaq lazımdır ki, adətən banklar əmlakı real bazar dəyərindən 20% və daha aşağı qiymətlər ilə dəyərləndirir) daşınmaz əmlakın 2021-ci ildə dəyəri aydın məsələdir ki, daha yüksək olmuşdur. Misal kimi göstərə bilər ki, 2015-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisində təkcə 0,01 ha. torpaq sahəsinin likvid dəyəri 15000 (on beş min) manat olmuşdur. Bu qiymət 2021-ci ildə 18000- 20000 manat arasında olmuşdur. Lakin “X3 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 12 oktyabr 2021-ci il tarixli, 129 nömrəli mütəxəssis rəyini hazırlayarkən hansı kriteriyalardan çıxış edərək daşınmaz əmlakın likvid dəyəri 6 ildən sonra artırmaq əvəzinə əksinə azaldaraq fərdi yaşayış sahəsinin likvid dəyərini 55200 (əlli beş min iki yüz) manat olduğunu müəyyən etdiyi məlum deyil. Ümumiyyətlə, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasında olmamışdır. Bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə prosesləri çəkişmə prinsipinə uyğun getməmişdir. Bu səbəbdən də cavabdeh ekspert və mütəxəssis rəylərinə öz münasibətini bildirə bilməmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarından görünür ki, bank cavabdehə qarşı kredit müqaviləsi üzrə əsas borcla yanaşı, faiz borcunu müqavilə müddətinin sonuna qədər, yəni xx.xx.2019-cu il tarixinə olan faiz borcunu tələb edə bilərdi. Sadalanandan görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-166/2022 nömrəli qətnaməsində əsas və faiz borcu məbləğini artırmaqla və daşınmaz əmlakın likvid dəyərini azaltmaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Bununla birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh Rita Rüstəmova apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin faiz, dəbbə pulu, əldən çıxmış fayda və əmlakın likvid dəyəri hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şəxslərin həmin evdən çıxarılmaları, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC) “MXM” filialı ilə cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızı arasında 23 iyun 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə 24000 ABŞ dolları kredit verilmiş, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də 25 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Cavabdeh apellyasiya şikayətində faiz məbləğinin artıq hesablandığını, iddiaçının müqavilənin bitməsinin son gününü gözlədiyini, hətta xx.xx.2021-ci il tarixdə, yəni 22 ay 6 gün keçdikdən sonra məhkəməyə müraciət edərək borcun süni şəkildə şişirdildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 9/9172 saylı müvafiq rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 23 iyun 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq İsmayılova (Rüstəmova) Rita Məcid qızının İddiaçı ASC-yə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə və maliyyə arayışında borcun hesablandığı tarixə (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan etibarən 5 faiz dərəcəsi ilə hesablanmaqla) olan borcu - kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borc üzrə 22351,57 ABŞ dolları və faiz borcu üzrə 20999,20 ABŞ dolları, maliyyə arayışında borcun hesablandığı tarixə əsas borc üzrə 22351,57 ABŞ dolları və faiz borcu üzrə 23066,72 (20999,20 + 2067,52) ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə borcları qaldığı öz təsdiqini tapır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı həmin hissədə təmin, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əsasən cəriməni azaldaraq 50 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşdən görünür ki, məhkəmə tərəfindən ipotekanın likvid dəyəri müstəqil qiymətləndiricinin rəyi ilə müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin bu dəlili də formal mülahizədən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kolllegiyası xüsusi olaraq qeyd edir ki, qeyd olunan məhkəmə aktı qüvvəyə mindikdən sonra icraya yönəldilərək, nəticədə mübahisə predmeti təşkil edən daşınmaz əmlak icra qaydasında iddiaçının (tələbkarın) mülkiyyətinə keçdikdən sonra xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən digər şəxs Zaman Paşayevə satılaraq cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldiyindən, hazırki vəziyyətdə yeni faiz məbləğinin və əmlakın likvid dəyərinin müəyyən edilməsi qanuni hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar