Məhkəmə qərarları › İş №2(105)-1988/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1988/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1988/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdeh Abbasov Hicran Adil oğlunun iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «X1 Company» MMC-nin cavabdeh Abbasov Hicran Adil oğluna qarşı «kredit müqaviləsinə xitam verilməsi, müqavilə üzrə əsas borcun və faizlərin tutulması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 2(012)-1124/2014 nömrəli qətnaməsindən cavabdeh Abbasov Hicran Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «X1 Company» MMC cavabdeh Abbasov Hicran Adil oğluna qarşı «kredit müqaviləsinə xitam verilməsi, müqavilə üzrə əsas borcun və faizlərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Abbasov Hicran Adil oğlu arasında bağlanmış 16 iyul 2008- ci il tarixli 50 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən Bankın xeyrinə 1724 manat faiz borcunun, 31.5 manat ödənimiş dövlət rüsumunun və poçt xidmətinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi, Bankın ləğvedicisi qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. Bank ilə cavabdeh arasında bağlanmış 16 iyul 2008-ci il tarixli 50 saylı kredit müqaviləsinə əsasən cavabadehə 18 ay müddətinə illik 26 faiz olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən 5000 manat, faiz məbləğindən 611 manat, cəmi 5611 manat qismən ödəniş edərək, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə cavabdehə borcunun ödənilməsi barədə müraciətlər olunmuş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə faiz borcu üzrə 1724 manat məbləğində borcu vardır. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 2(012)-1124/2014 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Abbasov Hicran Adil oğlu arasında bağlanmış 16 iyul 2008-ci il tarixli 50 saylı Kredit Müqaviləsi üzrə yaranmış 1724 (bir min yeddi yüz iyirmi dörd) manat faiz borcunun və 31 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Abbasov Hicran Adil oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «X2 Company» MMC-nin hesabına köçürülməsi qət edilmişdir (hakim Şövkət Nəcəfova). Qətnamədən narazı qalan cavabdeh Abbasov Hicran Adil oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 2(012)-1124/2014 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən göründüyü kimi, məhkəmə iclası, daha doğrusu iddia tələbinə məhkəmə baxışı onun iştirakı olmadan keçirilmişdir. Bu hal onun qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, mübahisələndirdiyi qətnaməyə əsasən məhkəmə onun iştirakını təmin etməyərək ondan 1724 manat faiz borcunun və 31 manat məbləğində məhkəmə xərclərinin tutularaq iddiaçıya ödənilməsini qət edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara, yəni prosessual qanunvericiliyin tərəfin iştirakı barədə, iddia tələbinə baxılması barədə, məhkəmə iclası barədə məlumatlandırılması və s. bu kimi tələbinə əməl etməmişdir. Bu faktdır ki, onun xəbəri olmamışdır. Nə ona, nə də ki, onun ailə üzlərinə məhkəmə bildirişi gəlməmişdir. Onun nə faktiki yaşayış, nə də ki, qeydiyyatda olduğu ünvan dəyişməmişdir. Elə həmin vaxtdan faktiki yaşayış və qeydiyyat ünvanı birdir. Hesab edir ki, 1-ci instansiya məhkəməsi 16 iyul 2008-ci il tarixli, 50 saylı Kredit Müqaviləsi üzrə borc məbləğinin onun tərəfindən tamamilə ödənilib-ödənilməməsi barədə məsələni ümumiyyətlə araşdırmamışdır. Belə ki, o, hələ İddiaçı ASC-nin lisenziyası ləğv edilməmişdən onunla bağlanmış kredit müqaviləsi üzrə borcunu tam ödəmişdir. Bu faktdır. Onun qeyd olunmuş kredit müqaviləsi üzrə iddiaçıya hər hansı borcu qalmamışdır. Lakin məhkəmə ona qarşı qaldırılan uydurma kredit borcu üzrə olan iddia tələbinə dair məhkəmə iclaslarında onun iştirakını təmin etməyərək nə qanuna, nə də ki, haqq-ədalətə sığmayan qətnamə qəbul etmişdir. Borcu olsaydı iddia tələbində əsas borc da istənilərdi. Onun faiz borcu ilə də razılaşmaq fikri yoxdur, çünki o, iddiaçıya müvafiq kredit müqaviləsi üzrə borcunu onun lisenziyası ləğv edilməmişdən öncə tam ödəmişdir. Onun iştirakı təmin edilmiş olsaydı, yəni ona qarşı verilmiş iddia barədə o, məlumatlandırılmış olsaydı, borcunun olmamasını bildirərdi. Cavabdeh daha sonra iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı ASC-nin ləğvedicisi “X1” MMC-nin ona qarşı iddiasını qəbul etmir. Belə ki, iş materiallarından da göründüyü kimi 16 iyul 2008-ci il tarixli 50 saylı kredit müqaviləsinə əsasən ona bank tərəfindən 18 ay müddətinə illik 26 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə əsas və faiz borcu tərəfindən tam şəkildə ödənilmişdir. Digər tərəfdən iş materiallarından da məlum olduğu kimi kredit müqaviləsinin müddəti xx.xx.2010-cu il tarixində başa çatmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2014-cü il tarixində müraciət etmişdir. Belə olan halda isə iddiaçı tərəfindən həm də qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ona məhkəmə tərəfindən heç bir məlumat verilməmiş, onun məhkəmə proseslərində iştirakı təmin olunmamışdır. Hətta belə bir məhkəmə mübahisəsinin olmasından o, uzun müddət sonra məlumat əldə etmiş və bundan sonra məhkəməyə müraciət edərək qətnaməni rəsmi qaydada alıb apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də onun birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermək imkanı olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətində göstərilənlərlə yanaşı, həm də 3 illik iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abbasov Hicran Adil oğlu apellyasiya şikayətinin dəlillərini və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, eləcə də iddia müddətini tətbiq edərək Abşeron Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 2(012)-1124/2014 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Abbasov Hicra Adil oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank, Borcalana illik 26 faiz ödənilməsi şərtilə 16 yanvar 2010-cu il tarixədək 5000 (beş min) manat kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Abbasov Hicran Adil oğluna 16 iyul 2008-ci il tarixli 50 saylı kredit müqaviləsinə əsasən 18 (on səkkiz) ay müddətinə, illik 26 (iyirmi altı) faiz dərəcəsi olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Alınmış kreditdən bu günədək kreditin əsas məbləğindən 5000 (beş min) manat, faiz məbləğindən 611 (altı yüz on bir) manat, cəmi 5611 (beş min altı yüz on bir) manat məbləğində ödəniş edilmişdir. Abbasov Hicran Adil oğlunun qeyd olunan kredit müqaviləsi üzrə 04 noyabr 2013-cü il tarixinə 1724 (bir min yeddi yüz iyirmi dörd) manat faiz borcu mövcuddur. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Abbasov Hicran Adil oğluna 16 iyul 2008-ci il tarixli 50 saylı kredit müqaviləsinə əsasən 18 (on səkkiz) ay müddətinə, illik 26 (iyirmi altı) faiz dərəcəsi olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmiş, maliyyə arayışına əsasən cavabdeh alınmış kreditdən bu günədək kreditin əsas məbləğindən 5000 (beş min) manat, faiz məbləğindən 611 (altı yüz on bir) manat, cəmi 5611 (beş min altı yüz on bir) manat məbləğində ödəniş etsə də, qeyd olunan kredit müqaviləsi üzrə 04 noyabr 2013-cü il tarixinə 1724 (bir min yeddi yüz iyirmi dörd) manat faiz borcu mövcuddur. Kredit müqaviləsi üzrə iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə borcu yarandığına görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən apellyasiya şikayətində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini xahiş edildiyindən, iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 16 iyul 2008ci il tarixli 50 saylı kredit müqaviləsinə görə öhdəliyin icra müddəti 16 yanvar 2010-cu il tarixdə bitmiş, lakin iddiaçı tərəfindən iddia ərizəsi 28 fevral 2014-cü il tarixdə verilməklə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə 28 fevral 2014-cü ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə sənədlərini rəsmi qaydada verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində aparılmış icraat zamanı cavabdehin yaşadığı ünvana məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər göndərildyi görünsə də, həmin bildirişlərin cavabdehə təqdim olunması barədə iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir və beləliklə də, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin olunmadan 23 aprel 2014-cü il tarixdə qətnamə qəbul edilmiş, həmin qətnamə 23 aprel 2014-cü il tarixli məktubla cavabdehin ünvanına göndərilsə də, həmin qətnamənin cavabdehə rəsmi qaydada təqdim olunması barədə iş materiallarında hər hansı sübut aşkar olunmamışdır. Cavabdeh qətnamədən icra şöbəsində məlumatlı olmuş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim edilməsini xahiş etmiş, məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada cavabdehə təqdim olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş və işə apellyasiya instansiyasında baxılan zaman iddia müddətinin tətbiqi barədə ərizəni kollegiyaya təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmadığından və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilmədiyindən həmin ərizəni apellyasiya instansiyası məhkəməsində təqdim etdiyindən ərizədə göstərilən məsələyə baxmalıdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı əlаqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 2(012)-1124/2014 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Abbasov Hicran Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 2(012)-1124/2014 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «X1 Company» MMC-nin cavabdeh Abbasov Hicran Adil oğlundan Bankın xeyrinə 1724 manat faiz borcunun, 31.5 manat ödənimiş dövlət rüsumunun və poçt xidmətinin tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar