Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2001/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı axıdılan çirkab suyun, tökülən kənar əşyaların qarşısının alınması, mənzilin təmir edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X18 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı axıdılan çirkab suyun, tökülən kənar əşyaların qarşısının alınması, mənzilin təmir edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-611/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 36cı mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən və həmin binanın 34-cü mənzilinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən kanalizasiya xəttinə axıdılan penoplen kleyinin, çirkab suyun və tökülən zir-zibilin qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzilinin cavabdehlərin hesabına təmir edilməsi və vurduqları maddi ziyana görə 2000 (iki min) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzili iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçının qonşularıdır, iddiaçıdan üst mərtəbədə (9-cu və 8-ci mərtəbələrdə) yəni, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 36-cı və 34cü mənzillərində yaşayırlar. 2022-ci ilin sentyabr ayının 4-də 2 saylı evin 9-cu mərtəbəsində yaşayan Cavabdeh1 mənzilini təmir edərkən “Penoplen” kleyini və evinin zir-zibilini kanalizasiya xəttinə tökmüşdür. Həmçinin 8-ci mərtəbədə yaşayan Cavabdeh2 da səhlənkarlıq edərək evinin zir-zibilini kanalizasiya xəttinə tökmüşdür. Nəticədə kanalizasiya xətti 6-cı mərtəbədə tutulmuş, 7-ci mərtəbədən yəni iddiaçının evinin trapından kanalizasiya suyu daşaraq alt mərtəbəyə yəni, 6-cı mərtəbəyə keçmişdir. Çirkab suyun yataq otağına, mətbəxə və dəhlizə axması səbəbindən iddiaçının mənzilinə 2000 (iki min) manat maddi ziyan dəymişdir. İddiaçı həmin baş verənlərlə əlaqədar olaraq DİNin 102 qaynar xəttinə zəng etmişdir. Çirkab suyun mənzilinə keçməsindən əsəbləşən alt qonşunun yəni (30-cu mənzil), Əliyev Aslan Hacıəli oğlunun xanımı iddiaçının mənzilinə xidmət göstərən su sayğacını sındırmışdır ki, mənzilinə su gəlməsin. Onu da bildirir ki, 9cu və 8-ci mərtəbələrdən çirkab suyun axıdılması 2022-ci ilin sentyabr ayının 4-dən 10dək davam etmişdir. Həmçinin cavabdehlər barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2 dəfə şikayət etmişdir. Yuxarıda qeyd etdiyi kimi kanalizasiya xəttinin tutulmasına 9-cu və 8ci mərtəbələrdə yaşayan qonşuların səhlənkarlıq edərək kanalizasiyaya penoplen kleyinin və ev zir-zibilinin tökmələri səbəb olmuşdur.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək iddiaçı X4 cavabdehlərə qarşı “axıdılan suyun qarşısının alınması və vurulan maddi ziyan tələbi” üzrə ona məxsus Sumqayıt şəhəri, 9-cu mkr (köhnə), ev 1/2, mənzil 32-nin cavabdehlərin hesabına təmir edilməsi və vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğin, eləcədə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu üzrə xərclərin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəsinə cəlb edilmiş tərəflər ünvan 2 ünvanı üzrə bir binanın, bir blokun yuxarıdan aşağıya paralel olan mənzillərin qonşu olmaqla sakinləridirlər. İddiaçı sözügedən binanın 7-ci mərtəbəsində yerləşən mənzil 32-nin sahibi, cavabdehlərdən Cavabdeh1 binanın 9-cu mərtəbəsində yerləşən mənzil 36-nın sahibi, digər cavabdeh Əfsanə Abbasov isə binanın 8-ci mərtəbəsində yerləşən mənzil 34-dün sahibidir. İddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyil və yalandır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh1 mənzilini təmir etdirmiş və nəticədə kanalizasiya xəttinə tikinti kleyi tökmüş, digər Cavabdeh2 isə mənzilinin zir-zibilini kanalizasiya xəttinə birbaşa tökməsi nəticəsində mövcud kanalizasiya dayaq xətti tutulmuş və iddiaçının, eləcə də 6-cı mərtəbədə yerləşən sakinin mənzilinə maddi ziyan dəymişdir. Mənzilə dəymiş ziyan ilə bağlı cavabdehlər ərazi üzrə Mənzil İstismar Sahəsinə müraciətlər etmiş, MİS-in səlahiyyətli şəxsləri cavabdehlərin mənzillərində texniki qurğularına texniki baxış keçirmiş, nəticə olaraq kanalizasiya borularında heç bir nasazlıq aşkar etməmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Digər tərəfdən hesab edirlər ki, kanalizasiya dayaq xəttində tutulma iddiaçının günahı üzündən baş vermiş, nəticədə yaşadıqları binanın 6-cı mərtəbəsində yerləşən mənzil 30-a maddi ziyan dəymiş və sonuncu tərəfindən, binanın 7-ci mərtəbəsində yerləşən mənzil 32-nin sahibinə (hazırkı iş üzrə iddiaçıya) qarşı iddia qaldırılmış və hazırda həmin mülki iş Sumqayıt Şəhər Məhkəməsində baxış mərhələsindədir. İddiaçı və mənzil 32-nin sakinləri ümumiyyətlə birgə yaşayış qaydalarına əməl etmir və nəinki cavabdehlər ilə, hətta binanın bütün sakinləri ilə “yola getmirlər”. Belə ki, bununla bağlı dəfələrlə olaraq aidiyyatı orqanlara müraciətləri olmuşdur. İddiaçının iddia tələbi ehtimal və fərziyyələrə söykənmişdir ki, bunu da sübut kimi qəbul etmək olmaz. Qanunun tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirmişdir ki, 9 saylı Mənzil Kommunal Sahəsinin müdiridir, iş üzrə tərəflərin hər birini tanıyır. Tərəflərindən tərtib olunmuş və təqdim edilmiş aktlardan məlumatlıdır. 2022-ci ilin sentyabr ayında İddiaçı oğlu zəng edərək evlərində kanalizasiya borusunun tutulduğunu bildirmişdir. Əməkdaşları İddiaçı evinə gedərək tutulmanı açmışdır. Sonra yenidən zəng edərək kanalizasiya borusunda tutulma olduğunu bildirmişlər və əməkdaşları yenidən gedərək tutulmanı açmışdır. 3-cü dəfə yenidən zəng etdikdə artıq mənzilə özü getmişdir. İddiaçı evində olarkən hamam otağını, dəhlizi su basdığını, evin bərbad vəziyyətdə olduğunu görmüşdür. Hətta aşağı qonşuların evini də su basdığını görmüşdür. Baxış keçirən zaman məlum olmuşdur ki, ümumi ana xətt tutulmuşdur, kanalizasiyanın kimin hərəkətləri nəticəsində tutulduğunu demək, ümumiyyətlə müəyyən etmək mümkün deyildir. Tutulma 6-cı və 7-ci mərtəbələr arasında olmuşdur. Kanalizasiya borusunu açdıqda heç bir əşya çıxmamışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirmişdir ki, Mənzil Kommunal Sahəsinin əməkdaşı olaraq xx.xx.2022-ci il tarixdə Əliyev Aslan Hacıəli oğlunun şikayəti əsasında özü, Şahnaz və müdirləri ünvana gedib baxış keçirmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, X2 (iddiaçının oğlu) evinin kanalizasiya borusu tutulub, trapdan su axır və su bütün otaqlara yayılır. Şikayət edən şəxsin mənzilinə də baxış keçirmiş, baxış nəticəsində həmin evə də su axdığını, həmin şəxsin evə 3 ədəd vanna qoyduğunu və evə zərər dəydiyini görmüşdür. Şikayət əsasında ünvana baxış keçirilməsi nəticəsində məlum olan halları da tərtib etdikləri aktda göstərmişlər. Tutulan boru da fəhlələr tərəfindən açılandan sonra çıxıb getmişlər. Əlavə olaraq məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab verərək bildirmişdir ki, 7-ci mərtəbədən 6-cı mərtəbəyə, yəni Məhərrəmov Məhəmmədin evindən Aslan Əliyevin evinə su axmışdır. Tutulmuş kanalizasiya borusu açılanda hər hansı kənar əşyanın çıxıb-çıxmadığını görməmişdir. Kanalizasiya borusunu açan fəhlələr MKS-nin işçilərdir, bağbandırlar. Özü də fəhlədən də hər hansı əşya görüb-görmədiyini soruşmuşdur, o heç bir əşya görmədiyini demişdir. Fəhlə tutulmuş kanalizasiya borusunu açmışdır. Nə aşağıdakı qonşuda, nə də yuxarıdakı qonşuda boru tutulmuş, boru Məhərrəmova Nübarın yaşadığı evdə tutulmuşdur, nasazlıq onun evində olmuşdur.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, Məhəmmədgilin yaşadığı evdə kanalizasiya borusu tutulmuş və onun evindən aşağıdakı 30-cu mənzilə su axmışdır, bununla əlaqədar olaraq da MKS-nin işçiləri olaraq onları çağırmışlar. Su axması nəticəsində ev pis günə qalmış, hətta kömək edərək evdən 10 vedrəyə qədər su daşımışdır. Kanalizasiya borusu Məhəmmədgilin evində tutulmuşdur. Kanalizasiya borusunu işçi gəlib təmizləmiş və tutulan borunu açmışdır. Kanalizasiya borusu açılanda heç bir əşya çıxmamış, kanalizasiya borusu təmizlənib açılandan sonra hər şey aşağı axıb getmişdir. Kanalizasiya borusu açılanda heç bir əşya görünməmişdir.
8. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X8 9 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 32-də yaşayan X2 şikayətinə əsasən Cavabdeh1 Hacəli oğlunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 36 və Cavabdeh2 yaşadığı Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 34-ə tərəflərindən baxış keçirilmiş, kanalizasiya borularında heç bir nasazlıq qeydə alınmamışdır
9. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X8 9 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 30-da yaşayan X10 şikayətinə əsasən keçirilən baxış zamanı məlum olmuşdur ki, X2 yaşadığı Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 32-də kanalizasiya borusunun tutulması nəticəsində çirkab su daşaraq alt qonşuya tökülmüşdür, MKS tərəfindən nasazlıq aradan qaldırılmışdır.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/905 №-li ekspert rəyindən görünür ki, baxış zamanı iddiaçı və cavabdehlərin mənzillərinin kanalizasiya xətləri işlək vəziyyətdə olduğuna, hər-hansı nasazlıq olmadığına görə, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr (Köhnə) ünvanında yerləşən ½ saylı evin 32-ci mənzilinin sanitar qovşağından keçən, ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutularaq qeyd edilən mənzilin sanitar qovşaqlarının su daşmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin ekspert tərəfindən müəyyən olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri, mənzillərin yerləşmə vəziyyətini nəzərə alaraq 32-ci mənzilin sanitar qovşağından keçən ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutulması, iddiaçının özünün və cavabdehlərin mənzillərinin kanalizasiya xətlərindən nəzarətsiz istifadə olunması (kanalizasiya borusuna yad cisimlərin atılması və s.) səbəb ola bilər. Baş vermiş su daşması nəticəsində iddiaçı X7 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 1/2 saylı evin, 32-ci mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1666 manat məbləğində olduğu müəyyən edilmişdir.
11. İddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən, orada olan foto və video şəkilişlərdən mənzilin sanitar qovşağında olan “trap”-dan çirkab su çıxdığı görünür. İddiaçı foto və video çəkilişlərin onun mənzilinin sanitar qovşağına aid olduğunu qeyd edir.
12. 2(060)-6883/2022 saylı mülki iş üzrə iddia ərizəsindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ev ½, mənzil 30-da yaşayan Əliyev Aslan Hacıəli oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ev ½, mənzil 32-də yaşayan X5 qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə) ünvanında yerləşən, ½ saylı evin, 32-ci mənzilinin mülkiyyətçisi X9 tərəfindən iddiaçının mənzilinə axıdılan suyun qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ½ saylı evin, 32-ci mənzilinin cavabdehin hesabına təmir edilməsi və vurduğu maddi ziyana görə 990 manat pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi ilə bağlı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır.
13. Həmin mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1334 №-li ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini, 142 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq 30 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən su axdığı və axan suyun səbəbinin, mənzil 32-də yaşayan Məhərrəmov Məhəmmədin mənzilindən keçən kanalizasiya borusunun tutulması olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, su sızma nəticəsində 30 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1509 manat məbləğində olduğu müəyyən edilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-611/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi rədd edilərək, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutularaq X3 ödənilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi kimi mülki hüquq pozuntusunun cavabdehlər tərəfindən törədilməsi və onların hərəkətləri nəticəsində zərərin dəyməsi sübuta yetirilmir.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1115.1-ci, Mülki Prosessual Məcəllənin 119.1, 124.2, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə əşyayi-dəlil kimi təqdim etdiyi 1 ədəd CD diskinə baxış keçirilərkən təsdiq olunmuşdur ki, çirkab su 6-cı mərtəbənin çuqun boru xətti tutulduğundan çirkab su 7-ci mərtəbənin trapından axır. Beləliklə, məhkəmə mübahisəyə hüquqi qiymət verməmiş, yalnız qanunun maddələrini saymaqla qətnamə qəbul etmişdir. Məhkəmə təqdim etdiyi faktı, sübutu nəzərə almamışdır. Təqdim etdiyi video disk, DİN-in 102 qaynar xəttinə etdiyi zəng sübut kimi nəzərə alınmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə qətnamə çıxarmışdır. Dəfələrlə bildirmişdir ki, bu iki ailə haqqında Mənzil İstismar Sahəsinə və 2 dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət etmişdir. 2017-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayına kimi bu iki ailə onların mənzilə kanalizasiyanın çirkab suyunu axıdır. Bunlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin ciddi xəbərdarlığı olunsa da, bu iki ailə (34 və 36-cı mənzillərin sakinləri) xəbərdarlığa məhəl qoymamışdırlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı cavabdehlər yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi (...) 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin 32-ci mənzili İddiaçı məxsusdur. Cavabdehlər iddiaçının qonşularıdır, iddiaçıdan üst mərtəbədə (9-cu və 8-ci mərtəbələrdə), yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin 36-cı və 34-cü mənzillərində yaşayırlar. İddiaçı evində kanalizasiya borusunun tutulması, hamam otağını, dəhlizi su basdığına görə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X8 9 saylı MKS-nə müraciət etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X8 9 saylı MKS tərəfindən tərtib edilmiş aktlardan, həmçinin şahid ifadələrindən məlum olur ki, həqiqətən də, iddiaçıya məxsus mənzildə ümumi ana xətt tutulmuşdur, kanalizasiyanın kimin hərəkətləri nəticəsində tutulduğunu demək, ümumiyyətlə, müəyyən etmək mümkün deyildir. Bununla yanaşı ekspert rəyindən də göründüyü kimi baxış zamanı iddiaçı və cavabdehlərin mənzillərinin kanalizasiya xətləri işlək vəziyyətdə olduğuna, hər-hansı nasazlıq olmadığına görə, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr (köhnə) ünvanında yerləşən ½ saylı evin 32-ci mənzilinin sanitar qovşağından keçən, ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutularaq qeyd edilən mənzilin sanitar qovşaqlarının su daşmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin su sızma hallarının baş vermə səbəbinə dair qeyd edilən amilləri, mənzillərin yerləşmə vəziyyətini nəzərə alaraq 32-ci mənzilin sanitar qovşağından keçən ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutulması, iddiaçının özünün və cavabdehlərin mənzillərinin kanalizasiya xətlərindən nəzarətsiz istifadə olunması (kanalizasiya borusuna yad cisimlərin atılması və s.) səbəb ola bilər.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən mənzilində kanalizasiya xəttinin tutulması və su daşması müşahidə olunmamışdır.
27. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus mənzildə ümumi kanalizasiya xəttinin tutulması, həmin mənzildən aşağı mərtəbədə yerləşən mənzilə su axıdılması iş materialları ilə müəyyən olunsa da, kanalizasiya xəttinin məhz cavabdehlərin təqsiri üzündən tutulması iş materialları ilə təsdiq olunmur.
28. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsinə əsasən də müəyyən olunur ki, su axıntısının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlərin hərəkətləri nəticəsində mənzilinə suyun axıdılması faktına dair mötəbər sübutlar təqdim etməmiş və göstərilənlər işin araşdırılmış halları ilə məhkəmə iclasında müəyyən olunmamışdir.
29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, təqdim edilən video disk və hüquq mühafizə orqanına müraciət edilməsi halı mövcud mübahisə üzrə kanalizasiya xəttinin cavabdehlərin təqsiri üzündən tutulduğunu təsdiq edən mötəbər sübut növü kimi çıxış etmir.
30. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-611/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.