Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1999/2023 09.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)- 1311/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2185.81 manat əsas, 4.93 manat faiz borcu olmaqla, cəmi 2190.74 manat məbləğində vəsaitin və 41.91 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)-1311/2023 nömrəli qətnaməsi ilə (hakim A.Babayev) iddia təmin edilərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli 008CASA192820011 saylı güzəştli kredit müqaviləsi üzrə 2185 (iki min yüz səksən beş) manat 81 (səksən bir) qəpik əsas, 4 (dörd) manat 93 (doxsan üç) qəpik faiz olmaqla, cəmi 2190 (iki min yüz doxsan) manat 74 (yetmiş dörd) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 41 (qırx bir) manat 91 (doxsan bir) qəpik pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 аpellyаsiyа şikayəti verib, Quba Rayon Məhkəməsinin 23 iyun 2023cü il tarixli, 2(027)-1311/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilməsini məqsədəuyğun hesab etmişdir. Lakin tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, səbəb və mümkünsülüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin mümkünlük məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)-1311/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri- mümkün hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)-1311/2023 nömrəli qətnaməsinin surəti 23 iyun 2023-cü il tarixdə poçt vasitəsi ilə tərəflərə (o, cümlədən Cavabdeh2) göndərilmiş və sonuncuya ünvanlanmış zərf «Talıbova Sahibə» ad, soyadlı şəxs tərəfindən 10 iyul 2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul etmişdir. (i/m səh.27) Lakin bundan sonra apellyator Cavabdeh2 məhkəməyə ərizə ilə mürciət edərək Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)-1311/2023 nömrəli qətnaməsini əldə etmədiyini, qətnamənin mövcudluğundan icra mərhələsində xəbər tutduğunu bildirərək, qətnamənin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmiş və sözügedən qətnaməni xx.xx.2023-cü il tarixdə şəxsən əldə etmişdir. Daha sonra Cavabdeh2 19 sentyabr 2023-cü il tarixdə qətnamədən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Quba Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi mübahisələndirilən qətnamə cavabdehin ünvanına xx.xx.2023-cü il tarixdə çatdırıldığı halda, məhkəmə bu hala diqqət yetirməmiş, qətnaməni cavabdehə yenidən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim etmişdir. Yaranmış mübahisəli ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3 və 133.5. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Maddə 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan xəbərnaməni sadalanan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə yoxlayıb, qətnamənin Cavabdeh2 təqdim edilmə tarixini müəyyən etmədən, apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərərkən həmin xəbərnamədən olan müddəti nəzərə almadan və nəhayət cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 363.1 və 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq birinci və apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında apellyasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən forma və məzmuna riayət olunması, müddət və dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsi apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin qaytarılması apellyatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)-1311/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 361, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)-1311/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş Quba Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(027)- 1311/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).
Məhkəmə qərarları › İş №2(105)-1999/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1999/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver