Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1993/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızının, Cavabdehlər X11, X4 və Yəhyayeva Gülbəniz Qədir qızının, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızının cavabdehlər X13, X8 və Yəhyayeva Gülbəniz Qədir qızına yaşayış sahəsindən istifadə hüququnun tanınması və oraya köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-150/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-150/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızının iddiası təmin edilməmişdir. (hakim Ə.Ələkbərov) İddiaçı Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızı qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X13 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və həmin mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mübahisəli 7 saylı mənzil Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı binada yerləşməklə 3 otaqdan ibarətdir. Həmin mənzil onun qayınatası Cavabdeh işlədiyi Sumqayıt Yuyucu Maddələr zavodu tərəfindən ayrılmışdır. O, cavabdehlərdən X14 ilə 29.10.2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların birgə nikahından 30.03.2012-ci ildə X15 və 02 sentyabr 2015-ci ildə X16 adlı 2 övladı anadan olmuşdur. Ailə quran gündən o, ailə üzvü kimi mübahisəli mənzilə gəlin köçmüş və bu mənzildə ailə üzvü kimi yaşamaqla cavabdehlərlə birgə təsərrüfat idarə etmişdir. Onun bütün cehiz əmlakları həmin mənzildədir. 2019-cu il noyabr ayının 19-da həmin mənzildə söz-söhbət olmuş və məcburiyyət qarşısında qalaraq xırda və gündəlik istifadə olunan bəzi əmlaklarını ordan çıxararaq 2020-ci ilin yanvar ayında kirayədə yaşamışlar. Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 5/17-də yerləşən 22 saylı mənzildə müvəqqəti kirayə yaşadıqları vaxt 14.02.2020-ci il tarixdə həyat yoldaşı onunla evdə dalaşaraq üstünə bıçaq çıxarmış, onu döymüş və o, məcburiyyət qarşısında qalaraq həmin gündən uşaqları ilə birlikdə evi tərk etmişdir. Sonradan isə o, həmin mənzilə gələndə ona aid və birgə nikah vaxtı aldıqları əmlakların həmin mənzildə olmadığını görmüş və valideynlərinin yanına qayıtmışdır. Lakin onun cehiz əmlakları mübahisəli mənzildədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxmış məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. Mübahisə həll edilərəkən bütün sübutlar tədqiq olunmamış, yalnız qarşı tərəfin mülahizələri əsas götürülmüşdür. Məhkəmə araşdırması zamanı qarşı tərəf iddia ərizəsində göstərilən bütün xüsusatları təsdiq etmiş, onun 2010-cu ildən 2019-cu ilin noyabr ayına kimi-yəni 10 ilə yaxın bir müddət ərzində mübahisəli mənzildə ailə üzvü kimi yaşadığını və əmlaklarının həmin mənzilə gətirildiyini, hələ də əmlaklarının qeyd edilən mənzildə olduğunu təsdiq etmiş, lakin məhkəmə bu halları nəzərə almamışdır. Bundan başqa, məhkəmə öz təşəbbüsü ilə mübahisəli mənzilin yerləşdiyi yataqxananın artıq Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında olduğunu nəzərə alaraq, həmin orqanı mübahisə üzrə 3-cü şəxs qismində cəlb etmiş və məhkəməyə dəvət edilmiş nümayəndə iddia tələbini qəbul etdiyini, onun həmin mənzildən istifadə hüququnmun olduğunu məhkəmədə bildirmişdir. Hər iki övladı mübahisəli mənzil üzrə qeydiyyata alınmışlar. O, iddia tələbini 2020-ci ilin mart ayında qaldırmış, düz bir il məhkəmə bu işin baxışını uzatmış, bir il sonra hazırki qətnamə qəbul edilmişdir. O, iddia qaldıran vaxt onunla cavabdeh V.Yəhyayev arasında nikah ləğv edilməmişdi. Digər tərəfdən, onun iddia qaldırdığı mənzil dövlət mənzil fondundadır və o, həmin mənzilin kirayəçisi tərəfindən bu mənzilə köçürülmüş, bununla da istifadə hüququ əldə etmişdir. Lakin məhkəmə bütün işin hallarını qarşı tərəfin xeyrinə təhrif etməklə əsaslı iddianı rədd etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olumalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışında cavabdehlər X18, X14 və Yəhyayeva Gülbəniz Qədir qızı bildirdilər ki, apelyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və buna görə də iddiaçının şikayəti təmin edilməməlidir. İş üzrə mütəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin nümayəndəsi X5 bildirdi ki, iddiaçı mübahisəli mənzil xüsusi təyinatlı yaşayış sahəsidir. İddiaçı mənzilə köçürülərkən qanuna görə kirayəverən orqan olaraq onların razılığı alınmalı oduğu halda onların rəsmi razılığı alınmamışdır. Sonda mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 21 saylı Mənzil Kommunal Səhəsinin 458 nömrəli arayışından görünür ki, cavabdehlər X18, X14 və Yəhyayeva Gülbəniz Qədir qızı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, 7 saylı mənzilində qeydiyyatdadırlar. Yenə iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə Nağıyeva Aysel Nağı qızı arasında 29.10.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1804 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Yəhyayeva soyadı verilmişdir. Yenə də iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 30.03.2012-ci ildə X15 və 02.09.2015-ci ildə X16 adlı övladları doğulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 21 saylı Mənzil Kommunal Səhəsinin 02.03.2020-ci il tarixli aktından görünür ki, İddiaçı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, 7 saylı mənzildə 23.10.2010-cu il tarixdən 2019-cu ilin noyabr ayına qədər yaşamışdır. Qeyd olunanları X9, X10 və X18 öz imzaları ilə təsdiq etmişlər. Yenə işə əlavə edilən AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27.11.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən, 7 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2859/2020 saylı 30.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların ananın yanında qalması və 30.03.2012-ci il təvəllüdlü X6 və 02.09.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin X3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş 28 saylı, 4115 seriyalı yaşayış sahəsinə köçmə hüququ verən orderin surətindən görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı ev, 4 saylı yataqxananın 7 saylı otağı X13 verilmişdir. Mənzilin yaşayış sahəsi 36,75 kv.m-dir. Onunla birlikdə orderdə arvadı Yəhyayeva Gülbəniz Qədir qızı, oğlu X14 və qızları X12 və X2 adları qeyd edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 29 oktyabr 2010-cu il tarixdə X14 ilə nikaha daxil olaraq icarədarı qayınatası X18 olan ünvan 1 ünvanına gəlin köçmüşdür. 2019-cu ilin noyabr ayında mübahisəli mənzili tərk edərək keçmiş əri ilə birlikdə 2020-ci ilin yanvar ayından kirayədə yaşamışdır. 30 iyul 2020-ci il tarixdə məhkəmə qətnaməsi əsasında onların nikahına xitam verilmişdir. İddiaçı hal-hazırda valideynlərinin yanında yaşayır. O, məhkəmədə iddia qaldıraraq onun uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və həmin mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 29.10.2010-cu ildə yarandığından (iddiaçının nikaha girdiyi tarix) məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Mübahisəli yaşayış sahəsi də yataqxanada yerləşdiyindən xüsusi təyinatlı yaşayış sahəsidir. Mənzil Məcəlləsinin 69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə görə dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında 459 saylı, 27 noyabr 2019-cu il tarixli Qərarına görə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, iddiaçı mübahisəli mənzilə köçərkən istinad olunan normanın tələblərinə zidd olaraq kirayəyə verənin yazılı razılığı alınmamışdır. Digər tərəfdən qeyd edildiyi kimi, mübahisəli mənzilin yaşayış sahəsi 36,75 kv.metrdir. Hazırda mənzildə 5 nəfər qeydiyyatda olmaqla yaşayır. Belə olan halda daha öncə istinad olunan maddi hüquq normalarına və işin faktiki halarına əsasən iddiaçının həmin mənzil köçürülməsi yolverilməzidr. Bundan əlavə, işə baxan məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.4-ci maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 70-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. İşə baxan məhkəmə müəyyən etmişdir ki, iddiaçı icarədarın ailə üzvü olarkən mübahisəli mənzili müvəqqəti deyil, daimi yaşamaq üçün tərk etmiş, eləcə də artıq keçmiş ailə üzvü kimi qanuni əsaslarla yaşayış sahəsində yaşayışını davam etdirməmişdir. Bu hal isə onun həmin mənzildən istifadə hüququnu əldə etməsini istisna edir. Mübahisəli mənzili 19 noyabr 2019-cu ildən daimi tərk etməsini iddiaçı həm öz iddia ərizəsində, həm də apelyasiya şikayətində təsdiq etmişdir. Belə olan halda, isə onun həmin mənzildən istifadə hüququ yarana bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-150/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Yəhyayeva (Nağıyeva) Aysel Nağı qızının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1993/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1993/2021
27.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver