Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2009/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-664/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 2(074)-664/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(074)-984/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 14 sentyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim N.İsmayılov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-664/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 onun yanında qalmaqla onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə alimentin məbləğinin artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi və o cümlədən uşağın 3 (üç) yaşı tamam olanadək hər ay 50 (əlli) manat əlavə xərclik pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Lakin cavabdehin təqsirli hərəkətlərindən ailə münasibətləri pozulmuş və nəhayət ayrılmışlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 984/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qətnaməsi əsasında cavabdehlə birgə nikahlarından doğulmuş uşağı X4 atalıq faktı müəyyən olunmuş və cavabdehdən hər ay uşaq üçün 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qət olunmuşdur. Cavabdeh aylıq alimenti dəfələrlə gecikdirməsi və ödəməməsi səbəbindən onun xeyli məbləğdə aliment borcu yaranması bir yana qalsın, amma həm də hazırkı dövrdə bir uşağa hər ay 90 manat aliment ödənilməsi olduqca çox az məbləğdir. Üstəlik Azərbaycan Respublikası Ailə Məcəlləsi Qanunvericiliyinin tələbinə görə cavabdeh uşağın 3 yaşı tamam olanadək hər ay bir uşağa əlavə xərclik pul verməlidir. Lakin cavabdeh bundan da yayınmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, onun əvvəlki nikahından da iki uşağı var və onlara da o baxır. Həyat yoldaşı xəstədir. O, müharibə iştirakçısıdır. Hazırkı aliment məbləğini ödəməyə belə çətinlik çəkir. Belə olan halda alimentin artırılması barədə məhkəmənin mövqeyi qanuni hesab edilə bilməz. Beləliklə, işin bütün halları tam araşdırılmadığından qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, onun əvvəlki nikahdan olan övladlarını saxlamaq, onların maddi ehtiyaclarını qarşılamaq məsuliyyəti vardır. Onun əmək haqqı isə bəllidir, əlavə hər hansı qazancı yoxdur. Məhkəmə alimentin artırılması barədə mövqeyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. O, əlavə etdi ki, cavabdehin əvvəlki nikahdan övladlarının olması, habelə apellyasiya şikayətində qeyd etdiyi digər xüsusatların heç biri onu aliment öhdəliyindən azad edə bilməz. Apellyasiya baxışı zamanı Əfsanə Mustafayeva məhkəməyə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz ünvanlamış, qeyd etmişdir ki, Cavabdeh aylıq 300 manat əmək haqqıdan əlavə, müharibə veteranı kimi hər ay 80 manat pul alır. Bundan əlavə cavabdehin başqa gəliri də vardır ki, o həmin gəlirlərini məhkəmədən gizlədir. Apellyasiya şikayətində qeyd olunanların qətnamənin ləğvinə əsas olmamasını bildirirərək, şikayətin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(074)- 984/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşağın atasının xx.xx.1989-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş Cavabdeh olduğunun müəyyən olunması, akt qeydləri kitabında X5 adlı uşağın ata qrafasında ata adı Cavabdeh, soyadı qrafasında Bəkirzadə kimi qeyd edilməsi, Cavabdeh 14 oktyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Yenə iş materiallarında olan AZ-İ 401699 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 atası Cavabdeh hesab edilmişdir. Mülki iş materiallarında olan AZ-İV № 482692 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə Ağsu rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, №- 85 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı lkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Yenə işə əlavə edilmiş AZ İİ 399125 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2020-ci il tarixdə X10 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində nikahlarını bağlamış və bu akt qeydləri kitabında 172 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X11 Mərkəzinin 21 iyul 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 01 fevral 2019-cu ildən "xxxx" MMC-də Şamaxı rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır və onun aylıq əmək haqqı 300 manatdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-664/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Lakin sonradan ailə münasibətləri pozulmuş və nəhayət ayrılmışlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 984/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi əsasında tərəflərin birgə nikahlarından doğulmuş uşağı X4 atalıq faktı müəyyən olunmuş və cavabdehdən hər ay uşaq üçün 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qət olunmuşdur. Qeyd olunan aliment məbləğinin uşağın maddi ehtiyaclarının lazımi qaydada qarşılamaması qənaətinə gələn iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Cavabdeh maddi durumunun imkan verməməsi səbəbilə aliment məbləğinin artırılmasını qəbul etməmiş, qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil etmişdir. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin 193 manat olmasına baxmayaraq, cavabdehin azgəlirli olmasını, həmin məbləğin onun, hazırkı ailəsinin, həmçinin əvvəlki nikahından olan övladlarının, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyini, habelə digər diqqətəlayiq halları nəzərə alaraq, iddianın qismən, aliment məbləğini 150 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 60 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-664/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2009/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2009/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver