Məhkəmə qərarları › İş №2(105)-2003/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2003/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2003/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 2(068)-74/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xızı Rayon Məhkəməsinin 2(068)-74/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 19 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Xızı Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(068)-123/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. (hakim B.Ələkbərov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin 2(068)-74/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Xızı Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə tutulan 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xızı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş 19 avqust 2014-cü il təvəllüdlü Selcanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 108 manat məbləğində alimentin qarşı tərəfdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qızı Selcanın böyüməsi ilə sonuncunun maddi vəsaitlə həll olunan sosial qayğılarının artması, habelə müəyyən olunan alimentin məbləğinin qanunda nəzərdə tutulandan çox aşağı miqdarda, yəni, uşaqlar üçün minimum həddən belə az məbləğdə olması, uşağın yeməyinə, geyiminə və təhsil xərclərinə kifayət etmir. Həmçinin, özü heç bir yerdə işləmir və cavabdehin bir qayda olaraq ödədiyi aliment uşağın artan maddi ehtiyaclarını qarşılamağa kifayət etmir. Buna görə də o, qızı Selcanın saxlanılmasında maddi cəhətdən çox çətinlik çəkir. Ona görə də o, məhkəməyə müraciət etməyi qərara almışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuzdur. Belə ki, o, heç yerdə işləmir. İş tapmaqda çətinlik çəkir. Bu barədə haraya müraciət etsə də, hazırkı pandemiya şəraitində iş tapmağı mümkün olmur. Belə bir şəraitdə alimentin artırılması isə əsassızdır. Uşağın təminatını 108 manat məbləğində günəmuzd müvəqqəti işlərlə birtəhər ödəyir. Daimi gəliri yoxdur və öz dolanışığını belə təmin edə bilmir. İddiaçı onun gəlirlərinin artması, maddi vəziyyətində hər hansı dəyişikliyin olub-olmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə halda, məhkəmənin alimentin artırılması ilə bağlı tələbi təmin etməsi qanunsuzdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayəti rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Ağsu rayonu İHB-nın Ləngəbiz kənd İƏV üzrə nümayəndəliyi tərəfindən 16 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 339706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X2 19 avqust 2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Yenə iş materiallarında olan Xızı Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(068)-123/2015 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin arasında Xızı rayon qeydiyyat şöbəsində qeydə alınmış 01 noyabr 2013-cü il tarixli, 74 saylı nikahın pozulması, nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş 19 avqust 2014cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, 22 may 2015-ci il tarixdən başlayaraq, cavabdehdən 19 avqust 2014-cü il təvəllüdlü Selcanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğindən alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Yenə də iş materiallarında olan 05 aprel 2021-ci il tarixli, 15 saylı arayışdan görünür ki, Cavabdeh Xızı rayonu, Baxışlı kəndində yaşayır və heç bir yerdə işləmir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xızı Rayon Məhkəməsinin 2(068)-74/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, birgə nikahdan doğulmuş Selcan adlı uşağın saxlanılması üçün hər ay tutulacaq alimentin məbləği 150 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 01 noyabr 2013-cü il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 19 avqust 2014-cü il ildə Selcan adlı uşaq doğulmuşdur. Xızı Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(068)-123/2015 saylı qətnaməsilə tərəflər arasındakı nikah pozulmuş və azyaşlı Selcan anasının himayəsinə verilmiş, 22 may 2015-ci il tarixdən başlayaraq, cavabdehdən 19 avqust 2014cü il təvəllüdlü Selcanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğindən alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda da birgə nikahdan doğulmuş azyaşlı Selcan iddiaçının himayəsindədir və əsas mübahisə bu uşağın saxlanılması üçün alimentin məbləğinin artırılması barədədir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəf isə sabit əmək haqqının olmamasını və daimi işləməməsini, maddi vəziyyətinin pis olmasını əsas gətirmişdir. Bu hallara məcmu halda qiymət verən məhkəmə kollegiyası, tərəflərin maddi vəziyyətini və azyaşlının həyati tələbatlarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının hər ay 150 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş alimentin məbləğinin artırılması nəticəsinə gəlsə də, balanslaşdırılmış nəticəyə gəlməmiş, tərəflərin maddi imkanlarına uyğun ədalətli qətnamə qəbul etməmişdir. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində hər ay müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək 150 manat məbləğində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı Selcanın saxlanılması üçün artırılmış alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Bununla belə, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin 2(068)-74/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 19 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. Yeni məbləğdə aliment tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar