Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1988/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Cavabdeh Feyzi qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-91/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Feyzi qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Siyəzən Rayon Məhkəməsinin 2(059)-91/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 12077 (on iki min yetmiş yeddi) manat pulun və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh Feyzi qızı apelyasiya şikayəti verərək, onun qismən ləğv edilməsini, ondan İddiaçı xeyrinə 11617 manat pulun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12617 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 12077 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, o, 20 ildir ki, “Oriflame” şirkətində çalışır. İşlədiyi şirkət dövlət şirkəti olmadığına və iş stajının pensiyaya təsir etmədiyini bildiyinə görə işlədiyi müddətdə öz gəliri hesabına qızıl-zinət əşyaları almışdır. Həmin qızıl-zinəti almaqda məqsədi yaşlılığında ehtiyacı olarsa, satmaq olmuşdur. Cavabdeh onun qonşusu olmaqla, Siyəzən rayonu, 1 nömrəli tam orta məktəbdə kimya müəllimi işləyir. İş yerindən əlavə rəsmi olmayan gəlir yerləri də vardır. Cavabdeh onda qızıllar olduğunu və həmin qızılları almaqda məqsədini bildiyi üçün tez-tez ona qızılları satmaq üçün verməsini istəmiş, o isə təcili pul lazım olduğu zaman dəyər-dəyməzinə satılmasın deyə, onun təklifi ilə razılaşıb, 2019-cu ilin mart ayından 2020-ci ilin may ayınadək cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 20000 manat dəyərində qızıl-zinət əşyası vermişdir. Cavabdehlə aralarındakı razılığa əsasən sonuncu hər satılan qızılın pulunu hissə-hissə, hər ay müxtəlif məbləğlərdə ödəmişdir. Lakin 2020-ci ilin may ayından etibarən cavabdeh ona pul ödəməyi dayandırmış, çoxsaylı müraciətlərdən və məhkəmədə iddia qaldırdıqdan sonra isə 2020-ci ilin noyabr ayında 540 manat ödəmiş, yenidən ödənişləri kəsmişdir. Bununla da, cavabdehin iddiaçıya hazırda 12077 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş cavabdeh, borcunu etiraf etsə də, müxtəlif bahənələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, məhkəmə iclasında o, qızıllara görə iddiaçıya 540 manat ödədiyini desə də, sonradan bilmişdir ki, qaytarılan məbləğ 540 manat deyil, 1000 manatdır. Belə olan halda, onun İddiaçı borcu 11617 manat təşkil edir və ondan iddiaçının xeyrinə bu məbləğdə pul tutulmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə qismən ləğv edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 01 noyabr 2020-ci il tarixli yazılı qəbzdən görünür ki, Quliyeva X1 Gülgəz Əli qızına qızılların dəyəri olan 12617 manat vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı 19 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı olan 12077 manat borcunu etiraf etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, habelə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 2019-cu ilin mart ayından 2020-ci ilin may ayınadək müxtəlif vaxtlarda ümumi dəyəri 20000 manat olan qızıl-zinət əşyalarını İddiaçı nisyə alqı-satqı yolu ilə almış, onlardan bəzilərinin pulunu qaytarsa da, hazırkı vaxta ödənilməmiş 12617 manat borcu qalmışdır. Əşyaların pulu vaxtında ödənilmədiyindən Cavabdeh 01 aprel 2020-ci ildə qəbz yazaraq iddiaçıya vermiş və pulu ödəməsi barədə öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh iddiaçıya 540 manat ödəniş etmiş, 12077 manat borc qaldığı barədə məhkəməyə 19 mart 2021-ci il tarixdə borcun etirafı barədə ərizə yazmışdır. Beləliklə də, işin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə aldığı mallar üçün tələb olunan borcu yaranmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12077 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci inctansiya məhkəməsi iddianı təmin etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh şikayət verərək borcunun 11617 manat olması əsası ilə onun qismən ləğv edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işdən görünür ki, iş üzrə tərəflərin işgüzar münasibətdə olması, cavabdehin iddiaçıdan qızıl-zinət əşyalarını götürməsi və borcu yaranması işin mübahisəsiz halıdır. Əsas mübahisə nisyə götürülmüş həmin malların ümumi dəyəri və ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıdan mal götürdüyünü, lakin borcunun 11617 manat olduğunu bildirir, iddiaçı isə həmin malların dəyərinin ödənilməməsini və borcun 12077 manat təşkil etdiyini iddia edir. Cavabdeh tərəfindən tərtib edilmiş 01.04.2020-ci il tarixli qəbzdən və məhkəməyə təqdim etdiyi 19.03.2021-ci il tarixli etiraf ərizəsindən görünür ki, onun son nəticədə iddiaçıya borcu 12077 manat təşkil edir. Lakin hazırda cavabdeh apelyasiya şikayəti verərək borcunun 11617 manat olduğunu idia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsaslar gətirilməmiş, o, iddiaçıdan qızıl-zinət əşyalarını aldığını, buna görə borcu yarandığını etiraf etsə də, aldığı malların dəyərinin ödənilməsini və borcunun 11617 manat təşkil etməsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər alqı-satqı münasibətlərində olmuş, qəbz tərtib edilməklə nisyə götürülmüş qızıl-zinət əşyalarının dəyəri ödənilmədiyindən cavabdehin tələb olunan borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilədə isə müddət müəyyən edilməmiş, lakin alınmış əşyaların qiymətləri 01.04.2020-ci il tarixli qəbzdə nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən, Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onların dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetlərini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qızının iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 12077 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, 01.04.2020-ci il tarixli qəbzlə, 19.03.2021-ci il tarixli etiraf ərizəsi ilə və tərəflərin izahatları ilə də təsdiq olunur. Borcun cəmi 11617 təşkil etməsi barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır, çünki bu halları təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-91/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,50 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1988/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1988/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver