Məhkəmə qərarları › İş №2(105)-2000/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2000/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2000/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 01 avqust 2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 32375 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 92385 manat pulun, 01 avqust 2013-cü il tarixli, 77 saylı kredit müqaviləsi üzrə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 21583,97 ABŞ dolları məbləğində ödənilməmiş borcun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan "xxxx" ASC-nın xeyrinə tutulması, iş üzə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat və məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 127 manat olmaqla, ümumilikdə cəmi 277 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim R.Həsənov) İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 avqust 2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 60000 manat əsas, 36207,95 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 4691,47 manat cərimə borcu və 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 104.239,75 manat məbləğində kredit borcunun və 01 avqust 2013-cü il tarixli, 77 saylı müqaviləsi üzrə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu, 12069,36 ABŞ dolları cərimə borcu, 1114,78 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 34748,11 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tanxli, 2-1(81)-3619/2016 saylı qərarı ilə "xxxx" ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-yə ləğvedici təyin edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə-01 avqust 2018-ci il tarixinədək illik 10 % dərəcəsi ilə 60000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3, 6.2-ci bəndlərinə və kredit müqaviləsinə əlavə olunmuş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay sabit olaraq 1274,82 manat məbləğində ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda, Cavabdeh ilə bank arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə - 01 avqust 2018-ci il tarixinədək illik 10 % dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə öhdəlik də borclu tərəfindən vaxtında yerinə yetirilməmişdir. Beləliklə də, hər iki kredit müqaviləsi üzrə Cavabdeh, kredit borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində əsassız olduğundan ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin borc məbləği hissəsində qismən təmin edilməsinin əsası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27.04.2020-ci tarixli rəyinə istinad etmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən borc tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə uyğun hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi, o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Bundan başqa, məhkəmə iddia tələbini 01.08.2013-ci il tarixli, 77/1 saylı kredit müqaviləsi üzrə 4691,47 manat gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcunu 10 manat həddində, 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsi üzrə 12069,36 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcunu 20 ABŞ dolları həddində təmin etməklə və hər iki müqavilə üzrə 5% miqdarında borc hissəsində təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azerbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Bu hallara məhkəmə düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia tam təmin olunmalıdır. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, o, "xxxx" ASC-də 01.02.2008-ci il tarixdən 22.06.2010-cu il tarixə kimi baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışmış, işdə yol verdiyi qüsurlara görə işdən azad olunmuş, bundan sonra "xxxx" ASC-nin şikayətinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və 2013-cü ilin yanvar ayında onun haqqında cinayət işi başlanmışdır. 02 may 2013-cü il tarixdə onun haqqında həbs qətimkan tədbiri və sonradan ev dustağı qətimkan tədbiri seçilmiş və 28 sentyabr 2013-cü il tarixdə cinayət işi üzrə hökm çıxarılaraq 6 il 4 ay 4 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilmə cəzasma məhkum edilmişdir. Bu cinayət işi ilə əlaqədar 03 may 2013-cü il tarixdən 30 dekabr 2013-cü ü tarixə kimi həbsdə və ev dustaqlığında olmuş və bu müddətdə məcburi qaydada "xxxx" ASC-yə aparılaraq 60000 manat və 20000 ABŞ dolları kredit almağı barədə sənədlərə imza etdirmişlər. Kredit vəsaitlərinin kim tərəfindən mənimsənilməsi isə ona məlum deyil. Hansı bank özlərinin ərizəsi ilə cinayət məsuliyyətinə cəlb olunan dustaq kimi saxlanılan şəxsə heç bir girov və digər təminat olmadan 01 avqust 2013-cü il tarixdə, bir gün içində 60000 manat və 20000 ABŞ dolları kredit verər? Qeyd edilənləri təsdiq edən sübutlar və əsaslardan aşkar olur ki, onun həbsdə olduğundan və ağır vəziyyətə düşdüyündən sui-istifadə olunaraq 60000 manat və 20000 ABŞ dollar pulun alınmasına dair kredit müqavilələrinə imza etmişdir və həmin pullar kimlər tərəfindənsə mənimsənilmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh öz apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh qarşı tərəfin şikayətinə etiraz etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında ləğv prosesində olan "xxxx" ASCnin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 bankın apelyasiya şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, Cavabdeh apelyasiya şikayətini əsassız hesab etdi və rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik faiz dərəcəsi 10 faiz ödənilmək şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan 01.08.2013-cü il tarixli, e02 saylı xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən ona 20000 ABŞ dolları məbləğində kredit təqdim edilmişdir. Yenə də iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik faiz dərəcəsi 10 faiz ödənilmək şərti ilə 60000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 16.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, bankla Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən onun banka 12.09.2019-cu il tarixinə 60000 manat əsas, 36207,95 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 4691,47 manat cərimə borcu və 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 104.239,75 manat borcu vardır. Yenə işə əlavə edilmiş 23.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, bankla Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən onun banka 12.09.2019-cu il tarixinə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu, 12069,36 ABŞ dolları cərimə borcu, 1114,78 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 34748,11 ABŞ dolları borcu vardır. Yenə də işə əlavə edilmiş 25 iyul 2019-cu il tarixli məktubdan görünür ki, Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə və eyni tarixli zaminlik müqavilələrinə əsasən cavabdehin 34748,11 ABŞ dolları borclu olması və bu borcu 3 iş günü ərzində ödəməsi barədə xəbərdar etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2020-ci il tarixli, 4/182 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77 saylı və 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqavilələrində “borcalan” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Yenə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2020-ci il tarixli, 4/182 saylı ekspert rəyindən görünür ki, 01.08.2013cü il tarixli, 77/1 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alaraq, Cavabdeh 16.09.2019-cu il tarixə 60.000 manat əsas borcu və 32.375 manat məbləğində faiz borcu vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2013-cü il tarixli, 1(101)- 1131/2013 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona cəza təyin edilməmiş, onun həbs və ev dustaqlığı qətimkan tədbirləri qismində saxlanıldığı 02 may 2013-cü il tarixdən bu günədək 07 (yeddi) ay 26 (iyirmi altı) gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 06 (altı) il 04 (dörd) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən onun barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və ona 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Hökmün məzmunundan görünür ki, Cavabdeh 73 nəfər müxtəlif şəxslərin adlarına qanunsuz əsaslarla kredit rəsmiləşdirməklə banka ümumilikdə 167403 manat ziyan vurmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(027)- 247/2020 saylı qətnaməsi qismən-kredit müqavilələri üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun təmin edilməməsi hissəsində ləğv olunmalı, bu hissədə iddia təmin edilməli, cərimə borcları hissəsində qətnamə dəyişdirilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 10 % kreditdən istifadəyə görə haqq ödəməklə 20000 ABŞ dolları, 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən isə 60 ay müddətinə illik 10 % kreditdən istifadəyə görə haqq ödəməklə 60000 manat məbləğində kredit verilmiş, kreditlər vaxtında qaytarılmadığına görə borc yaranmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya kredit müqavilələrindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas və faiz borcları 23.09.2019cu il tarixli maliyyə arayışına və Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2020-ci il tarixli, 4/182 saylı ekspert rəyinə uyğun hesablanmalıdır. Bu arayışa görə bankla Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən onun banka 20000 ABŞ dolları əsas və 1563,97 ABŞ dolları faiz borcu, rəyə görə isə 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən onun banka 60000 manat əsas və 32375 manat faiz borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki müqavilə üzrə əsas və faiz borcunun məbləği qeyd edilən maliyyə arayışındakı və rəydəki müvafiq borclara uyğun müəyyən edilməlidir. Bununla belə, işdən görübür ki, iddia üzrə müqavilə müddətində yaranmış faiz borcu ilə birlikdə, bu müddətdən sonra gecikdirilmiş vaxt üçün faiz borcu da tələb edilmiş, lakin məhkəmə bu iddianı heç bir əsas olmadan təmin etməmişdir, halbuki bu tələb həm mülki qanunvericiliyə, həm də tərəflərin imzaladıqları müqavilənin şərtlərinə uyğundur. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası iddiaçı bankın qeyd edilən tələbinə qiymət verərkən işdə olan və bank tərəfindən təqdim edilən 16.09.2019-cu il və 23.09.2019-cu il tarixli maliyyə arayışılarını mötəbər hesab edir. Belə ki, həmin arayışlardan da görünür ki, bankla Cavabdeh arasında bağlanmış 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən onun banka 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən 1114,78 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya kredit vəsaitlərinin vaxtında qaytarılmamasına görə məhz göstərilən məbləğlərdə ziyan dəymişdir və bu ziyan LPO İddiaçı Əmanətlərin Sığortalanması Fonduna cavabdeh tərəfindən ödənilməlidir. Kredit müqavilələri üzrə tətbiq edilən cərimə borclarına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu borc əsas borca uyğun olmadığından artırılmalıdır. Belə ki, iddiaçı cavabdehdən öhdəliklərini vaxtında icra etmədiyinə görə 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsi üzrə 12069,36 ABŞ dolları cərimə borcu tələb etmiş, məhkəmə isə həmin məbləği 20 ABŞ dollarına endirmiş, 01.08.2013cü il tarixli, 77 saylı kredit müqaviləsi üzrə 4691,47 manat cərimə borcu tələb etmiş, məhkəmə həmin məbləği 10 manata endirmiş, iddiaçı isə bu hissələrdə də qətnaməni mübahisələndirmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edildiyi kimi kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar müvafiq müqavilələrə uyğun olaraq 12069,36 ABŞ dolları və 4691,47 manat məbləğində cərimə borcu hesablanmış, məhkəmə isə bu məbləği əsas borca adekvat olmayan şəkildə azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa, qeyd edilən məbləğ tənasübsüz surətdə aşağıdır. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, müqavilələr üzrə indiyədək heç bir ödənişin aparılmadığını, əsas borcların kifayət qədər yuxarı məbləğdə olduğunu, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, həmin kredit müqavilələri üzrə cərimə borcları əsas borca uyğunlaşdırılmalı, cavabdehə müvafiq müqavilələr üzrə 500 ABŞ dolları və 500 manat cərimə tətbiq edilməlidir. İddianın rədd edilməsi barədə Cavabdeh apelyasiya şikayətinin dəlilləri əsasızdır və iş materialları ilə təkzib olunur. Kredit müqavilələrinin ona məcburi qaydada imzaladılması barədə iş materiallarında mötəbər sübut yoxdur. İşdən görünür ki, yuxarıda qeyd olunan cinayət təqibi tamamilə başqa motivlər əsasında aparılmışdır və hazırkı kredit münasibətlərinə aidiyyəti yoxdur. Bu əsaslarla məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini rədd edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2 və 384.03-cü maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və ya qətnaməni dəyişdirə bilər. Beləliklə də, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsi qismən-kredit müqavilələri üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun təmin edilməməsi hissəsində ləğv olunmalı, bu hissədə iddia təmin edilməli, cərimə borcları hissəsində qətnamə dəyişdirilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.01, 384..2, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsi gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Bu hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən 3340,33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu və 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən 1114,78 ABŞ dolları (ödəniş günü manat məzənnəsilə) gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu Cavabdeh tutularaq, LPO İddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamə cərimə borcları hissəsində dəyişdirilsin. 01.08.2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsinə əsasən 500 manat və 01.08.2013-cü il tarixli, 77 saylı kredit müqaviləsinə əsasən 500 ABŞ dolları (ödəniş günü manat məzənnəsilə) cərimə borcu Cavabdeh tutularaq, LPO İddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Quba Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsi qalan hissələrdə (Cavabdeh 01 avqust 2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 32375 manat faiz borcunun, 01 avqust 2013cü il tarixli, 77 saylı kredit müqaviləsi üzrə 20000 ABŞ dolları əsas borcun, 1563,97 ABŞ dolları faiz borcunun (ödəniş günü manat məzənnəsilə), habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan "xxxx" ASC-nın xeyrinə tutulması, iş üzə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat və məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 127 manat olmaqla, ümumilikdə cəmi 277 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar