Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X4, X6, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 4755/2016 saylı, 31 avqust 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 06.03.2013-cü il tarixli 08U/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 39.948,40 ABŞ dolları əsas kredit borcun, 4.679,14 ABŞ dolları faiz borcun, 6.203,66 ABŞ dolları cərimə borcun, cəmi 50.831 (əlli min səkkiz yüz otuz bir) ABŞ dolları 20 sent (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun, 11.11.2014-cü il tarixli 26msrBKS/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 3.009.91 manat əsas kredit borcun, 535,95 manat faiz borcun, 581,25 manat cərimə borcun, cəmi 4127 (dörd min yüz iyirmi yeddi) manat 11 qəpik manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının əvəzi tutularaq, «Unibank” KB ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan, X4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 "xxxx" KB ASC-yə olan cəmi 50.831 (əlli min səkkiz yüz otuz bir) ABŞ dolları 20 sent (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində və cəmi 4127 (dörd min yüz iyirmi yeddi) manat 11 qəpik məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X4 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 hüquqi varis kimi tanınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, X4, X6, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı «Unibank” KB ASC-nin xeyrinə 06.03.2013-cü il tarixli 08U/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış; -07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 39.948,40 ABŞ dolları əsas kredit borcunun, 4.679,14 ABŞ dolları faiz borcunun, 6.203,66 ABŞ dolları cərimə borcunun olmaqla cəmi 50.831,20 ABŞ dolları, - 11.11.2014-cü il tarixli 26msrBKS/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 3.009.91 manat əsas kredit borcunun, 535,95 manat faiz borcunun, 581,25 manat cərimə borcunun olmaqla cəmi 4127,11 manat məbləğinin və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsi yzrə 50.831,20 ABŞ dolları, - 11.11.2014-cü il tarixli 26msrBKS/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 4127,11 manat borcunun və və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 (əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı evin 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, X2, X5, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında 06.03.2013-cü il tarixli 08U/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 07.11.2017-ci il tarixədək illik 23% ödəmək şərtilə 50.000 ABŞ dolları, 11.11.2014-cü il tarixli 26msrBKS/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 11.11.2015-ci il tarixədək illik 28% ödəmək şərtilə 3.000 manat məbləğində kreditlər verilmişdir. (06.03.2013-cü il tarixli 08U/13 saylı əsas kredit müqaviləsinə edilmiş 06.11.2014-cü il tarixli Sazişə əsasən kredit müqaviləsinin 1.1ci bəndində qeyd olunan kredit limiti 1.000.000 manat məbləğində müəyyən edilmişdir). Kredit Müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə X8 arasında 06.03.2013-cü il tarixli 08U/13 saylı əsas ipoteka müqaviləsinə və həmin müqaviləyə edilmiş 06.11.2014-cü il tarixli sazişə əsasən X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı evin 14 saylı mənzili "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka Müqaviləsi 07.03.2013-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kreditin və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən edilmiş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 21.04.2016-cı il tarixə; 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 39.948,40 ABŞ dolları əsas kredit borcu, 4.679,14 ABŞ dolları faiz borcu, 6.203,66 ABŞ dolları cərimə borcu olmaqla cəmi 50.831,20 ABŞ dolları, 11.11.2014-cü il tarixli 26msrBKS/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 3.009.91 manat əsas kredit borcu, 535,95 manat faiz borcun, 581,25 manat cərimə borcu olmaqla cəmi 4127,11 manat məbləği təşkil edir. 06.03.2013-cü il tarixli 08U/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı evin 14 saylı mənzili "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuş və Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə 28.03.2014-cü il tarixli 86 saylı ekspert rəyinə və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində qiymətləndirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi haqqında ona rəsmi şəkildə heç bir məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. birinci instansiya məhkəməsi qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmuşdur. Qətnamə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Sübutlara düzgün qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmışdır. Cavabdeh1 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh1 məlumatlandırılmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də X8 ilə bank arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən İbrahim İbrahimovun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı evin 14 saylı mənzilin ipoteka ilə yüklü edilmişdir. Müqavilə üzrə iddiaçı öhdəliyi yerinə yetirərək, pulu cavabdehlərə vermiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsindən ötrü pretenziya qaydasında müraciətlər edilməsinə baxmayaraq, öhdəlik icra edilməmiş və nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, bu nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445,448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş istər 9/4298 saylı 30 iyul 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı kredit müqaviləsi üzrə 21.04.2016-cı il tarixə əsas borc 40767,23 ABŞ dolları, faiz borcu 3307,81 ABŞ dolları, 11.11.2014-cü il tarixli 26 mspBKS/14 saylı kredit müqaviləsi üzrə 11.11.2015-ci il tarixə əsas borc 3009,52 manat, faiz borcu 162 manat təşkil edir. Qeyd edilməlidir ki, faiz məbləğinə dair iddiaçının istinad etdiyi maliyyə arayışı iddiaçı təşkilatın əməkdaşları tərəfindən hazırlandığından, iddiaçının subyektiv mülahizəsinə və maraqlarına əsaslanır. Bu isə faiz məbləği barədə tələb edilən tarixə ekspert rəyinin əsaslı olmasını qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 3307,81 ABŞ dolları əsas borca hesablanmış faiz məbləği, 11.11.2014-cü il tarixli 26 mspBKS/14 saylı kredit müqaviləsi üzrə isə 162 manat faiz borcu Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 06.03.2013-cü il tarixli 08U/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 6.203,66 ABŞ dolları və 11.11.2014-cü il tarixli 26msrBKS/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 581,25 manat məbləğində cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətini ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdeh barəsində hesablanan 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə cərimə məbləği azaldılaraq 500 (beş yüz) ABŞ dolları, 11.11.2014-cü il tarixli 26msrBKS/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə cərimə məbləği azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş A-01/11 saylı 06 aprel 2021-ci il tarixli ekspertiza rəyi ilə ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin orta bazar qiyməti 74000 (yetmiş dörd min) manat, likvid dəyəri isə 68000 (altmış səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin likvid dəyəri 68.000 manat müəyyən edilməlidir. İddia tələbi ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində mənzildən çıxarılmaları hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirməsinə baxmayaraq prosessual əsaslara görə qətnamə ləğv olunaraq yeni qətnamə qəbul olunduğundan, həmin hissə mübahisələndirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh1 06.03.2013-cü il tarixli 08U/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 07.11.2014-cü il tarixli 104BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 39.948,40 ABŞ dolları əsas kredit borcu, əsas borca hesablanmış 3307 (üç min üç yüz yeddi) ABŞ dolları 81 (səksən bir) sent faiz məbləği, 500 (beş yüz) ABŞ dolları cərimə məbləği (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 11.11.2014-cü il tarixli 26 mspBKS/14 saylı kredit müqaviləsi üzrə 3.009.91 manat əsas kredit borcu, əsas borca hesablanmış 162 (yüz altmış iki) manat faiz məbləği, 50 (əlli) manat cərimə, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının əvəzi tutulsun. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin likvid dəyəri 68.000 (altmış səkkiz min) manat məbləğində müəyyən edilsin. Tutma ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı evin 14 saylı mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcu ödənilsin. "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver