Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1994/2022 10.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(060)-3842/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 87 manat alimentin miqdarının artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin, eləcə də 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Rəsmi nikahdan xx.xx.2006-cı il təvəllüdlü David adlı oğulları olmuşdur. (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən uşağın adı “Pərvin”, soyadı “Məlikov” olmuşdur). Aralarında olan nikah qeydi 30 may 2012-ci il tarixli məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2012-ci il tarixli qətanməsinə əsasən cavabdehdən 87 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu müddət ərzində uşaq böyümüş, onun maddi tələbatları, məktəb xərcləri də artmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(060)-3842/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)- 1915/2012 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(060)-3842/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.Belə ki, iddiaçı məhkəmədə bildirmişdir ki, o “Azərkimya” istehsalat birliyində çalışır,aylıq əmək haqqı 1000 manat təşkil edir.Lakin cavabdehin hazırki qazancı barədə məlumatı və sübutu yoxdur,lakin buna baxmayaraq alimentin artırılmasını zəruri hesab edir. Lakin cavabdeh heç yerdə işləmir,hazırda Rusiyada yaşayır, iddiaçının aylıq gəliri uşağın normal maddi təminat içərisində böyüməsi üçün tam yetərlidir.Qarşı tərəf cavabdehin maddi vəziyyətinin daha da ağırlaşdığını və heç yerdə işləmədiyini,qazanc və gəlirinin olmadığını bildiyi halda ona qarşı hazırki iddia tələbini qaldırmışdır. Qarşı tərəfin yüksək gəlirinin olmasına, cavabdehin isə maddi sıxıntı içərisində yaşamağına baxmayaraq məhkəmə qarşı tərəfin iddia tələbini təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1976-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1915/2012 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın ləğv edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə cavabdehdən xx.xx.2012-ci ildən başlayaraq 87 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir (hakim Şövkət Nəcəfova). Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər arasındakı nikahın ləğvi nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 369 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-68/2013 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2 adının “Pərvin”, soyadının “Məlikov” kimi dəyişdirilərək qeydə alınması qət edilmişdir (hakim İlqar Məmmədov). Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən X5 xx.xx.2006-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 16 yaşı var və buna görə onun təminat xərcləri artmışdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir.Uşağın təminat səviyyəsinin yaxşılaşdırılması valideynlər üçün əsas meyar olduğundan birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməli və göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(060)-3842/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1994/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1994/2022
10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver