Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1984/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X16 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdeh “X9 Şirkəti” MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X9 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2981/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh “X9 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “X9 Şirkəti” MMC-dən 7000 (yeddi min) manat pul və ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “X9 Şirkəti” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “X9 Şirkəti” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X9 Şirkəti” MMC-dən onun xeyrinə vurulmuş real maddi ziyan olaraq 8200 (səkkiz min iki yüz) manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 (yüz) manatın, cəmi 8.300 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlü və Sumqayıt şəhər sakini olmaqla yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olmaqla yaşayır. O və həyat yoldaşı təqaüdçüdürlər. O, 300 manat, həyat yoldaşı 328 manat pensiya alır. Oğlu Nümayəndə ailəlidir, iki övladı vardır. O, İİİ qrup gözdən əlil olmaqla günəmuzd işlərdə işləyərək ailəni çox çətinliklə dolandırır. 3 qız övladı ailə qurmasına baxmayaraq işsiz olduğundan o, da bir valideyn kimi ailə büdcəsindən onlara maddi yardım etmək məcburiyyətində qalır. Onların ailə və maddi vəziyyətləri çox ağır olduğundan, o və həyat yoldaşı təqaüdçü olduqlarından oğlu Nümayəndə İİİ qrup gözdən əlil olduğundan 2011-ci ilin yay aylarında belə qərara gəlmişlər ki, «Karvan» Ticarət Mərkəzində piştaxta götürüb qadın geyimlərinin satışını təşkil edib işlətsinlər və gəlir əldə etsinlər. Çünki ailənin ehtiyacları tək yeməkdən ibarət deyildir, ailənin xeyri, şəri vardır. Bundan başqa kommunal borclar ödənilməlidir, geyinməlidirlər və sağlamlığın reabilitasiyası istiqamətində mütamadi olaraq müalicə və müayinə olunurdular. Çünki o və həyat yoldaşı yaşlı və müalicəyə ehtiyacı olan adamlardır. Oğlu isə qeyd etdiyi kimi İİİ qrup gözdən əlildir. Təqaüdə çıxana qədər o, “Kimya” İstehsalat Birliyində xüsusi zərərli sexlərdə fəhlə işləmiş, ailəsini və öz övladlarını öz halal zəhməti ilə saxlamışdır. Uşaqların hamısına ali təhsil alıb. Bundan başqa 3 qız övladını el adəti ilə toy edib köçürtmüşdür. Hal-hazırda maddi imkanları olmadığından oğlu Nümayəndə İİİ qrup gözdən əlil olmasına baxmayaraq işləməyə və ailəsinin ehtiyaclarını təmin etməyə məcburdur. Ona görə də 2011-ci ildə “Karvan” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində 81 saylı piştaxtada oğlu Nümayəndə, qonşusu Bəsti adlı qadınla yer götürüb işləmişdir. Cavabdeh fəaliyyətlərini bir kassa aparatında birləşdirib. İki nəfərə bir kassa aparatı olduğundan VÖEN və kassa aparatı qonşunun adına olub. O, fəaliyyət göstərdiyi sahədə həm satıcı, həm də şərik olmuşdur. Bir sözlə birlikdə qadın geyimlərinin satışı ilə məşğul olmuşdurlar. Hər ay işlədikləri piştaxtaya görə ayrı-ayrılıqda həm yer haqqı, həm vergi, həm də malların qorunması və saxlanması üçün aylıq pul ödəmişdirlər. Şəxsən o, Karvan Ticarət Mərkəzində nəzarətrüsumçu vəzifəsində işləyən İsməli Bayramova hər ay yer, vergi və malların saxlanması və qorunması haqqı olaraq 258 manat pul ödəmişdir. Bunu təsdiq edən şahidləri və sübutları vardır. Karvan Ticarət Mərkəzində piştaxtada satışda olan mallar şəxsən onun şəxsi vəsaiti hesabına, yəni Kimya istehsalat birliyindən işdən azad olunarkən ona ödənilmiş 5 aylıq əmək haqqı hesabına, təxminən 1250 manat, köhnə sovet banklarında qalan 22.000 rubl əvəzi olaraq alığı 1043 manat hesabına, oğlu Nümayəndə 03 iyun 2013-cü ildə Bank of Bakudan götürdüyü 1000 manat kredit hesabına, Binə Ticarət Mərkəzindən götürdükləri nisyə mallar hesabına ümumi dəyəri 8000 manat məbləğində olmuşdur. Aylıq gəlirləri hər ay 2000- 2500 manat təşkil etmişdir. 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın nəticəsində min əziyyətlə qazandığı və artırdığı malları bir anda yanmış, təmamilə müflis vəziyyətə düşmüşdür. Baş vermiş hadisədən sonra düşdüyü vəziyyətlə bağlı əsəb, stress keçirtmişdir. Bundan başqa heç bir yerdə işləməsə də, 700 manat kredit ödənişi onun və həyat yoldaşının aldığı pensiya hesabına ödənilmiş, ailə və maddi vəziyyətləri ağırlaşmışdır. Qeyd edir ki, Binə Ticarət Mərkəzinə də, Karvan Ticarət Mərkəzinə də borcu yaranmışdır. Bir sözlə baş vermiş hadisə nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Hal-hazırda təzyiq, şəkər xəstəsidir, mütəmadi olaraq müalicə olunur və dərman pereparatlarının alınmasına pul xərcləyir. Baş vermiş yanğın hadisəsi ilə bağlı ibtidai istintaq zamanı araşdırma aparılmış və baş vermiş hadisədə “X9 Şirkəti” MMC-yə məxsus Ticarət Mərkəzində nəzarətçirüsumçu vəzifəsində işləyən X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmiş və o, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə araşdırması zamanı o, həmçinin mülki iddiaçı olaraq tanınmışdır və ona vurulmuş ziyanın ödənilməsini həm zərərçəkmiş şəxs, həm də mülki iddiaçı olaraq iş üzrə təqsirləndirilən şəxs X3, həmçinin cavabdehdən tələb etmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs X12 dəymiş ziyanı ödəyəcəsinə söz versə də məhkəmə tərəfindən hökm çıxan ana və bu günə qədər ona vurulmuş ziyan X12 və cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs İ.Bayramov bildirmişdir ki, «mən kiməm, əsas Ticarət Mərkəzinin rəhbərliyidir, hər şey onlardan asılıdır, onlar ödəyərsə Sizə vurulmuş ziyan da mənim tərəfimdən Sizə ödənillmiş hesab ediləcəkdir». Baş vermiş yanğın nəticəsində ona 8000 manat məbləğində maddi ziyan dəysə də, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən ona 7000 manat məbləğində maddi ziyan vurulduğu qeyd edilmişdir. Ona görə də işə baxılarkən ona vurulmuş real zərəri 8200 manat məbləğində qiymətləndirərək tələb etmişdir. Belə ki, o hüquqi yardım almaq və şikayət ərizələri yazdırmaq üçün əlavə olaraq pul vəsaiti ödəmişdir. Bundan başqa hesab edir ki, 2013-cü ilin oktyabr ayının 19-da baş vermiş yanğın nəticəsində ona vurulmuş maddi ziyan ona vaxtında ödənilsəydi, o, həmin məbləğdən faydalanıb, biznesini daha da genişləndirib, ailəsinin maddi vəziyyətini yaxşılaşdırardı. Göründüyü kimi baş vermiş yanğın hadisəsindən 114 ay keçir. Nəzərə alınsa ki, bu 114 ayda cavabdeh onun aylıq 2000-2500 manat civarında əldə edəcəyi gəlirlərindən məhrum etmişdir, Bu məbləğ isə 285.000 manat təşkil edir. Lakirı göründüyü kimi bu günə qədər ona vurulmuş real zərər 8200 manat belə nə təqsirləndirilən X13, nə də cavabdeh tərəfindən ona ödənilməmişdir. Bu gün də ailə və maddi vəziyyətləri çox ağırdır. Belə ki, o, özünün, ailəsinin qazandığı və əldə etdiyi gəlirləri, işlədiyi piştaxtada malların alınmasına və artırılmasına sərf etmişdir ki, bu yolla ailəsinin ehtiyaclarını təmin etsin. Lakin cavabdeh X9 Şirkətinin məsuliyyətsizliyi nəticəsində bütün arzuları məhv olmuş, əldə etdiyi və edəcəyi gəlirlərindən məhrum olmuş və ən əsas düşdüyü vəziyyət onu həm maddi, həm də mənəvi cəhətdən sarsıtmış və ona külli miqdarda maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində “X9 Şirkəti” MMC-nin işçisi X12 təqsirli bilinsə də, əslində "xxxx" MMC təqsirkardır. Belə ki, məhkəmə araşdırması zamanı ifadə vermiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, baş vermiş hadisə zamanı cavabdeh bazarın rəhbərliyi tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməmiş, hətta yanğının söndürülməsi üçün Ticarət Mərkəzində ventilyasiya, yanğın söndürülməsi üçün, yəni ilkin yardım üçün su hovuzu və sair su ləvazimatları olmamışdır. Yanğının söndürülməsi üçün su Ticarət Mərkəzindən xeyli aralı, Sumqayıt şəhəri 1 saylı tam orta məktəbdən götürülmüş və yanğının söndürülməsində istifadə olunmuşdur. Bundan başqa şahid ifadələri ilə təsdiq olunmuşdur ki, yanğın ilkin ayaqqabı piştaxtasından tüstü halında başlamış, nədənsə bazar rəhbərliyi həmin yanğının söndürülməsi üçün heç bir tədbir görməmişlər. Bunu təsdiq edən şahidləri kifayət qədərdir. Ona görə də hesab edir ki, əgər baş vermiş yanğın hadisəsində İ Bayramov təqsirləndirilsə də, cavabdeh “X9 Şirkəti” MMC-də eyni qaydada təqsirkardır. Sumqayıt Şəhər Məhkəməsinin iş № 1(060)-9/2015, 27 aprel 2015-ci il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2.-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iş üzrə verilmiş mülki iddialar baxılmamış saxlanılmış, zərərçəkmiş və mülki iddiaçılara həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 1(060)-9/2015, 27 aprel 2015-ci il tarixli hökmü ilə razı olmadıqlarından təqsirləndirilən şəxs tərəfindən, eyni zamanda o və digər zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti təqdim edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş № 1(105)-117/2016, 20 may 2016-cı il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X6 apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslər X4, X7, X5, İddiaçı qızının apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı X14 apellyasiya protesti təmin edilmiş, X6 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt şəhər məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmiş, X11 hökmlə təyin edilmiş 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. X1 barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş № 1(105)- 117/2016, 20 may 2016-cı il tarixli qərarı ilə razı olmadığından məhkum İ.H.Bayramovun və müdafiəçisi Vəkil1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının iş № 1(102)-171/2017, 16 fevral 2017-ci il tarixli qərarına əsasən məhkumun və müdafiəçisinin kassasiya şikayətləri qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2.-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X6 barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2016-cı il tarixli qərarı dəyişdirilmiş və məhkum İ.H.Bayramova təyin edilmiş 05 (beş) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum X8 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi nə X12, nə də “X9 Şirkəti” MMC tərəfindən ona vurulmuş real və külli miqdarda maddi ziyan bu günədək ödənilməmişdir. Xüsusi olaraq qeyd edir ki, oğlu Nümayəndə Azərbaycan Respublikasının Birinci X15 Əliyevaya müraciət edərək ailələrinə vurulmuş maddi ziyanın onlara ödənilməsinə köməklik edilməsini xahiş etsə də, müraciəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatına, oradan isə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, KOL7687 saylı məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədən kənar həlli qeyrimümkündür. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə muraciət etməyə məcburdur. Göründüyü kimi 8200 manat məbləğində ona vurulmuş real maddi ziyan cavabdehin və onun səlahiyyətli işçisi Bayramov İsməli tərəfindən vurulmuşdur. Vurulmuş ziyan bu günədək ödənilməmişdir. Eyni zamanda o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100.40 manat ödəniş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “X9 Şirkəti” MMC Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, işi tam, obyektiv və hərtərəfli araşdırmayıb və nəticədə qanunazidd qətnamə qəbul etmişdir. Qeyd olunmalıdır ki, tərəfimizdən bu barədə araşdırma aparmış və məlum olmuşdur ki, nə iddiaçı, nə onun oğlu, nə də ərizədə adı çəkilən Bəsti adlı qadınla MMC-nin hər hansı bir müqaviləsi olmamış, belə bir icarəçi Ticarət Mərkəzində qeydiyyatdan keçməmişdir. Vergi İdarəsinə vermiş olduqları sorğu nəticəsində məlum olmuşdur ki, İddiaçı adına hər hansı bir VÖEN qeydiyyatdan keçməmişdir və bu şəxs sahibkar kimi fəaliyyət göstərməmişdir. Bununla belə o baş vermiş hadisə ilə bağlı zərərçəkmiş kimi tanınmış və zərər yekun Ali Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 1(102)-171/2017 nömrəli qərarı ilə məhkum İ.Bayramov tərəfindən iddiaçıya dəyən zərərin aradan qaldırılmış, məhkumla barışdıqlarına və məhkuma qarşı keç bir şikayət və tələblərinin olmadıqlarını məhkəməyə bildirmişlər. Lakin məhkəmə bu halları nəzərə almamış və iddianın rədd edilməsi barədə qətnamə qəbul etməmişdir. iddiaçı əsassız iddia ilə məhkəməyə müraciət edərək zərərin cavabdeh hüquqi şəxsdən tutulmasını xahiş etmişdir. Məhkəmə isə qeyd olunan halları araşdırmamış, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh “X9 Şirkəti” MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçıya İsməli Bayramov tərəfindən məhz 7000 manat ziyan vurulduğu müəyyən edilməsi ilə əsaslandırmışdır. Cavabdeh məhkəmənin gəldiyi bu nəticədən narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununa əsasən iddia tələbinin təmin edilən hissəsində mübahisləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində “Karvan” ticarət mərkəzində yanğının baş verməsi, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 nömrəli, 27 aprel 2015-ci il tarixli hökmü ilə X6 təqsirli bilənərək məsuliyyətə cəlb edilməsi və iddiaçının həmin cinayət işi üzrə zərərçəkən qismində tanınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1099.1., 1099.2-ci maddələri təşkil edir. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1., 1099.2-ci maddələri). Bu maddələrin məzmunundan göründüyü kimi hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalı, hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi). Qeyd etmək lazımdır ki, İsməli Bayramov cavabdeh “X9 Şirkəti” MMC-nin işçisi olmuş və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydalara riayət etməmiş, bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “X9 Şirkəti” MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə qüvvədə olan məhkəmə aktlarından görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır. Cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X9 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə respublika daxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq X2 məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyəri cəmi 7.000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 maddələri). Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisələndirilən hissədə zərərlə bağlı sübutlar təqdim etdiyi halda, bunun əksini təsdiq edən sübutları üzərinə vəzifə düşən cavabdeh isə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan məhkəmə aktı ilə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi cavabdeh “X9 Şirkəti” MMC-dən 7000 manat pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh “X9 Şirkəti” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1984/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1984/2023
20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver