Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1985/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1189/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əlyazma ilə yazılan xx.xx.2018-cı il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 3000 (üç min) manat borc almış və aldığını pulu 1(bir) ay müddətinə qaytaracağı barədə öhdəlik götürmüş və imzası ilə təsdiq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitini alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh yaxın tanış olub, 2018-cı ilin iyul ayının əvvəllərində Cavabdeh ona yaxınlaşaraq ağır xəstəsi olduğunu, təcili olaraq ona köçürmələr üçün 3000 manat pul lazım olduğunu bildirib, ona vəziyyətini anlataraq, qızına ev almaq üçün topladığı 3000 manat pulu Cavabdeh borc olaraq verib və ondan bu barədə iltizam alıb. Həmin iltizamda cavabdeh ondan aldığı 3000 manat pulu 1(bir) ay müddətində qaytaracağı barədə öhdəlik görürüb. Lakin onun müraciət və tələbələrinə baxmayaraq Cavabdeh bu günə kimi borclu olduğu pulu müxtəlif bəhanələr gətirərək qaytarmağdan boyun qaçırır, ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlib. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2018-cı il tarixli iltizamdan aşkar olur ki, Cavabdeh ondan 3000 manat pulu borc olaraq aldığını etiraf edərək 1 (bir) ay müddətinə qaytaracağı barədə öhdəlik götürmüşdür. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 3000 (üç min) manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1189/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabeh Cavabdeh 3000 (üç min) manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. (hakim İlqar Məmmədov)
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əlyazma ilə yazılan xx.xx.2018-cı il tarixli iltizama görə, İddiaçı Cavabdeh 3000 (üç min) manat pulu borc vermiş və Cavabdeh aldığını pulu 1(bir) ay müddətinə qaytaracağı barədə öhdəlik götürmüş, lakin həmin məbləği bu günə kimi də iddiaçıya qaytarmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386., 442, 449.1, 739-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətlərinin dəlilləri
7. Qətnamədən cavabeh Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 2(027)-1189/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
8. Məhkəmə sübutları qiymətləndirən zaman düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə olan iltizamı əsas gətirərək tək sübut kimi onu qiymətləndirmişdir. Halbuki həmin iltizamda olan xəttin və yazının kimə aid olmasını müəyyən etməmişdir. Bu iltizamın tək sübut kimi qiymətləndirilməsi əsassızdır. Beləliklə də prosessual qanunvericiliyin müvafiq normasının pozulmasına gətirib çıxarmışdır.
9. Qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli iltizamında olan imza və xətt nümunələrini kimə məxsus olması müəyyən edilməmişdir. Məhkəmə xəttşünaslıq ekspertizası keçirməli olduğu halda keçirməmişdir. Bu halı araşdırmamışdır.
10. İş materiallarında olan xx.xx.2018-ci il tarixli iltizamın kimin tərəfindən verilməsi və kənar olan bir şəxsin bir iltizama görə 3000 manat pulu niyə verməsi halları məhkəmə tərəfindən araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
18. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilərək ləğv edilməsi xahiş olunmuşdur.
33. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)- 1189/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əlyazma ilə yazılan xx.xx.2018cı il tarixli iltizama görə, İddiaçı Cavabdeh 3000 (üç min) manat pulu borc vermiş və Cavabdeh aldığını pulu 1 ay müddətinə qaytaracağı barədə öhdəlik götürmüş, lakin həmin məbləği bu günə kimi də iddiaçıya qaytarmamışdır.
36. Cavabdeh apellyasiya şikayətinin dəlilində iddiaçının istinad etdiyi iltizamdakı imza və xətt nümunələrinin kimə məxsus olmasının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası təyin edilməməsini göstərmişdir.
37. Lakin nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, həmin iltizamdakı imza və xətt ona məxsusdur. Odur ki, kollegiya belə olan halda xətşünaslıq ekspertizanın keçirilməsinə zərurət görməmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
39. Beləliklə, hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Mübahisəli məsələ verilmiş borcun məbləği və onun qaytarılıb-qaytarılmamasıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
41. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
42. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı cavabdeh tərəfindən borc pulun iddiaçıya qaytarılması faktı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
44. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1189/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.