Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1983/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və digər tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(060)-1953/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən torpaq sahələri arasında daş hasarın çəkilməsinə sərf olun 300 manatın, həmçinin razılaşmada nəzərdə tutulandan 0,7 sot az torpaq sahəsi satdığına görə az satılan torpaq qədər torpağın ayrılaraq verilməsi, həmin torpağın ayrılaraq verilməsi mümkün olmadıqda 0,7 sot torpağa görə 6000 manatın, ödənilmiş 84 manat dövlət rüsumunun, cəmi 6384 manatın tutularaq ona ödənilməsi və habelə toyuq hininin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi ev almaq istəmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə ünvanında yaşayan cavabdeh ona özünə məxsus 2,3 sot torpaq sahəsinin içində 2 otaqlı ev satdığını bildirmişdir. Razılaşmaya görə cavabdeh həyətinin 2,3 sot hissəsini ona 21 mart 2021-ci ildə 24000 manata satmışdır. Bu barədə onunla cavabdeh və Alı Vəliyev (qonşu) arasında yazılı sənəd tərtib edilmişdir. Lakin cavabdeh ona razılaşdıqları qədər torpaq sahəsi ayırmamışdır. Ayırdığı torpaq sahəsi razılaşmada göstəriləndən 0,7 sot az olmuş, yəni 1,6 sotdan ibarətdir. Tərəflər arasında şifahi razılaşmaya görə onunla cavabdehin torpaq sahələrini ayıran daşdan hörülmüş hasara birgə pul qoyulmalı idi. Lakin cavabdeh şifahi razılaşmaya əməl etməmiş, ortaqlı xərcin ona aid hssəsini ödəməkdən imtina etmişdir. Nəticədə o, hasarın çəkilməsi üçün 650 manat pul ödəmişdir. Həmin pulun 300 manatını cavabdeh ödəməli olduğundan bundan imtina etmişdir. O, cavabdehdən razılaşmaya əməl edərək ona 2,3 sot torpaq sahəsinin ayrılmasını tələb etmiş, torpaq sahəsini ayırmadığı halda 0,7 sot torpağa görə ona 6000 manat ödəniş etməsini tələb etmişdir. Lakin cavabdeh ona 2,3 sot torpaq sahəsi ayrılmadığı halda 0,7 ha torpağa görə 6000 manat ödəməkdən imtina edir. Həmçinin cavabdeh evin qarşı tərəfində toyuq hini tikib orada toyuq saxlayır. Toyuq yaşadıqları fərdi evin hasarına bitişik olduğuna və evdən 1 metr məsafədə yerləşdiyinə görə mənzildə oturmaq mümkün olmur. O, dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq etsə də, cavabdeh toyuq hininin sökülməyəcəyini bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(060)-1953/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 6300 (altı min üç yüz) manat pulun, 50 (əlli) manat dövlət rüsumu və müstəqil qiymətləndiriciyə ödənilmiş məbləğin 200 (iki yüz) manatının Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-2-2(119)-580/2022 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsinin onun tərəfindən guya az ölçüdə ona satılmasına görə ona vurulmuş ziyan da daxil olmaqla 6384 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsini və toyuq hininin onun hesabına sökülməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasına əsasən "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli ekspert rəyinə görə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 1,65 ha olduğu və onun tərəfindən hasarın çəkilməsinə guya 1200 manat pul vəsaitinin xərcləndiyi bildirilmişdir. Halbuki, sözügedən ekspertiza keçirilərkən onun iştirakı təmin edilməmiş, həm onun, həm də iddiaçının istifadəsində olan torpaq sahələrinin hüquq müəyyənedici sənədlərinin olmaması və torpağın deyil, özbaşına tikili olan fərdi yaşayış evinin onun tərəfindən iddiaçıya satıldığı nəzərə alınmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, iddiaçıya 24 000 manata torpaq sahəsini deyil, özünün inşa edərək uzun müddət istifadə etdiyi 2 otaqlı fərdi yaşayış evini satmışdır. Belə ki, o, uzun illərdir istifadəsində olan torpaq sahəsində iki fərdi yaşayış evi inşa etmişdir ki, onlardan birində o, özü ailəsi ilə yaşayır, digər fərdi yaşayış evini isə başqa şəxslərin kirayəsinə verirmişdir. Bir müddət əvvəl pula ehtiyacı yarandığından kirayəyə verdiyi 2 otaqlı 56 kvadrat metr sahəsi olan fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Bu minvalla da iddiaçı ilə tanış olmuş, ona yaşamağa evinin olmadığını bildirərək sözügedən fərdi yaşayış evini almaq istədiyini bildirmiş, əvvəlcə özü tərəfindən, sonradan isə həyat yoldaşı ilə birlikdə evə baxılmış, evi bəyənərək almağa razılıq vermişdir. O, da satdığı evin yerləşdiyi torpaq sahəsi hissəsini ona göstərərək hasarın haradan çəkilməli olduğunu da ona bildirmiş, çünki qalan torpaq sahəsi onun özünün yaşadığı evin həyətini təşkil edirdi. Evin sənədi olmağından aralarında da yazılı qəbz tərtib etmişlər ki, həmin qəbzin tərtibi zamanı da torpağın ölçüsü formal olaraq 230 kvadrat metr olaraq göstərilmişdir. Belə ki, o, iddiaçıya torpağı deyil, evi satdığından torpağı da gözəyarı olaraq təxminən 230 kvadrat metr olaraq göstərmiş, çünki istifadə etdiyi torpağın hüquq müəyyənedici sənədləri olmadığından həmin torpağın dəqiq ölçüləri və koordinatlarını da müəyyən etmək mümkün deyildir və ev satılarkən torpaq ölçülməmiş vəziyyətdə iddiaçıya verilmişdir. Lakin sonradan iddiaçı onun işdə olduğu vaxtda birtərəfli qaydada onun yaşadığı evlə və torpağı ilə ona satdığı evi bir-birindən ayıran hasar çəkmişdir ki, həmin hasarı da onun göstərdiyi yerdən deyil, bir qədər də irəlidən çəkərək onun istifadəsində qalan torpaq sahəsinin bir hissəsini də öz istifadəsinə qatmışdır. Bundan bir qədər sonra da onun istifadəsində olan torpağın əksik gəldiyini bəhanə edərək ondan pul tələb etməyə başlamış, onun bu tələbini rədd etdiyindən də məhkəməyə sözügedən iddia ərizəsi ilə müraciət etmişdir. Təəssüf ki, məhkəmə tərəfindən işə baxılarkən bütün bu hallar və işdə olan iddiaçının tələblərini təkzib edən sübutlar diqqətə alınmayaraq tərəflərin münasibətləri üzrə səhv qənaətə gəlinmiş, mübahisələndirilən torpaqdan tərəflərin istifadəsinin qanuniliyi və onların arasında mübahisələndirilən torpağın deyil, fərdi yaşayış evinin qeyri-rəsmi alqısatqısının aparılması ilə bağlı məsələlər araşdırılmayaraq həm mübahisələndirilən, həm də onun istifadəsində olan torpaq sahələrinin xüsusi mükiyyətində olmaması və satılmasının mümkünsüzlüyü nəzərə alınmamış, nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi barədə əsassız və yanlış nəticəyə gəlinmişdir. Məhkəmə torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqısı həyata keçirilmədiyi halda qeyrimötəbər rəyə istinad etməklə aralarında tərtib edilmiş kağız parçasını torpaq sahəsinin alqı-satqısının baş tutması kimi dəyərləndirərək əsassız şəkildə torpağın satış qiymətini müəyyən etmiş, alqı-satqının predmeti olmuş fərdi yaşayış evini nəzərə almadan həmin qiyməti əskik gəldiyi iddia edilən torpağın ölçüsünə vurmaqla onun tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğini çıxarmışdır. Göründüyü kimi, məhkəmənin mübahisələndirilən qətnaməsi mülkiyyət hüququna dair hüquq normalarının tələblərinə zidd olaraq çıxarılmışdır. Belə ki, nə o, nə də iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmadığı halda məhkəmə torpağın aralarında baş vermiş alqı-satqı predmeti olduğu qənaətinə gələrək mülkiyyət hüququna dair qanun normalarına zidd qərara imza atmışdır. Mübahisələndirilən torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsi deyil, bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsi hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadə edilən torpaq sahəsidir ki, həmin torpağın satılması qeyri-mümkündür və onun tərəfindən də torpaq sahəsi deyil, onun üzərində öz pulu ilə inşa etdiyi fərdi yaşayış evi olmuşdur. Belə olan halda aydındır ki, məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən onun tərəfindən guya iddiaçıya satdığı torpağın əskik gəlməsi səbəbindən onun tərəfindən ona pul ödənilməsi barədə gəlinmiş nəticə işin hallarına uyğun deyildir və məhkəmənin bu qənaəti qanunazidd sayılmalıdır. Bundan əlavə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, məhkəmə onun iddiaçı qarşısında guya torpaq sahəsinin ona satmağına dair öhdəliyinin əmələ gəlməsi barədə qənaəti kökündən yanlışdır, belə ki, sözügedən torpaq sahəsinin alqı-satqısına dair onların arasında hər hansı yazılı müqavilə bağlanılmamışdır. Onunla iddiaçı arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı müqavilə bağlanılmamış və o, iddiaçı qarşısında bununla bağlı hər hansı öhdəliyi də üzərinə götürməmişdir. Məhkəmə onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya qeyri-rəsmi qaydada satılması ilə bağlı aralarında tərtib edilmiş qəbzi torpağın onun tərəfindən iddiaçıya satılması kimi qəbul etməklə aşkar səhvə və yanlışlığa yol vermişdir. Məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir... Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilənlərdən aydın olur ki, hətta iddiaçı ilə aralarında yazılmış qəbz öhdəlik yaradan sənəd hesab edilsə belə, həmin qəbzin həqiqi məzmunu torpağın deyil, fərdi yaşayış evinin alqı-satqısı kimi qəbul edilməlidir. Məhkəmə isə tamamilə əsassız olaraq sözügedən qəbzi düzgün təfsir etməmiş, torpağın alqı-satqısı kimi təfsir edərək sadalanan maddi hüquq normalarının aşkar pozuntusuna yol vermişdir. İş materiallarında olan ekspert rəyi kimi təqdim olunan sənəddən görünür ki, həmin rəy hər hansı hüquq müəyyənedici sənəd, o cümlədən daşınmaz əmlakın dövlət reyestri məlumatlarına istinad edilmədən tərtib edilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza zamanı ekspertizanın keçirilməsində iştirakları təmin edilməmiş, onun tərəfindən torpağın hüquq müəyyənedici sənədlərinin olmaması barədə bildirdikləri nəzərə alınmamış, ziddiyyətli məqamlar aradan qaldırılmadan ekspert tərəfindən məhkəmənin qoyduğu suallar əsassız şəkildə yanlış olaraq cavablandırılmışdır. Belə ki, məhkəmə ekspert rəyində torpağın koordinatlarının və ölçülərinin qeyd edilmədiyini nəzərə almamış, ekspertin iddiaçının istifadəsində olan torpağın 65 kvadrat metr əskik gəlməsi barədə nəticəsinin hər hansı şəkildə əsaslandırılmadığına əhəmiyyət verməmişdir. Eynilə, ekspertin hasarın tikintisinə iddiaçı tərəfindən guya 1200 manat xərc çəkilməsi barədə bildirdiklərini də əsassız və qərəzli sayır. Belə ki, həmin hasar ekspertin özünün bildirdiyinə görə sahəsi cəmi 165 kvadrat metr olan torpağın bir tərəfindən çəkilmiş hasardır. Bu cür kiçik sahəyə çəkilmiş hasara xərclənmiş pulun 1200 manat olması ağlabatan deyildir. Eyni zamanda iddiaçı öz iddia ərizəsində həmin hasarın çəkilməsinə 650 manat pul vəsaiti xərclədiyini bildirərək həmin pulun yarısı olaraq 300 manatının ondan tutulub verilməsini tələb etmişdir. Halbuki, iddiaçının göstərdiyi 650 manat rəqəmi belə həmin hasarın çəkilməsi xərcinin şişirdilmiş variantıdır. Ancaq iddiaçının özünün hasarın çəkilməsinə 650 manat xərclədiyini bildirdiyi halda, ekspert “bir az da irəli gedərək” hasarın çəkilməsinə guya 1200 manat xərcləndiyini iddia etmişdir ki, bu hal da həmin ekspertin obyektivliyinə və qərəzsizliyinə ciddi şəkildə şübhə yaratmaqla onun tərtib etdiyi rəyin də mötəbərliyini sual altına qoyur. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda,ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İşdə olan ekspert rəyindəki aşkar ziddiyyətlər və çatışmazlıqlar göz qabağındadır. Ekspert rəyində bu cür aşkar ziddiyyət olduğu və ekspertin rəyi natamam olduğu halda, məhkəmənin təkrar ekspertizanın keçirilməsini təmin etməməsini sözügedən prosessual hüquq normasının aşkar pozuntusu kimi qəbul edir və hesab edir ki, məhz bu pozuntu iş üzrə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı guya onun tərəfindən ona satılmış və hal-hazırda istifadəsində olan torpaq sahəsinin əskik gələn 70 kvadrat metrlik hissəsinin geri qaytarılması və ya onun pulla ekvivalentinin alınıb ona verilməsi tələbini irəli sürmüşdür. Halbuki, sözügedən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmaqla qeyri-qanuni istifadəsində olmuş və daşınmaz əmlakın dövlət reyestrində nə onun, nə də iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçməmiş torpaq sahəsinin bir hissəsidir. Lakin, məhkəmə bütün bu hallara düzgün hüquqi qiymət verərək qanuni qətnamə çıxarmalı olduğu halda, tətbiq edilməli olan qanun normasına istinad etməyərək onun torpağa görə iddiaçıya pul ödəməli olmağına dair əsassız nəticəyə gəlmişdir. Hesab edir ki, bununla da məhkəmə mülki-prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini aşkar şəkildə pozmuşdur. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin alqısatqının predmeti olmamasını və həmin torpağın qiymətinin müəyyən edilməməsini lazımi şəkildə dəyərləndirə bilməmiş, torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmasını nəzərə almamış, iş üçün əhəmiyyət kəsb etdiyi halda tərəflər arasında olan qarşılıqlı münasibətləri səciyyələndirən halları müəyyən edə bilməmişdir. Hesab edir ki, hal-hazırki məhkəmə mübahisəsində birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadaladığı maddi və prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verildiyindən, sözügedən qanunsuz və ədalətsiz məhkəmə qətnaməsi ləğv olunmalıdır. Məhkəmə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərinin ekspert rəyində göstərilmiş torpaq sahəsinin ölçüləri ilə hansı hissədə uyğun gəlmədiyini və aralarında əldə edilmiş razılığa əsasən fərdi yaşayış evinin, yaxud torpağın alqı-satqısının həyata keçirildiyinə dair halları aydınlaşdırmamış, mübahisələndirilən torpaq sahəsindən istifadənin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, onun tərəfindən iddiaçıya satılmış fərdi yaşayış evini qiymətləndirməməklə həmin evin satış qiyməti olan 24.000 manatı torpaq sahəsinin ölçüsünə bölərək mübahisələndirilən torpaq sahəsinin real olmayan qiymətini təyin etməklə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin tələb hüququ olmayan şəxs tərəfindən və əsassız olaraq irəli sürüldüyünü müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisələndirilən 230 kvadrat metr torpaq sahəsinin onun tərəfindən ona satılması barədə bildirdiyi hal, həmçinin fərdi yaşayış evinin deyil, məhz torpaq sahəsinin ona satılması barədə iddiaçının dəlilləri iş materillarında olan ziddiyyətli və qeyri-mötəbər ekspert rəyi də daxil olmaqla, hər hansı şəkildə sübuta yetirilməmişdir. Məhkəmə fərdi yaşayış evinin satışı ilə bağlı iddiaçı ilə aralarında tərtib edilmiş qəbzə və qeyri-obyektiv, qərəzli olan və mötəbərliyi ciddi şəkildə şübhə yaradan ekspert rəyinə istinad edərək 230 kvadrat metr torpaq sahəsinin guya onun tərəfindən iddiaçıya satılması barədə əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən mübahisələndirilən torpaq sahəsinin onun tərəfindən iddiaçıya satılması və həmin torpağın 65 kvadrat metrinin əskik gəlməklə qiymətinin 6782 manat olmasına dair qanunazidd nəticəyə gəlmişdir. Halbuki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqdır və alqı-satqının predmeti olmamaqla yanaşı, sözügedən qiymətə də deyildir. Məhkəmə, torpaq sahəsinə dair tərəflər arasında yaranmış münasibətlər üzrə aşkar səhv nəticəyə gəlmişdir. İDDİAÇİNİN APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİ Apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdehin “kağız parçası” adlandırdığı yazılı sənədə əsasən cavabdeh ona xx.xx.2021-ci ildə 2,3 sot torpaq sahəsini 24000 (iyirmi dörd min) manata satmışdır. Cavabdeh həmin torpağı ona satarkən torpaq sahəsinin ona məxsus olduğunu və torpaq sahəsinin içərisində 2 otaqlı mənzil olduğunu ona bildirmişdir. Torpaq sahəsi və orada olan 2 otağı ona 24000 (iyirmi dörd min) manata satılmasını yuxarıda qeyd edilən sənəd, 3 saylı Məhəllə Komitəsinin xx.xx.2021 -ci il tarixli, 1855 saylı aktı təsdiq edir. Cavabdeh ona razılaşdığı yerdə torpaq sahəsi ayırmamışdır. Ayırdığı torpaq sahəsi razılaşmada göstəriləndən 0,7 sot az olub, yəni 1,6 sotdan ibarət olmuşdur. Tərəflər arasında şifahi razılaşmaya görə torpaq sahələrini (onunla Vaqif arasında) ayıran daşdan hörülmüş hasara birgə pul qoyulmalı idi. Lakin cavabdeh şifahi razılaşmaya əməl etməmiş, ortaqlı xərcin ona aid hissəsini ödəməkdən imtina etmişdir. Nəticədə o, hasarın çəkilməsi üçün 650 (altı yüz əlli) manat pul ödəməli olmuşdur. Həmin pulun 300 (üç yüz) manatını Vaqif ödəməli olduğu halda o, bundan imtina etmişdir. O, Cavabdeh razılaşmaya əməl edərək ona 2,3 sot torpaq sahəsinin ayrılmasını tələb etmis, torpaq sahəsini ayırmadığı halda 0,7 sot torpağa görə mənə 6000 (altı min) manat ödəniş etməsini bildirmişdir. Lakin cavabdeh ona 2,3 sot torpaq ayırmaqdan, torpaq sahəsi ayrılmadığı halda isə 0,7 ha torpağa görə 6000 manat ödəməkdən imtina etmişdir. Faktiki olaraq onun istifadəsində 2 otaqla birlikdə cəmi 1,6 sot torpaq sahəsi vardır. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, satdığı torpaq sahəsinə aid hüquq müəyyənedici sənəd mövcud olmadığından onun satılması qeyri-mümkündür. Cavabdehin fikrincə o, torpağı deyil, onun üzərində olan 2 otağı satmışdır. Halbuki tərtib olunmuş yazılı sənəddə cavabdeh öz dəst-xətti ilə təsdiq etmişdir ki, “mən, Cavabdeh sabal oğlu həyətimdə olan 2 otaq 2,3 sot torpaq sahəsini 24000 (iyirmi dörd min) manata satdım”. Belə olan halda cavabdehin iddialarının hüquqi əsası yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izzahatlarını dinləyərək və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış əlyazmada göstərilmişdir ki, “Mən İddiaçı “Yaşıl Dərə” massivi (42-ci məhəllənin arxası) ərazisində yerləşən torpaq sahəsində 2 otaqlı ev yerləşən 2,3 sot yeri almaq üçün Cavabdeh (24.000) iyirmi dörd min manata verdim. Mən Cavabdeh həyətimdə olan 2 otaq 2,3 sot torpaq sahəsini (24000) iyirmi dörd min manata satdım”. Əlyazmanın aşağı hissəsində iddiaçının, cavabdehin və şahidin adları və soyadları, iddiaçı və cavabdehin şəxsiyyət vəsiqələrinin seriya nömrələri qeyd edilmiş və imzalanmışdır. Tarix “xx.xx.2021” kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin 1855 nömrəli, xx.xx.2021-ci il tarixli aktına əsasən Sumayıt şəhəri 76cı məhəllə, 3-cü sahə, 1/3 mənzil 80A fərdi yaşayış evinin sahibi olmuş X1, həyat yoldaşı Cavabdeh mənzili Sumqayıt şəhərində qeydiyyatda olan İddiaçı ilə öz aralarında razılaşdıqları 24000 manata alqı-satqı etmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixli, ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, 80A ünvanında cavabdeh tərəfindən iddiaçıya razılaşma əsasında satılmış torpaq sahəsinin faktiki ölçüsü 1,65 sot təşkil edir. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi arasında çəkilmiş hasarın məkilməsinə çəkilən xərc 1200 manat təşkil edir. İş üzrə birinci instansiya məhkəmə iclaslarında tərəflərin iştirakı ilə aparılan məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən mülki qanunvericiliyin daşınmaz əşyaların alqı-satqısı məsələlərini tənzimləyən müddəalarını hazırkı mübahisəyə tətbiq etmək mümkün deyildir. Buna baxmayaraq həmin torpaq sahəsi cavabdehin istifadəsində olmuş və iddiaçı ilə razılıqlarına əsasən cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh 2,3 sot torpaq sahəsini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun müqabilində cavabdehə 24000 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Lakin, iddiaçı sonradan həmin torpaq sahəsinin 1,6 sot təşkil etdiyini müəyyən etmiş və müstəqil qiymətləndiricinin hesabatında həmin torpaq sahəsinin 1,65 sot təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh öz öhdəliyinə əməl etməmiş, iddiaçı ilə razılaşmalarında nəzərdə tutulan sahədən 0,65 sot az torpaq sahəsini iddiaçıya vermiş, eləcə də, 2,3 sot torpaq sahəsinin tərəflərin razılı əsasında dəyərinin 24000 manat olduğu üçün, 0,65 sot torpaq sahəsinin dəyərinin 6782 manat təşkil etdiyi müəyyən edilmiş, lakin məhkəmə iddia tələbindən kənara çıxmayaraq iddia ərizəsində göstərilən məbləğdə, yəni 6000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmasını əsaslı hesab etmişdir. Bundan əlavə, torpaq sahələri arasında çəkilmiş hasarın çəkilməsinə sərf edilmiş vəsaitə gəldikdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında razılığa əsasən torpaq sahələri arasında hasar çəkilməsində birlikdə iştirak etməli idilər. Lakin, cavabdeh sonradan bundan imtina etmiş və müstəqil qiymətləndiricinin hesabatında həmin hasarın çəkilməsinə 1200 manat vəsait sərf edildiyi qeyd edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq həmin hasarın çəkilməsinə sərf edilmiş vəsaitin 300 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmasını əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Cavabdeh apellyasiya şikayətini “həm onun, həm də iddiaçının istifadəsində olan torpaq sahələrinin hüquq müəyyənedici sənədlərinin olmaması, torpağın deyil, özbaşına tikili olan fərdi yaşayış evinin onun tərəfindən iddiaçıya satılması, sözügedən torpaq sahəsinin alqı-satqısına dair onların arasında hər hansı yazılı müqavilə bağlanmaması, eləcə də, onun iddiaçı qarşısında bununla bağlı hər hansı öhdəliyi də üzərinə götürməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin yuxarıda qeyd olunan əsas dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin maddənin tələbinə əsasən hazırki iş üzrə cavabdeh mübahisələndirilən torpaq sahəsini özbaşına tutmuş olsa da, həmin torpaq sahəsini onun iradəsinə zidd digər şəxslərin yenidən özbaşına zəbt etməsindən cavabdehin müdafiə hüququ vardır. Hazırki iş üzrə isə cavabdeh öz iradəsinə uyğun iddiaçı ilə razılaşaraq ona 24000 manat ödənilməsi müqabilində faktiki istifadəsində olan torpaq sahəsinin 2,3 sotunu iddiaçının sahibliyinə verməsini öhdəsinə götürsə də, həmin razılaşmaya tam əməl etməmişdir. Məhz buna görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığından hazırki vəziyyətdə İddiaçı ona satılmış 2,3 sot torpaq sahəsinin ona verilməyən 0,65 sot hissəsinin ona verilməsini tələb edə bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə öz-özlüyündə etibarsız olduğundan iddiaçı ona verilməyən 0,65 sot torpaq sahəsini deyil, həmin torpaq sahəsinə görə ödədiyi pulu tələb edə bilər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin torpaq sahəsinə dair sərəncam vermək hüququ olmadığından tərəflər arasında imzalanmış razılaşmaya əsasən iddiaçı ona verilməyən, 0,65 sot torpaq sahəsinin pulunun ödənilməsini tələb edə bilər. İddiaçı da, məhkəmə iclasında izahatında 0,65 sot torpaq sahəsinin ona veriləcəyi təqdirdə iddia tələbindən imtina edəcəyini bildirmişdir. Bundan əlavə, məhkəmə kollegiyası «hasarın çəkilməsinə hesablanmış məbləğin şişirdilməsi» barədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ekspert rəyi ilə Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, 80A ünvanında cavabdeh tərəfindən iddiaçıya razılaşma əsasında satılmış torpaq sahəsinin faktiki ölçüsü 1,65 sot təşkil etdiyi və iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi arasında hasarın çəkilməsinə çəkilən xərcin 1200 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmayaraq, 65 kvadrat metr torpaq sahəsinin dəyəri üçün iddia ərizəsində göstərilən məbləğdə, yəni 6000 manat pulun və hasarın çəkilməsinə sərf edilmiş vəsaitin 300 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1,392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(060)-1953/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1983/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1983/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver