Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-199/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X12 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(031)-846/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BPM**********546 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 8293,36 manat əsas borc və 9,68 manat faiz borcu olmaqla, cəmi 8303,04 manat və bundan başqa BPM**********15 nömrəli, xx.xx.2020-ci il tarxili tam kart çərçivə müqaviləsi üzrə 360,06 manat əsas borc olmaqla, cəmi 360,06 manat məbləğində kredit borcunun, ödənilmiş 106,64 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şabran filialı ilə X7 arasında bağlanmış BPM**********546 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6 59 ay müddətinə illik 21 faiz olmaqla 9300 manat məbləğində nağd kredit və BPM**********15 nömrəli, xx.xx.2020-ci il tarxili tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şabran rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 112 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X5 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 394 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şabran” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, X5 vəfat etdiyi tarixə BPM**********546 nömrəli, xx.xx.2022-ci kredit müqaviləsinə əsasən nağd kredit üzrə 8293,36 manat əsas borc və 9,68 manat faiz borcu olmaqla cəmi 8303,04 manat və bundan başqa BPM**********15 nömrəli, xx.xx.2020-ci il tarxili tam kart çərçivə müqaviləsinə əsasən 360,06 manat əsas borcu olmaqla, cəmi 360,06 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Şabran Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(031)-846/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2924 (iki min doqquz yüz iyirmi dörd) manat 43 (qırx üç) qəpik məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Könül Mirzəfərova). Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(031)-846/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianın qismən təmin olunmasının əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsini əsas gətirmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, vərəsəlik şəhadətnaməsində qəbul edilən əmlakın 2924 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi Cavabdeh Şabran rayon Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz mülahizəsinə əsasən iddianı qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə miras qoyanın borcunun mirasdan çox olmasını araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Həmçinin məhkəmə iş üzrə qərar qəbul edərkən vahid məhkəmə təcrübəsini də pozmuşdur. Belə ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 900/2024 saylı qərarının(3 ulduzla işarələnmiş) 33-cü bəndində qeyd olunur ki, “bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı “sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Yuxarıda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Məhkəmə həmçinin iddia tələbini rüsum hissəsində də, təmin etməmişdir. Qətnamə həmin hissədə də, əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli və iddia tələbi tam təmin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 iyun 2023-cü il tarixdə Şabran rayonunda vəfat etmişdir. İş materiallarında olan Şabran rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 112 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X5 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 394 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, X5 qanun üzrə vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-də olan 2924,43 manat pul vəsaitindən ibarətdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən iş materiallarına, həmçinin Mülki Məcəllənin 21-ci, 442-ci, 445.2-ci, 448.1-ci, 558.1-ci, 1153-cü, 1151.1-ci , 1243.2-ci, 1243.3-cü, 1257.1-ci, 1306-cı maddələrinə istinad edərək iddianı qismən təmin etmiş, qətnaməni onunla əsaslandırmışdır ki, X5 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Eyni zamanda, "Elektron notariat" X1 çıxarışdan görünür ki, X5 qanun üzrə vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSCdə olan 2924,43 manat pul vəsaitindən ibarətdir. Belə olan halda, Cavabdeh 2924,43 manat məbləğində miras kütləsi qəbul etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin cavabdehin iddiaçı qarşısında öhdəliyinin 2924,43 manat ilə məhdudlaşmasına əsaslanan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iş üzrə iddia tələbi cavabdehdən vərəsə olaraq kredit müqaviləsi üzrə mirasqoyanın borcunun tutulması barədədir. Cavabdehin kredit müqaviləsi üzrə mirasqoyan X5 vərəsəsi olması və onun miras əmlakdan 1/1 (tam) hissədə pay alması, həmin miras əmlakın "xxxx" QSC-də olan 2924,43 manat pul vəsaitindən ibarət olması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən cavabdehin iddiaçı qarşısında öhdəliyinin 2924,43 manat ilə məhdudlaşmasına əsaslanmış və Mülki Məcəllənin digər maddələri ilə yanası, 1306.1-ci maddəsinə də istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinə düzgün istinad etsə də, həmin Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almamış, faktiki olaraq borcun mirasdan çox olduğunu sübut etmək etmək yükünü iddiaçının üzərinə qoymuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. İşdən görünür ki, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normasını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını – Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tətbiqi üçün elə həmin Məcəllənin 1307-ci maddəsində göstərilən hal – mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilməli, bundan çıxış edərək sübut etmə yükü düzgün bölüşdürülməklə iddiaya qiymət verilməli idi. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, mərhum X5 mülkiyyətində Şabran şəəhərində yerləşən 0.0510 ha torpaq sahəsi vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahatında hazırda mübahisə predmeti olan kredit müqaviləsini birgə nikah dövründə mərhum həyat yoldaşı tərəfindən götürüldüyünü etiraf etmişdir.Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Göründüyü kimi öhdəlik birgə nikah dövründə götürüldüyündən cavabdehin də həyat yoldaşı ilə birgə öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etməl hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onuı pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayəti ilə birinci instasniya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmiş, hazırki qətnamə ilə birinci instasniya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli olduğundan apellyasiya şikayəti də qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli apellyasiya şikayəti qismən təmin edilməklə, iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(031)-846/2024 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi tam təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 8293,36 manat əsas borc və 9,68 manat faiz borcu olmaqla, cəmi 8303,04 (səkkiz min üç yüz üç manat dörd qəpik) manat və xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 360,06 (üz yüz altmış manat altı qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 106,64 (bir yüz altı manat altmış dörd qəpik) manat və xidmət haqqı olaraq 0,40 (qırx qəpik) manat tutulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-199/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-199/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver