Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1998/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1089,25 ABŞ dolları əsas borc, 973,01 ABŞ dolları faiz borcu, 1145,64 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 324,15 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 3532,05 ABŞ dolları məbləğində borcun və 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 046 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 24% ödənilmək şərtilə 3.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 046/1 saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışır. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdeh1 kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmiş, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)-64/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyyə edilən tədbirlər iddiaçı tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 046 saylı kredit müqaviləsi üzrə 1089,25 ABŞ dolları əsas borc, 973,01 ABŞ dolları faiz borcu, 45,64 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 324,15 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 2432,05 (iki min dörd yüz otuz iki dollar 05 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 54,40 (əlli dörd manat 40 qəpik) manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. Məhkəmə 1145,64 ABŞ dolları dəbbə pulu tənasübsüz surətdə azaldılaraq 45,64 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Borcun zamin Cavabdeh2 tutulmasına dair qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırkı tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminə aid hissədə rədd edilməlidir.
6. Məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.2.1,448.1,462.1, 465.2, 739, 472-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı, yeri barədə xəbərdar edilmədiyindən və bunun səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə iclasında iştirak etməmişdir. Bildirir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 046 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə, illik 24% ödənilmək şərtilə 3.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin tarixdən etibarən ödəniş cədvəlinə uyğun kredit borcunu ödəyirdi. 2016-cı il tarixində İddiaçı ASC-nin fəaliyyəti dayandırıldıqdan sonra kredit borcunun ödənişi üçün dəfələrlə həmin tarixdə banka getsə də bildirilmişdir ki, bankdan əlaqə saxlanılaraq çağrılacaqdır. İndiyədək onunla əlaqə saxlayan olmayıbdır. Qətnamə barədə icra məmuru tərəfindən məlumat almışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)-64/2020 saylı məlumatı olmadan və iştirakı təmin olunmadan qəbul edilmiş qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmasına baxmayaraq, bu günədək iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün şifahi və yazılı olaraq o və zamin məlumatlandırılmamış, güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Belə ki, güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalaması bildirişi və xəbərdarlıq (pretenziya) məktubu ilə müqaviləyə əsasən borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmamışdır. Məktubun ona rəsmi qaydada verilməsini təsdiq edən xəbərnamə (qəbz) iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iş materiallarını araşdırmadan əsassız olaraq hesab etmişdir ki, iddiaçının 3 il iddia hüququ olduğu halda, son ödəniş etdiyi tarixdən 7 il, iş materiallarına əlavə edilmiş Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadınadək 4 il iddia müddəti keçməsinə baxmayaraq tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2015-ci ildə iddiaçı bankdan kredit götürmüş, hissə-hissə ödənişləri icra etmiş, sonra ödəniş etmək istəyəndə ona bildirmişlər ki, bank ləğv olunub və hara ödəniş edəcəyi barədə ona məlumat verəcəklər. Amma ona sonradan heç bir məlumat verilmədi. İndi də barəsində məhkəməyə müraciət olunub. Öhdəliyini icra etməkdən boyun qaçırmamışdır. Kreditorun hərəkətlərinə görə ödəniş edə bilməmişdir. Borcu restruktruzasiya prosesinin təsirinə də düşürdü. Bu barədə ərizəsi var idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh restruktruzasiyanın tətbiqi üçün banka yaxınlaşmayıb. Ona banka gəlməsi üçün rəsmi bildiriş göndərilib-göndərilməməsi barədə hazırda sənəd yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirdi ki, qətnamədən apellyasiya şikayəti verməsə də şikayəti müdafiə edir və bildirir ki, müqavilə üzrə zaminliklə bağlı öhdəlik götürmüşdür. Restruktruzasiyanın mahiyyəti ona aydındır. Onun tətbiqindən sonra qalan məbləği ödəməkdən imtina etmirlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471.1-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 374-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir; İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
14. Mülki Prosessual Məcəllə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 046 saylı kredit müqaviləsi üzrə 1851,73 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
17. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 046 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 18 ay müddətinə, illik 24% ödənilmək şərtilə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
18. İddiaçıASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 046/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
19. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, **********197 saylı maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 046 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixinə banka olan borcu 1089,25 ABŞ dolları əsas borc, 973,01 ABŞ dolları faiz borcu, 1145,64 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 324,15 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 3532,05 ABŞ dolları təşkil edir.
20. X3 xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 80 manat məbləği dövlət rüsumu ödənilmişdir.
21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. 1145,64 ABŞ dolları dəbbə pulu tənasübsüz surətdə azaldılaraq 45,64 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Borcun zamin Cavabdeh2 tutulmasına dair qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırkı tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminə aid hissədə rədd edilməlidir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, cavabdehlə bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşübdüşməməsinin aydınlaşdırmamış, yekunda da səhv nəticəyə gəlmişdir.
23. İş materiallarından müəyyən edilir ki, iddiaçı təşkilat xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)- 64/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar iddia ərizəsi baxılmamış saxlanılmışdır.
24. Qeyd edilən hal iddia ərizəsində göstərilsə də birinci instansiya məhkəməsi müqavilə üzrə borcun Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşüb-düşməməsinin aydınlaşdırmamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur.
26. İşə əlavə edilmiş problemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdehə 1454 manat kompensasiya hesablanmış, qalıq borc 1851,73 manat müəyyən edilmişdir.
27. İşə əlavə edilmiş cavabdeh Mehparə Hüsyenova tərəfindən ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, kredit müqaviləsi üzrə borc 1851,73 manat müəyyən edilmişdir. Qalıq 1851,73 manat borcun 60 ay müddətinə restrukturizasiya edilməsinə göstəriş verilməsini xahiş edir.
28. Bununla da müəyyən edilir ki, kredit müqaviləsi üzrə Mehparə Hüseynovanın qalıq borcu 1851,73 manat olmuşdur.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən əsas borca görə 1851,73 manat həcmində borc tutulmalıdır.
29. Məhkəmə kollegiyası iddia tələbinin digər hissələrinə, 973,01 ABŞ dolları faiz borcu, 1145,64 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 324,15 ABŞ dolları faiz məbləğinin tutulmasına qiymət verərək qeyd edir ki, kredit müqaviləsi üzrə borc məbləği yuxarıda qeyd edilən Fərmanın təsiri altına düşdüyündən müqavilə üzrə faiz, gecikdirilmiş borc, cərimə borcunun tutulması əsaslı sayıla bilməz.
31. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Hüseynova Mehparə Həsən qızının kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
33. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
34. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əsasən Fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin edilməli, nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilməli, nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməlidir.
35. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.
36. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. 37.Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu.
38. Qeyd olunan Fərmanda faizlərin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir.
39. İşdən göründüyü kimi cavabdeh iddiaçı bankdan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit götürmüş, müqavilənin son müddəti xx.xx.2017-ci il müəyyən edilmiş, iddiaçı bank xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət edərək cavabdehlərdən 1089,25 ABŞ dollar əsas, 415,58 ABŞ dollar faiz, 158,85 ABŞ dollar hesablanmış məbləğ, 1145,64 ABŞ dollar cərimə tələb etmiş, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)- 64/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar ərizə baxılmamış saxlanılmışdır.
40. İşdən görünür ki, kredit müqaviləsinin müddəti bitəndən iki ildən artıq müddət sonra hazırki Fərman qəbul edilmiş, müqavilənin şərtləri Fərmanın təsiri altına düşmüşdür.
41. Göründüyü kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul edildiyi tarixə cavabdehin əsas borcu 1851,73 manat təşkil etmişdir.
42. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının yuxarıda qeyd edilən bəndləri nəzərə alınaraq, cavabdehdən yalnız müqavilə üzrə əsas borca görə 1851,73 manat əsas borc tutulmalı, müqavilə Fərmanın təsiri altına düşdüyündən, müqavilə üzrə faiz, cərimələr silinməli olduğundan həmin müqavilə üzrə cavabdehdən əsas borca görə faiz, cərimə, gecikdirilmiş faiz borcunun tələb edilməsi əsassız olmuşdur.
43. Məhkəmə kollegiyası borcun digər cavabdehdən, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üçün zamin durmuş şəxsdən tutulmasına münasibətdə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 046/1 saylı zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, 046 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir.
45. Buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.
46. İş materiallarından görünür ki, müqavilə üzrə sonuncu ödənişin tarixi xx.xx.2017ci ildir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi, onlar kredit borcunu və ona hesablanmış faizləri ən geci xx.xx.2017-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar.
47. Belə olan halda iddiaçı zaminə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də, bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh olan zamin Cavabdeh2 münasibətdə təmin edilə bilməz.
49. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 80 manat dövlət rüsumunun 24 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə cavabdeh Hüseynova Mehparə Həsən qızından əsas borca görə 1851,73 manat və ödəniliş dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin keçməsinə, işə onun iştirakı olmadan baxılmasına dair dəlilinə qiymət verərək qeyd edir ki, hazırki işdən görünür ki, kedit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2017-ci il olduğundan iddiaçı xx.xx.2020-ci ilədək məhkəməyə müraciət etməli idi. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(077)-64/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda isə xx.xx.2023-cü il tarixdə 3 illik iddia müddəti ötürülməməklə təkrarən məhkəməyə müraciət edilmişdir.
52. Eyni zamanda iş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdehə rəsmi qaydada poçt vasitəsi ilə məktub göndərilmiş, həmçinin sms bildiriş vasitəsi ilə məhkəmənin vaxtı barədə cavabdeh məlumatlandırılmışdır.
53. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 046 saylı kredit müqaviləsi üzrə 1851,73 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(077)-110/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 046 saylı kredit müqaviləsi üzrə 1851,73 (min səkkiz yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.