Məhkəmə qərarları › İş №2(105)-2003/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2003/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2003/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X12 Məmmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X4 nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-4977/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində borc pul tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə şifahi formada borc müqaviləsi bağlanmışdır. Sözügedən borc müqaviləsinə əsasən, cavabdeh qeyri-yaşayış sahəsi əldə etmək məqsədilə ondan 400.000 (dörd yüz min) manat məbləğində borc pul almışdır. Lakin, Cavabdeh ondan aldığı 400.000 (dörd yüz min) manat məbləğində borcu 2022-ci ilin yanvar ayına kimi ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Göstərilən səbəbdən, o, borcun ödənilməsi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh keçirilmiş mediasiya prosesində iştirak etmiş və aralarında 26 aprel 2022-ci tarixli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Lakin, hazırki vəziyyətdə Cavabdeh sazişə əməl etməkdən imtina edir, borcu geri qaytarmaqdan boyun qaçırır. Cavabdeh tərəfindən hazırki, borc məbləği ödənilmədiyindən və borcun ödənilməsindən imtina olunduğundan mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti vardır.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. X11 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş əri olmuşdur. Onunla xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 11 mart 2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki övladları anadan olmuşdur. Son 4 ildir ki, Cavabdeh ailədə davranışında dəyişikliklər, aralarında ər-arvad münasibətlərində soyuqluq yaranmışdır. Cavabdeh uşaqlarına qarşı da münasibəti dəyişmişdi. O, müxtəlif bəhanələrlə mübahisələr yaradır, dava-dalaş salır, bəzən açıq edərək evdən gedir və müəyyən müddətdən sonra evlərinə qayıdırdı. Bu hərəkətləri adi bir hal almışdır. Ailənin maddi tələbatlarının ödənilməsi üçün çox cüzi miqdarda vəsait ayırır, mənzildə fasilələrlə qalırdı. Cavabdeh nikahlarının pozulması ilə bağlı 18 iyul 2022-ci il tarixdə Mediasiya prosesini başlatmışdır. Bundan əvvəlki illərdə də Cavabdeh nikahlarını pozdurmaq istəmiş, lakin cavabdehin anası maneələr yaratmışdır. Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü tələbinə dair mediasiya prosesini başladaraq ona qarşı mülkiyyətində olan daşınar və daşınmaz əmlakların hər birinə 1/2 pay hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. O da ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verərək birgə nikah dövründə əldə etdikləri ümumi gəlir hesabına əldə edilmiş, Cavabdeh tərəfindən bölgü tələb etdiyi əmlaklar siyahısına qəsdən daxil edilməmiş, öz mülkiyyətinə sənədləşdirdiyi müxtəlif markalı avtomobillərin, daşınmaz əmlaklardan və onun razılığı olmadan anasının adına sənədləşdirdiyi daşınmaz əmlaklardan yetkinlik yaşına çatmayan uşaqlarının onun himayəsində qalmalarını və onların tərbiyə və təhsili ilə məşğul olmağını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq 2/3 hissədə X5 payının, 1/3 hissədə Cavabdeh payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-209/2023 nömrəli qətnaməsi ilə Cavabdehla onun arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqlarının L.Babayevanın yanında qalmaları və uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq aliment ödənilməsi qət edilmişdir. Cavabdeh ilə aralarında birgə nigah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e2(004)-306/2023 saylı məhkəmə işi üzrə mübahisə bugünədək davam etməkdədir. Həmin məhkəmə işi üzrə Cavabdeh mütəmadi olaraq müxtəlif üsullarla nikah dövründə əldə edilmiş əmlakın düzgün və ədalətli bölünməsinə süni maneələr törətməyə çalışır. Belə ki, hazırda məhkəmənin icraatında olan Cavabdeh yaxın və uzun müddət ərzində tanıdığı dostu olan İddiaçı tərəfindən verilmiş iddia əslində tərəflər arasında öncədən Cavabdeh təşəbbüsü ilə planlı şəkildə qarşılıqlı razılaşdırılmış bir “oyun” oyundur. Əvvəlcədən ər-arvad arasında əmlak bölgüsündə daha çox pay əldə etmək məqsədi güdmüş və işin nəticəsində maraqlı olan Cavabdeh Bakı 6 saylı Mediasiya Təşkilatında tərəflər: "birinci tərəf İddiaçı və “ikinci tərəf Cavabdeh və mediator X9 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli uydurulmuş yazılı sübut - Barışıq Sazişini 01 mart 2023-cü il tarixində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə təqdim edərək iddia tələbinin həcmini artırmış - "birgə nikah dövründə götürülmüş 400.000 (dörd yüz min manat) borc məbləğinin 1/2 hissəsinin, yəni 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin X3 tutularaq ona verilməsi barədə Qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh Barışıq sazişinin əlavə edildiyi ərizəsində xx.xx.2020-ci il tarixində İddiaçı borc pul vəsaiti götürdüyünü, həmin borcun götürülməsini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq etdiyini bildirmişdir. Barışıq sazişinin 1-ci maddəsində "Mübahisə tərəfləri aralarında xx.xx.2020-ci il tarixdə şifahi formada bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh qeyri-yaşayış sahəsi əldə etmək məqsədilə İddiaçı 400.000 (dörd yüz min) manat pul götürmüşdür. Qeyd olunan 400.000 (dörd yüz min) manat pulu 2022-ci ilin yanvar ayına kimi ödəməyi Cavabdeh öhdəsinə götürməyinə baxmayaraq, bu vaxta qədər o, öz öhdəliyini yerinə yetirməmiş göstərilən pulu İddiaçı ödəməmişdir. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək niyyətindədir” kimi göstərilmişdir. Barışıq sazişi məhkəməyə təqdim edilənədək Cavabdeh İddiaçı 400.000 (dörd yüz min) manat borc pul vəsaiti götürdüyündən və ya həmin borc məbləği ilə bağlı Mediasiya təşkilatında Barışıq sazişinin bağlanmasından L.Babayevanın xəbəri olmayıb, nə də ki Cavabdeh İddiaçı 400.000 (dörd yüz min) manat borc pul vəsaiti götürməsinə və ya həmin borc məbləği ilə bağlı Mediasiya təşkilatında Barışıq sazişinin bağlanmasına onun razılığı olmamışdır. 400.000 (dörd yüz min) manat borc pul barəsində Barışıq sazişinin məhkəməyə təqdim edildiyini vəkilinin deməsindən bilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatında mediator X9 Cavabdeh və İddiaçı tərəfindən Mediasiya təşkilatına 400.000 manat pulun borca verildiyi barədə qanunla müəyyən edilmiş qaydada bağlanmış ilkin kredit müqaviləsi təqdim edilmədən uydurulan-saxtalaşdırılmış yazılı sübut xx.xx.2022-ci il tarixli Barışıq Sazişi təsdiq edərək Cavabdeh vermişdir. Həmin barışıq sazişi hüquqi nəticələr doğurur və əmlak bögüsü tələbində nəinki onun, o cümlədən də himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının hüquqları və mənafelərinə ziddir. Odur ki, həmin barışıq sazişini və hazırda iş üzrə iddianı etiraf etmək yolu ilə dostu İddiaçı xeyrinə qətnamə əldə edilməsində məqsədi odur ki, məhkəmədə ər-arvad arasında əmlak bölgüsü aparılarkən əmlak payını artıra bilsin, real əmlak payından onu uşaqları ilə birlikdə məhrum etsin və ya “400.000 (dörd yüz min manat) məbləği birgə nikah dövründə götürülmüş pul məbləği kimi qələmə verməklə onun 1/2 hissəsinin, yəni 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin X3 tutularaq ona verilməsini təmin etdirsin- tutmanı onun əmlakına yönəltdirsin. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli e-2(060)-4977/2023 nömrəli qərardadı ilə (hakim Gülnarə Tağızadə) X11 üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. xx.xx.2020-ci il tarixli əlyazma qəbzin mətnindən görünür ki, Cavabdeh dostu İddiaçı xx.xx.2020-ci il tarixdə şəxsi məqsədləri üçün 400000 (dörd yüz min) manat borc götürmüşdür. Həmin borcu bir ilə qaytarcağına söz vermişdir.

8. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli “Barışıq sazişin”in surətindən görünür ki, Cavabdeh saziş imzalandıqdan sonra barışıq sazişi bağlandığı andan etibarən xx.xx.2023-cü ilədək 400000 (dörd yüz min) manat məbləğində vəsaiti İddiaçı ödəyəcəkdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3490/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında mediator X9 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi qərara alınmışdır.

10. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh «X15» Publik hüquqi Şəxsində direktor işləyir, əmək haqqı 7833 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-4977/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinn təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739 və 740.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5, 14.2, 77.1, 124.2, 80, 106.1, 217, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-4977/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və mübahisənin həllinə səthi yanaşmışdır. Belə ki, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixində şifahi formada borc müqaviləsi bağlanmışdır. Sözügedən borc müqaviləsinə əsasən, cavabdeh ondan 400.000 (dörd yüz min) manat məbləğində borc pul almışdır. Lakin, öhdəliyini yerinə yetirməmişdir. Həmin borc münasibətləri cavabdehlə aralarında 6 saylı mediasiya təşkilatında 26 aprel 2022-ci tarixli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Lakin, Cavabdeh sazişə əməl etməkdən imtina etmiş, borcu geri qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi cavabdehlə aralarında olan borc müqaviləsini uydurma əqd kimi qiymətləndirmiş və bu səbəbdən iddia tələbini rədd etmişdir. Lakin, hansı əsasla bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Belə ki, cavabdehlə aralarında dostluq münasibətləri olduğu üçün etibar-inam olması səbəbindən həmin borc müqaviləsini şifahi şəkildə bağlamışdır. Həmin razılaşmaya əsasən də cavabdeh 1 il ərzində borcu tamamilə qaytaracaqdı. Lakin, sonradan öhdəliyi yerinə yetirmədiyi və borcu qaytarmadığı üçün o, borcu ilk öncə mediasiya, daha sonra məhkəmə qaydasında cavabdehdən tələb etmişdir. 400.000 (dörd yüz min) manat məbləğində borcun etirafı olaraq cavabdehin öz imzasıyla təsdiq etdiyi və sözügedən məbləğin ondan alınması ilə bağlı ərizə də iş materiallarına əlavə edilmişdir. Məhkəmənin hansı əsasla uydurma əqd yanaşması məyyən etdiyi ona məlum deyil. Həmçinin, birinci instansiya məhkəməsi qətnamədə əsas kimi qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3490/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Lakin, məhkəmə bu hissədə istinad olunan qətnamənin nəticə hissəsinin məzmununu düzgün müəyyən edə bilməmişdir. Belə ki, Xətai Rayon Məhkəməsində həmin barışıq sazişinin təsdiqindən o, əsasla imtina olunmuşdur ki, hazırkı borc mübahisəsi ilə bağlı iddia icraatı qaydasında mübahisə qaldırılmalıdır. Həmin qətnamədə barışıq sazişinin məzmunu və formasıyla bağlı heç bir pozuntu aşkar edilməmiş və qətnamədə öz əksini tapmamışdır. Eyni zamanda məhkəmənin gətirdiyi əsaslardan biri də odur ki, X1 əri Cavabdeh əmlak bölgüsü ilə bağlı özünə daha çox pay düşməsi üçün 6 saylı Mediasiya Təşkilatında guya dostu İddiaçı 400000 manat borc alması ilə bağlı şikayət əsasında toplanmış material aidiyyatı üzrə araşdırlması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Lakin, bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, sözügedən şikayətin edilməsindən 5 aydan çox müddət keçməsinə baxmayaraq, bu günə qədər cinayət işi başlanmamışdır. Öz təsdiqini tapmayan hər hansı fakt isə əsas kimi qəbul edilə bilməz. Məhkəmə sübutları kifayət qədər hərtərəfli araşdırmamış, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bununla da Məhkəmə Mülki-Prosessual Məcəllənin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Üçüncü şəxs X5 nümayəndəsi Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

16. Etiraz onunla əsaslandırlımışdır ki, Cavabdeh yaxın və uzun müddət ərzində tanıdığı dostu olan İddiaçı tərəfindən verilmiş iddia əslində tərəflər arasında öncədən Cavabdeh təşəbbüsü ilə planlı şəkildə qarşılıqlı razılaşdırılmış bir “oyundur.” Əvvəlcədən ər-arvad arasında əmlak bölgüsündə daha çox pay əldə etmək məqsədi güdmüşdür. Barışıq sazişi məhkəməyə təqdim edilənədək Cavabdeh İddiaçı 400.000 (dörd yüz min) manat borc pul vəsaiti götürdüyündən və ya həmin borc məbləgi ilə bağlı Mediasiya təşkilatında Barışıq sazişinin baglanmasından Leyla Babayevanın xəbəri olmayıb, nə də ki, Cavabdeh İddiaçı 400.000 (dörd yüz min) manat borc pul vəsaiti götürməsinə və ya həmin borc məbləgi ilə bağlı Mediasiya təşkilatında Barışıq sazişinin bağlanmasına onun razılığı olmamışdir. 400.000 (dörd yüz min) manat borc pul barəsində Barışıq sazişinin məhkəməyə təqdim edildiyini vəkilin deməsindən bilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Cavabdeh və İddiaçı tərəfindən Mediasiya təşkilatına 400.000 manat pulun borca verildiyi barədə qanunla müəyyən edilmiş qaydada baglanmış ilkin kredit müqaviləsi təqdim edilmədən uydurulan-saxtalaşdırılmış yazılı sübut – xx.xx.2022-ci il tarixli Barışıq Sazişi təsdiq edərək Cavabdeh vermişdir. Həmin barışıq sazişi hüquqi nəticələr doğurur və əmlak bögüsü tələbində nəinki onun, o cümlədən də himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının hüquqları və mənafelərinə ziddir. İndi ona aydın olmuşdur ki, hələ əvvəllərdən onunla nikah pozdurmaq istəyən, vəkillərdən məsləhət almış Cavabdeh yaxşı bilmişdir ki, ər-arvad arasında əmlak bölgüsü aparılarsa məhkəmə tərəfindən uşaqların mənafeyi nəzərə alına bilər və ona az pay ayrıla bilər. Odur ki, həmin barışıq sazişini və iddianı etiraf etmək yolu ilə dostu İddiaçı xeyrinə qətnamə əldə edilməsində məqsədi odur ki, məhkəmədə ər-arvad arasında əmlak bölgüsü aparılarkən əmlak payını artıra bilsin, real əmlak payından onu uşaqları ilə birlikdə məhrum etsin və ya “400.000 (dörd yüz min manat) məbləgi birgə nikah dövründə götürülmüş pul məbləgi kimi qələmə verməklə onun 1/2 hissəsinin, yəni 200.000 (iki yüz min) manat məbləgində pul vəsaitinin X3 tutularaq ona verilməsini təmin etdirsin, tutmanı onun əmlakına yönəltdirsin. Göründüyü kimi İddiaçı iddiasının təmin edilməsinə dair qətnamə Cavabdeh münasibətdə onun hüquq və vəzifələrinə təsir edə bilər. Odur ki, o, Sumqayıt Şəhər Məhkəməsində işdə iştirak etməyə cəlb olunmuşdur. Barışıq sazişinin məzmunundan belə görünür ki, mübahisə və qarşılıqlı güzəşt yoxdur, güya xx.xx.2020-ci il tarixdə götürülmüş və 2 il müddətinə-2022-ci ilin yanvar ayına kimi ödənilməsi nəzərdə tutulmuş 400.000 (dörd yüz min) manat borc puldan bir manat da olsun Cavabdeh tərəfindən qaytarılmır, 400.000 (dörd yüz min) manat borc pulun sahibi İddiaçı da iki il tamam olana qədər, həmçinin Mediasiya təşkilatına müraciət edən vaxta qədər hərəkətsiz dayanır - pulunun geri qaytarılmasını tələb etmir və məhkəməyə müraciət etmək niyyəti ilə Mediasiya təşkilatına üz tutur və 400.000 (dörd yüz min) manat borc pulu qaytarması üçün Cavabdeh orada üstəlik olaraq xx.xx.2023-cü il tarixə qədər əlavə də bir il vaxt verdiyini öhdəsinə götürür. Göstərilən bu haldan görünür ki, bu uydurulmuş borc məsələsi tərəflərin qabaqcadan əlbir olmaqla Cavabdeh ona qarşı əmlak bölgüsünə dair işdə üstünlük əldə etməsinə yönələn öncədən razılaşdırılmış bir qurma “oyundur”. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3490\2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “1-ci tərəf” İddiaçı və “2-ci tərəf” Cavabdeh arasında mediator X9 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı və Cavabdeh tərəfindən uydurulmuş Borc müqaviləsini sübut kimi qəbul etmək mülki qanunvericiliyin borc müqaviləsinin yazılı formada bağlanılmalı olmasına dair tələbinə ziddir. Onun xəbəri olmadan bağlanılması iddia edilən saxta borc müqaviləsinin illər sonra onun razılığı olmadan məhkəmə qaydasında rəsmiləşdirilməsi və sonda həmin saxta-uydurulmuş borcun birgə nigah dövründə götürülmüş ümumi borc kimi tanınaraq ödənilməsi öhdəliyinin ona aid edilməsinə yönələn bir cəhd olduğuna görə onun maraqlarına tamamilə ziddir. Mülki qanunvericiliyin borc müqaviləsinin yazılı formada bağlanılmalı olmasına dair tələbinə zidd olan belə borc müqavilələrinin sübut növü kimi qəbul edilməsi və belə sübutlardan məhkəmələrdə birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü işlərində, pul tələbi və sair oxşar işlərdə istifadə edilməsi ədalət mühakiməsinin nüfuzuna xələl gətirməklə hərc-mərcliyə, əsassız məhkəmə çəkişmələrinə, hətta korrupsiya hallarına yol açar. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı Cavabdeh dostluq münasibətləri zəminində kömək etməsi məqsədi ilə sonuncunun xahişi ilə ona qarşı saxta və bu səbəbdən etibarsız olan bir əqdin guya bağlanılmasını iddia edərək, həmin uydurma əqdin təsdiqi üçün maraqlı şəxslə öncədən razılaşaraq qanuniləşdirmək üçün başqa qanuni əsas olmadığına görə mediator vasitəsi ilə barışıq sazişinin bağlanılmasında iştirak edib, uydurulmuş külli miqdarda borc öhdəliyinin qanunvericiliyə zidd olaraq onun üzərinə qoyulmasından ibarət cinayət əməlində iştirak etdiyinə görə həm ərizəçinin, həm də maraqlı şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin (mülki iş üzrə sübutların saxtalaşdırılması) əlamətlərinin yoxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Prokurorluğuna tərəfindən müraciət edilmiş və həmin müraciəti ilə əlaqədar hazırda araşdırma aparılmaqdadır. Bundan başqa, Cavabdeh və İddiaçı arasında xx.xx.2020-ci il tarixdə şifahi formada bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh qeyri-yaşayış sahəsi əldə etmək məqsədilə İddiaçı 400.000 (dörd yüz min) manat pul götürülməsi barədə Bakı 6 saylı Mediasiya təşkilatında baglanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin etibarsız sayılması və sair tələbimlə bağlı e-2(004)-306/2023 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi, hazırkı iş üzrə sözü gedən borc müqaviləsinə əsaslanmış iddia tələbləri ilə əlaqədar Cavabdeh və onunla əlbir olmuş yaxın dostu olan İddiaçı ona qarşıdırlar, iş üzrə aralarında hüquq haqqında mübahisə yaşanmış, əsassız məhkəmə çəkişməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.” Göründüyü kimi qanunvericiliyin bu tələbi imperativ xarakter daşıyır və borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğuna görə müqavilənin şifahi formada bağlanması birmənalı şəkildə istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hesab edir ki, işə baxan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsaslı, qanuni və ədalətlidir . Məhkəmə maddi və prosessual normaları düzgün tətbiq etmiş və iddia ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Qətnamənin ləgv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən Məhkəmə kollegiyasından xahiş edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibəti nəzərə alınsın, etirazın dəlilləri araşdırılaraq apellyasiya şikayəti təmin edilməsin.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

19. Üçüncü şəxs X5 nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

20. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

25. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, iddiaçı xx.xx.2020-ci il tarixli əlyazma qəbzə istinad edərək Cavabdeh ondan xx.xx.2020-ci il tarixdə şəxsi məqsədləri üçün 400000 (dörd yüz min) manat borc götürdüyünü, həmin borcu bir ilə qaytarcağına söz verdiyini, lakin hazırki vaxtadək borc məbləğinin qaytarılmadığını iddia edir və həmin borcun tutulmasını tələb edir.

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduguna görə müqavilənin şifahi formada baglanması birmənalı şəkildə istisna edilir, hazırda tərəflər arasında heç bir mübahisə yoxdur və qarşılıqlı razılaşma mövcuddur. Eyni zamanda hazırki iddia tələbi üçüncü şəxs qismində cəlb edilmiş L.T.Babayevanın maraqlarına toxunur. Məhkəmə tərəflər arasında sadə formada baglanmış borc müqaviləsini uydurma əqd kimi qiymətləndirərək, iddia tələbini əsassız hesab etmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir.

29. Bununla yanaşı məhkəmə kollegiyası işin hərtərəfli, obyektiv həlli baxımından aşağıda şərh olunanları qeyd etməy zəruri hesab edir:

30. Göründüyü kimi araşdırma zamanı müəyyən edildi ki, hazırki iş üzrə Cavabdehla üçüncü şəxs Leyla Babayeva əvvəllər ər-arvad olmuş, lakin sonradan münasibətləri uyğun gəlmədiyindən aralarında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 209/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

31. Eləcə də Cavabdeh və X11 arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsünə dair iddia tələbinə baxılaraq Yasamal Rayon Məhkəməsi tərəfindən 14 dekabr 2023-cü il tarixli 2(004)-306/2023 nömrəli qətnamə qəbul edilmişdir.

32. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən imzalanmış 15 yanvar 2020-ci il tarixli sadə yazılı qəbzə istinad etmişdir ki, həmin qəbzin mətnində cavabdehin iddiaçıdan 400.000 manat pul borc alması və bir ilə həmin borcu qaytaracağı qeyd edilmişdir (i/v 20).

33. Qeyd edildiyi kimi borc məbləği könüllü ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh nümayəndəsi vasitəsi ilə məhkəmə prosesində təmsil olunaraq iddianı qəbul etdiyini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

34. Araşdırılan iddiadan xəbər tutan Leyla Babayeva (iş üzrə cavabdehin keçmiş həyat yoldaşı) araşdırılan mübahisənin maraqlarına toxunduğunu göstərərək üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə Leyla Babayevanı üçüncü şəxs qismincə işə cəlb etmişdir.

35. İşin sadalanan hallarından çıxış edərək kollegiya qeyd edir ki, Leyla Babayevanın mübahisə üzrə üçüncü şəxs qismində tanınmasına dair vəsatətinin əsası ondan ibarətdir ki, araşdırılan mübahisə üzrə tərəflər arasında hər hansı borc münasibəti mövcud olmamışdır. Cavabdehlə onun arasında nikah münasibətlərinə xitam verildiyindən və onlar arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi mövcud olduğundan, iş üzrə cavabdeh hazırkı mübahisəni məqsədli şəkildə yaratmış, borcu etiraf etməklə iddianın təmin edilməsi barədə məhkəmə aktı qəbul olunmasına və nəticədə həmin məbləğin birgə nikah dövründə əldə edilmiş borc məbləği kimi qiymətləndirilərək onunla arasında borcun bölünməsinə, bu yolla cavabdeh öz əmlak payını artırmağa nail olmağa çalışır.

36. Apellyasiya kollegiyası bu hissədə qeyd edir ki, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, iş üzrə tərəflər arasında borc münasibətinin mövcud olmasını təsdiq edən 15 yanvar 2020-ci il tarixli qəbz tərtib edildiyi vaxtdan, cavabdeh ilə onun arvadı Leyla Bababyeva arasında münasibətlərin faktiki olaraq pozulması, daha sonra tərəflər arasında bağlanmış nikahın pozulması, həmçinin birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair məhkəmə mübahisələrinin mövcud olması, işin mübahisəsiz halını təşkil edir.

37. Eyni zamanda araşdırılan mübahisənin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulmasına dair qətnamə xx.xx.2023-ci il tarixdə qəbul olunsa da, münasibətlər faktiki olaraq üzün müddət idi ki, pozulmuş, hətta əvvəllər nikahın pouzlması ilə bağlı medasiya təşkilatına müraciət olunmuş, lakin sonra münasibətlər bərpa olunmuşdur. Göründüyü kimi tərəflər arasında ər-arvad münasibətləri problemli olmuşdur.

38. İşin faktiki hallarından çıxış edərək kollegiya hesab edir ki, araşdırılan mübahisənin gələcəkdə Leyla Babayevanın hüquq və vəzifələrinə toxunması halı istisna edilmir. Belə ki, araşdırılan iddia tələbi təmin olunduğu halda gələcəkdə Leyla Babayevaya münasibətdə də müəyyən öhdəliklər yaratmaq, cavabdeh tərəfindən Leyla Babayevaya qarşı yeni bir iddia tələbi ilə çıxış etmək ehtimalı böyükdür.

39. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin tam və obyektiv həllinə nail olmaq məqsədilə cavabdehi şəxsən məhkəmə iclasına dəvət etmiş, lakin tərəf heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarından yayınmaqla işin obyektiv həllində maraqlı olmamasını nümayiş etdirmişdir. Cavabdeh istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı nümayəndə vasitəsi ilə təmsil olunmuş, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, iddianı qəbul etdiklərini bildirmişdir.

40. Kollegiya vurğulamağı zəruri hesab edir ki, borcun cavabdeh tərəfindən inkar edilmədiyi halda nə üçün könüllü ödəməməsi, məhkəmə mübahisəsinin predmetinə çevrilməsi sual doğuran və şühbə yaradan haldır.

41. Eyni zamandı qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi cavabdehin borcu ödəməməsini maddi imkanının olmaması ilə əlaqələndirsə də kollegiya bu cavabı formal cavab kimi qəbul edir.

42. Belə ki, iş materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, iddia edilən borcun götürüldüyü 15 yanvar 2020-ci il tarixdən sonra, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsi (DƏDRX 1 saylı Bakı əra İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu) əldə edilmişdir.

43. Bu halın özü sual yaradır ki, 400.000 manat borcu olan şəxs borcu ödəməkdə maraqlı olmamaqla, yeni əmlaklar əldə etmişdir. Eyni zamanda iddiaçı cavabdehin yaxın dostu olmaqla bu barədə məlumatsız olması və bu qədər məbləğdə borcun qaytarılmasında hərəkətsizlik nümayiş etdirərək maraqlı olmaması, cavabdehin iddiaçı qarşısında borclu olması halını real şübhə altına alır, inandırcı və ağbatan görsənmir.

44. Məhkəmə kollegiyası iş üzrə cavabdehin iddianı qəbul etməsini də iddianın təmin edilməsi istiqamətində həlledici arqmenti kimi qəbul etmir.

45. MPM-in 52.2 maddəsində nəzərdə tutulmuş iddianın etiraf edilməsi cavabdehin ona qarşı iddiaçı tərəfindən irəli sürülən iddia tələbini qəbul etməsində ifadə olunur. İddianı etiraf etməklə cavabdeh iddiaçı ilə məhz onun göstərdiyi hüquq münasibətlərində olmasını təsdiq edir və könüllü olaraq prosessual müdafiədən imtina edir.

46. MPM-in 191.2-ci maddəsinə əsasən hakim cavabdehə iddianın etiraf edilməsinin mahiyyətini izah etməli və bu hərəkətin nəticələrini ona bildirməlidir.

47. Lakin qanunvericilik bu halda da məhdudiyyətlər müəyyən etmişdir. Belə ki, məhkəmə iddianın tam etiraf edilməsinin könüllü, qanuna uyğun olduğunu və kənar şəxslərin mənafeyini pozmadığını müəyyən etdikdə qəbul edir, əks halda məhkəmə belə hərəkətləri qəbul etmir.

48. Hazırki işin qeyd olunan hallarından da göründüyü kimi araşdırılan iddia tələbi cavabdehin keçmiş arvadının, yəni üçüncü şəxs Leyla Babayevanın mənafeyinə toxunur.

49. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya apellyasiya şikayətinin digər dəlili, yəni yazılı qəbzlə bağlı aşağıdakıları qeyd edir.

50. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

51. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

52. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

53. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

54. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

55. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslıdır. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır.

56. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

57. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir.

58. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

59. Sadalanan tələbləri hazırkı işin tədqiq olunan faktiki halları ilə əlaqəli şəkildə bir daha təhlil edərək kollegiya yekun olaraq qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli sadə yazılı əqd, həmin əqdin mətnində qeyd olunan tərəflərin gerçək iradə ifadəsinin nəticəsi olmadığından, bu fakt məhkəmə araşdırması zamanı inkar edilməz dəlillərlə öz təstiqini tapdığından sözügedən əqd özlüyündə əhəmiyyətsiz əqddir.

60. Kollegiya sonda onu da qeyd edir ki, hazırkı iddia tələbinin rədd edilməsi barədə məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə yaranmış mübahisənin ən ədalətli həlli hesab edilməlidir. Belə ki, əgər şərti olaraq hesab etsək ki, doğrudan da tərəflər arasında borc münasibəti mövcuddur və bu münasibəti cavabdeh “səmimi etirafı” edir, imkanı olacağı təqdirdə borcu könüllü ödəyəcəyini bəyan edir, bu halda sonuncunun məhkəmə qərarı olmadan da məhkəmədən kənar qaydada borcunu ödəməsi istisna edilmir.

61. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

62. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2(060)-4977/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar