Məhkəmə qərarları › İş №2(105)-1992/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1992/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1992/2022 17.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(060)-3911/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh4 əmək haqqından tutulmuş məbləğlər nəzərə alınmaqla xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 650,06 (altı yüz əlli manat altı qəpik) manat əsas, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən isə 2078,93 (iki min yetmiş səkkiz manat doxsan üç qəpik) manat əsas borc olmaqla, cəmi 2728,99 (iki min yeddi yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan birgə qaydada kreditor "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183 saylı kredit müqaviləsi üzrə 650,06 manat əsas borc, 94,02 manat faiz borcu olmaqla, cəmi 744,08 manat, borclulardan birgə qaydada kreditor "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit müqaviləsi üzrə 2078,93 manat əsas borc, 868,50 manat faiz borcu olmaqla, cəmi 2947,43 manat tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014cü il tarixdə bağlanan SUMG1-10781-6183 saylı kredit müqaviləsinə, və onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183/1 və xx.xx.2014-cü il tarixli SUMG1- 10781-6183/2 saylı razılaşmalara əsasən ikinciyə illik 34% faizlə, 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasnı təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli SUMG1-10781- 6183+SUMG1-10784 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli ödəniş cədvəlinə əsasən borclu hər ay 144 manat ödəniş etməli idi. Əlavə olaraq, "xxxx" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit xətti müqaviləsinə, və onun əsasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1- 10781-7371/1 və SUMG1-10781-7371/2 saylı razılaşmalara əsasın ikinciyə illik 22,70 % faizlə 24 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli SUMG1- 10781- 7371+SUMG1-12899 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən borclu hər ay 115 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozmuşdur. Beləliklə, xx.xx.2017-ci il tarix üçün Cavabdeh1 xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183 saylı kredit müqaviləsi üzrə 650,06 manat əsas borc, 94,02 manat faiz borcu olmaqla, cəmi 744,08 manat, xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit xətti müqaviləsi üzrə 2078,93 manat əss borcu, 868,50 manat faiz borcu olmaqla, cəmi 2947,43 manat borcu qalmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(060)-3911/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi norma kimi aşağıdakı normalara istinad etmiş və mübahisəyə qiymət vermişdir. O, məhkəmənin mövqeyi ilə razı deyil və bildirmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göründüyü kimi zaminlik müqaviləsi 2015-ci ildə bağlanmış və həmin müqavilə müddəti artıq başa çatmış və 7 il müddət keçmişdir. Digər tərəfdən o, 1 müqavilə üzrə zamin durmuş, lakin məhkəmə onu hər iki müqavilə üzrə öhdəliyə cəlb etmişdir. Bundan başqa bildirmək istəyir ki, bankdan götürülmüş məbləğ «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür, lakin iddiacı qeyd edilən kredit borcunun restruktizasiyası ilə baglı hec bir addım atmamış və bunda maraqlı olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı artıq 2017-ci ildə məhkəmə əmri olmuş və icraya yönəldilmişdir. İcra məmuru həmin Fərmanın təsiri altına düşən hazırkı kredit məbləği üzrə icra işinə xitam verməklə bank təşkilatına göndərilməsini və borcun restruktizasiyasını həyata keçirməli olduğu halda bunu etməmiş, nə iddiaçı bank və nə də icra şöbəsi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə 5 il sonra məhkəmə qətnaməsi ilə qət edilmiş ümumi məbləğ üzrə borcun ondan tutulması ilə bağlı icra vərəqəsi verilmiş və yalnız bundan sonra o, həmin əmrin surətini almaqla ona etiraz vermişdir. İddiaçı bank ona heç vaxt tələb olunan məbləğin restruktizasiyası ilə bağlı bildiriş göndərməmiş və bu barədə təklif belə verməmişdir, lakin məhkəmə qəbul etdiyi qətnamədə heç bir əsas olmadan bu dəlili mötəbər dəlil kimi qəbul etmişdir. Onun əmək haqqından tutulmaların aparılmasına baxmayaraq məhkəmə həmin tutulmaları da nəzərə almadan iddia olunan əsas borcun müştərək qaydada tutulmasına qərar vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi ilə əsaslandırmışdır. Cavabdeh4 bu nəticədən narazı qalaraq, apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni yalnız özünə aid hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin qismən mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanan SUMG1-10781-6183 saylı kredit müqaviləsinə, və onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183/1 və xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183/2 saylı razılaşmalara əsasən ona illik 34 faizlə, 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Əlavə olaraq, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit xətti müqaviləsinə, və onun əsasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1- 10781-7371/1 və SUMG1-10781-7371/2 saylı razılaşmalara əsasən ona illik 22,70 faizlə 24 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələri). İşdən görünür ki, Cavabdeh4 apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, onunla zaminlik müqaviləsi ancaq bir kredit müqaviləsinin təminatı kimi bağlanmışdır, o, ancaq bir kredit müqaviləsi üzrə öhdəlik daşıyır. İş materiallarından göründüyü kimi "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli SUMG1-10781- 7371+SUMG1- 12899 saylı zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit xətti müqaviləsinin təminatı kimi bağlanan zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş, digər xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183 saylı kredit müqaviləsinin təminatı kimi bağlanan zaminlik müqaviləsi üzrə isə öhdəlik götürməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 650,06 (altı yüz əlli manat altı qəpik) manat əsas borcun Cavabdeh4 tutulması barədə düzgün nəticəyə gəlməmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə müddətin ötürülməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilə 24 ay müddətinə bağlandığından, iddiaçının xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə aldıqda Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bankdan götürülmüş məbləğin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi barədə dəlilinə gəldikdə isə qeyd edir ki, iş materiallarında bunu təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bu cəhətdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 650,06 (altı yüz əlli manat altı qəpik) manat əsas borcun Cavabdeh4 tutulması hissəsində iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar