Məhkəmə qərarları › İş №2(105)-1985/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1985/2022

22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1985/2022 22.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər Cavabdeh2 34150 (otuz dörd min yüz əlli) manat, Cavabdeh1 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair iddiası rədd edilmişdir. (hakim E.Hüseynov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər Cavabdeh2 34150 (otuz dörd min yüz əlli) manat, Cavabdeh1 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 42,3 kv.m ümumi, 29,6 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 31 saylı mənzili iddiaçı dəyişmə yolu ilə Sumqayıt XDS-nin mənzillərin dəyişdirilməsi bürosunun 7 nömrəli 31 mart 1992-ci il tarixli orderi əsasında əldə etmişdir. Həmin mənzil 21 yanvar 1999-cu il tarixdə özəlləşdirilərək iddiaçının adına dövlət qetdiyyatına alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya 28 oktyabr 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunun 3m-2/418 reyestr nömrəli, 29 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında qeyd edilən mənzil üzərində 04 noyabr 2008- ci il tarixdə “X6” ASC-nin xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(005)-720/2010 nömrəli qətnaməsi ilə iddiaçı “X6” ASC-nin iddiaçıya qarşı olan iddiası təmin edilmiş, “X6” ASC-nin xeyrinə iddiaçıdan cəmi 2 554 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan və ailəsinin yeganə yaşayış yeri olan həmin mənzilə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin kredit üzrə borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Kredit borcu tam şəkildə iddiaçı tərəfindən kreditor “X6” ASC-nə ödənilməsinə baxmayaraq, həmin qətnamə icraya yönəlmiş və iddiaçıya məxsus mənzil xx.xx.2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılmışdır. Hərracın nəticələri ilə razılaşmayaraq iddiaçı 2014-cü ildə cavabdeh "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə protokolların ləğv edilməsi, mənzilin satılması ilə əlaqədar bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 02 may 2014- tarixli, 2(002)-3643/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edilən qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərrac, hərracın yekunları barədə "xxxx" MMC tərəfındən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolları, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına olan qeydin ləğv edilməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdeh "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 dekabr 2016-cı il tarixli, 2(102)-5787/2016 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nm 10 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyun 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi 06 fevral 2017-ci il tarixdə icraya yönəlmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hərrac təşkilatçısı olan cavabdeh "xxxx" MMC “İpoteka haqqında”Azərbaycan Respublikası Qanunu ilə hərracın və təkrar hərracın keçirilməsi nəzərdə tutulmuş, üçüncü və ya dördüncü hərracların keçirilməsi nəzərdə tutulmamış, buna baxmayaraq hərrac təşkilatçısı olan cavabdeh "xxxx" MMC qanunvericiliyin bu tələblərini pozmuşdur. Bundan əlavə qətnamədə göstərilir ki, yalnız ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququnun olmasına baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzil həmin qiymətə belə güzəşt hüququ olmayan Cavabdeh2 satılmışdır. Qeyd olunmalıdır ki, Cavabdeh2 hazırkı halda vicdanlı əldə edən də sayıla bilməz. Qeyd edilməlidir ki, Cavabdeh2 ipoteka saxlayan “X6” ASC ilə əlbir olaraq iddiaçıya məxsus mənzili real dəyərindən aşağı qiymətə əldə edərək, sonra isə mənzillə bağlı məhkəmə çəkişmələri getdiyi zaman gələcəkdə mənzilin qaytarılmasında süni maneələr yaratmaq məqsədi ilə həmin mənzili xx.xx.2014-cü il tarixdə Cavabdeh1 34150(otuz dörd min yüz əlli) manata satmışdır. Göründüyü kimi, cavabdehlər iddiaçıya ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlər nəticəsində iddiaçı və ailə üzvləri yaşadıqları mənzildən məhrum olunmuşlar. Məhkəmə çəkişmələri getdiyi zaman cavabdehlər iddiaçıya məxsus olan mənzili yararsız vəziyyətə saldığına görə həmin mənzildə təmir işlərini aparmaq məcburiyyətində qalmışdır. Qohumlarından borc-xərc edərək iddiaçı həmin mənzildə təxminən 15000(on beş min) manat civarında əsaslı təmir işləri aparmışdır. Hal-hazırda təmirli mənzilin dəyəri təxminən 60000 (altmış nıin) manat təşkil edir. Bundan əlavə qeyd edilməlidir ki, mənzilin qanunu pozmaqla satılması nəticəsində iddiaçı sarsıntı keçirərək ağır xəstəliyə tutulmuşdur. Cavabdehlər iddiaçıya məxsus mənzili satmaqla əsassız olaraq varlanmışlar. Hesab edir ki, cavabdeh X4 əsassız varlanma yolu ilə təxminən 34150(otuz dörd min yüz əlli) manata, digər Cavabdeh1 isə təmirli mənzilin mülkiyyətçisi olmaqla mənzildə təmirə çəkdiyi 15000 (on beş min) manat məbləğində pulu əldə etmişlər. Pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia ərizəsində işin bütün faktiki halları geniş şəkildə əks etdirilmiş, iddianın hüquqi əsasını təşkil edən bütün zəruri sübutlar məhkəməyə təqdim edilmiş, lakin məhkəmə sadalananlara düzgün qiymət verə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən, əsassız varlanma dedikdə, bir şəxsin heç-bir hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyun 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi 06 fevral 2017-ci il tarixdə icraya yönəldilməsinə baxmayaraq Cavabdeh2 qanunazid hərəkətləri nəticəsində icra olunmur. Sözügedən məhkəmə qərarları ilə Cavabdeh2 vicdanlı alıcı hesab edilməmişdir. Digər Cavabdeh1 sonrakı məhkəmə qərarları ilə vicdanlı alıcı hesab edildiyindən mübahisəli mənzili iddiaçıya qaytarılması qeyri-mümkün olmuşdur. Mübahisəli mənzil hərracdan satılan zaman təmirsiz bir mənzil idi. Amma sonradan iddiaçı tərəfindən öz vəsaiti hesabına mənzil təmir olunaraq yaşamaq üçün yararlı vəziyyətə gətirilmişdir. Mənzilin təmirinə iddiaçı təxminən 15000(on beş min) manat civarında xərc çəkmişdir. Bu hallar məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş məhkəmə qərarları, ekspertizanın rəyi və digər sənədlərlə öz təsdiqini tapsa da, məhkəmə məlum olmuyan səbəblərdən qətnamədə həmin sübutlarla bağlı öz mövqeyini bildirməmişdir. Mülki qanunvericiliyə əsasən varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüququ əsas olmadan varlanma həmçinin o halllarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Əsassız varlanma haqqında mülki hüquq normasının əsl məzmunu şərh olunan maddənin mətnindən daha genişdir. Buna görədə hüquq ədəbiyyatında bu maddənin düzgün tətbiqi üçün ona genişləndirici təvsir verilməsi tövsiyyə edilir. Belə ki, qüvvədən düşmüş qanun və ya etibarsız sayılmış müqavilə əsassız varlanmaya əsas ola bilməz və bu yolla varlanmış şəxs əsassız varlanmış şəxs kimi bütün əldə etdiklərini Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən məhrum olana qaytarmalıdır. Bu maddəyə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma heç bir hüquqi əsası olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqa zidd hərəkətdir. Hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da, müəyyən hüquqi nəticələr yaradır. Hər şeydən əvvəl, əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən bərpası təmin edilməlidir. Mülki qanunvericiliyin prinsipinə əsaslanan bu müddəaya görə şərh olunan maddədə tutulmuşdur ki, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız mahrum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və qanunçuluq bərpa edilir. Bu maddəyə əsasən, əldə edənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göründüyü kimi, yuxarıda göstərilən maddi normalar imperativ xarakter daşıyır. Mübahisəni həll edən məhkəmə hazırkı iş üzrə qəbul etdiyi qətnamədə yüxarıda qeyd edilən maddi normalarını göstərsə də, bu hüquq normalarının tətbiq edilməsində səhvlərə yol verməklə, əsassız varlanmış cavabdehlərdən əldə etdikləri pul vəsaitlərinin iddiaçıya alınıb-verilməsini təmin etməmişdir. Bundan əlavə məhkəmə çəkişmə prinsipinə zidd olaraq Cavabdeh2 məhkəmədən məqsədyönlü tərzdə yayındığını nəzərə almamış və mübahisəli mənzilə baxış keçirməməklə həmin mənzildə həqiqətən təqdim edilmiş fotoşəkillərdəki kimi iddiaçı tərəfindən təmir işlərinin aparılıb-aparılmamasını müəyyən etməmişdir. Məhkəmə tələm-tələsik işə baxmaqla iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı, nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə etdilər, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, mövcud məhkəmə mübahisələri zamanı cavabdeh özü ondan xahiş etmişdir ki, mübahisəli mənzilin çıxarışını məhkəmə qaydasında mübahisələndirməklə, çıxarışın ləğvinə iddiaçı nail olsun və o da, mənzilə görə ödədiyi pulu geri alsın. Lakin apellyasiya məhkəməsi cavabdehin xeyrinə qərar çıxardı. İddiaçı evi heç kəsə satmamışdır. 37 ildir həmin evdə yaşayır. 8 nəfər ailə üzvü ilə birlikdə çöldə qalmaları ədalətli hal deyildir. Cavabdeh ona 50 min manat verilməsini tələb edir ki, onun buna imkanı yoxdur, habelə qeyd olunan məbləğin ona verilməsinə heç bir hüquqi əsas yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında əlavə etdi ki, Ali Məhkəmənin bir-birinə zidd 2 qərarı var. Ali Məhkəmənin 2016-cı ilin dekabr ayında çıxardığı qərar icraya yönəldilib, lakin kağız üzərində qalıb. Həmin qərarda konkret olaraq göstərilir ki, əvvəlki alıcı Cavabdeh2 bankla əlaqəyə girərək hərrac nəticəsində faktiki olaraq əsassız varlanıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həmin məsələyə aydınlıq gətirildi və qətnamədə göstərilmişdir ki, mübahisəli mənzili alan Cavabdeh2 vicdanlı alıcı ola bilməz. X10 məhkəmə çəkişmələrinə maneçilik törətmək, işi uzatmaq üçün təcili olaraq evi Cavabdeh1 satmışdır və bununla da başqasının hesabına zənginləşmişdir ki, bu hal da əsassız varlanma hesab olunur. Birinci instansiya məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Xaliq Qurbanov şikayətin dəlillərini qəbul etmədiyini bildirdi, həmçinin qeyd etdi ki, o, mübahisəli mənzili qanuni əsaslarla əldə etmişdir. Lakin sonradan iddiaçının qeyd etdiyi halları nəzərə alaraq, ona qarşı humanist davranıb, mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmədi. Lakin artıq belə bir tələblə məhkəməyə müraciət etmişdir. O, həmçinin qeyd edir ki, mübahisəli mənzilin iddiaçı tərəfindən alınmasına hər hansı etiraz etmir. Lakin hazırkı formada onun mülkiyyət hüquqları pozulur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərrac, hərracın yekunları barədə "xxxx" MMC tərəfindən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolların, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına olan qeydin ləğv edilməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdeh "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli, 2(102)-5787/16 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında 20 dekabr 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzilinə dair bağlanmış Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq olunmuş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması qət edilmişdir. Yenə işdə olan Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-529/2020 saylı qərarından bəlli olur ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2955/2019 nömrəli iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə işdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdehlər İddiaçı, X1, X2, Gülnaz Elman qızı, X5 və X3 Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Yenə də işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(105)-90/2020 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060-8711/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiası qismən təmin edilməklə Cavabdeh2 18850 manat pulun tutularaq İddiaçı ödənilməsi təmin edilməli, iddia tələbi Cavabdeh1 aid hissədə isə təmin edilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 42,3 kv.m ümumi, 29,6 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 31 saylı mənzili iddiaçının mülkiyyətində olmşdur. 29 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında qeyd edilən mənzil üzərində 04 noyabr 2008- ci il tarixdə “X6” ASC-nin xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(005)- 720/2010 nömrəli qətnaməsi ilə iddiaçı “X6” ASC-nin iddiası təmin olunaraq tələb ipoteka ilə yüklü edilmiş qeyd olunan mənzilə yönəldilmişdir. İddiaçıya məxsus mənzil 26.07. 2011ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərrac, hərracın yekunları barədə "xxxx" MMC tərəfindən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolların, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına olan qeydin ləğv edilməsi üçün əsas olması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı həmin qətnamələrin yaratdığı hüquqi nəticələrdən çıxış edərək, qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etməmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 məhkəmə qətnaməsi əsasında vicdanlı alıcı hesab edilmiş, ona qarşı irəli sürülən iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almış və mübahisəli mənzil hazırda onun xüsusi mülkiyyətindədir. Yenə daha öncə istinad olunan Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərrac, hərracın yekunları barədə "xxxx" MMC-tərəfindən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolları, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmiş, lakin həmin qətnamə icra olunmadan mənzil Cavabdeh1 satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan halları nəzərə alaraq və qüvvədə olan məhkəmə aktlarından çıxış edərək kollegiya qeyd edir ki, 29 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 42,3 kv.m ümumi, 29,6 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 31 saylı mənzilin xx.xx.2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılması və sonuncunun qeyd edilən mənzili xx.xx.2014-cü il tarixdə Cavabdeh1 34150 manata satması işin mübahisələndirilməyən halıdır. Daha öncə istinad olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin mənzilə dair Cavabdeh2 adına olan qeyd ləğv edildiyindən, aydın olur ki, sonuncunun mübahisəli mənzil üzərində heç bir hüququ olmadığından, o həmin mənzil barəsində sərəncam verə bilməzdi. Lakin onun tərəfindən mənzil Cavabdeh1 satılarkən qeyd olunan qətnamə mövcud olmadığından, başqa sözlə mənzilin alqı-satqısına hər hansı formada qanuni qadağa olmadığından, tərəflər arasında sözügedən alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh1 satılmışdır. Belə olan halda kollegiya hesab edir ki, mübahisəli mənzil üzərində heç bir hüququ olmayan (həmin hüquq məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir) iş üzrə cavabdeh X4 hərrac keçirmə yolu ilə 15300 manata aldığı mənzili daha sonra 34150 manata Cavabdeh1 sataraq, əsassız varlanma yolu ilə 18850 manat vəsait əldə etmişdir ki, məhz hazırkı iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan təmin edilməli və qeyd olunan 18850 manat pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. İddia tələbinin Cavabdeh1 mənzilin təmirinə çəkilmiş 15000 manat məbləğində xərcin əvəzinin tutulması hissəsində kollegiya qeyd edir ki, bu barədə məhkəməyə hər hansı legitim, əsaslı şübhələrdən kənar sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı halda iddia tələbinin qismən təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olduğu halda, məhkəmə həmin hallara qiymət verə bilməmişdir. Beləliklə, iddiaçı məhkəmədə öz tələbinin əsası kimi, habelə apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Qanunvericiliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiası qismən təmin edilməklə Cavabdeh2 18850 manat pulun tutularaq İddiaçı ödənilməsi təmin edilməli, iddia tələbi Cavabdeh1 aid hissədə isə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 45.60 manat dövlət rüsumunun 22.80 manatı Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmalı, qalan 22.80 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 əsassız varlanma nəticəsində əldə olunmuş 18850 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 45.60 manat dövlət rüsumunun 22.80 manatı Cavabdeh2 tutularaq İddiaçı verilsin, qalan 22.80 manat hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar