Məhkəmə qərarları › İş №2(105)-201/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-201/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-201/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı Cavabdeh qarşı nisyə alıq-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair ilk iddia, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçınə qarşı nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, borcun ödənilməsi, müqavilənin etibarsızlığı, əhəmiyyətsiz əqd) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İlk İddiaçı nümayəndəsi X2, Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlk İddiaçı Cavabdeh qarşı nisyə alıq-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair ilk iddia, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçınə qarşı nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-2793/2022 nömrəli qətnaməsindən ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin məzmunundan görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında müqavilə bağlanılmış, həmin müqvailəyə əsasən satıcı ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcıya satır, alıcı qismində Cavabdeh isə həmin malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüş, vəsait nəğd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir, bu qaydanın pozulmasına görə məsuliyyət alıcının üzərinə düşür. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh məktub ünvanlaraq, müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 28241,65 manat olan hissəsinin bugünədək ödəmədiyini, borcun qısa müddət ərzində ödənilməsi,əks halda hüquqi müdafiə vasitələrindən istifadə edilməsi barədə xəbərdarlıq etmişdir. xx.xx.2020-ci il tarixli 019/2020 saylı əşyaların təhvil-təslim aktının məzmunundan görünür ki, satıcı siyahıda qeyd edilmiş məhsulları təhvil verdi, alıcı Cavabdeh ümumi dəyəri 30000 manat təşkil edən müxtəlif markalı enerji içkilərini təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, cavabdeh İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Bununla bağlı əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin məzmunundan görünür ki, işçi Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İlk İddiaçı MMC Cavabdeh qarşı ilk iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 28241,65 manat hissəsini bu günədək ödəməmişdir Cavabdeh İddiaçınə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçınə ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçınə ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə guya ona 30000 manat məbləğində müxtəlif çeşidli məhsullar nisyə olaraq verilmiş və o, 30000 manat məbləğində olan borcu 3 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. Bütün bunlar hamısı yalandır. Belə ki, o və cavabdeh kimi digər şəxslər İddiaçındə işə qəbul olunarkən ilk olaraq bu müqaviləyə qol çəkdirirlər və ondan sonra həmin şəxslərlə əmək müqaviləsi bağlayırlar. Yəni iddiaçı özünü sığortalamaq məqsədilə belə bir müqavilə təklif edir. Təhvil-təslim aktında qeyd olunan mallar ona təhvil verilməyib. Ümumiyyətlə belə bir mal satmamışdır. Müqavilədə təhvil təslim aktında və ərizədə olan imza ona məxsus olsa da, işə qəbul olmaq üçün həmin müqaviləyə qol çəkmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-2793/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçındən alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər öz ifadələrində İddiaçı MMC-nin əvvəllər əməkdaşı olduqlarını, işə qəbul edilərkən 30000 manatlıq malın alqı-satqısı ilə bağlı müqavilə imzalamağa məcbur edildiklərini, əslində isə onlara heç bir mal verilmədiyini, işə qəbul edilmək üçün məcbur qalaraq müqaviləni imzaladıqlarını bildirmişlər. Həmin şahidlər cavabdehin hər hansı yaxın qohumu və ya iş üzrə şəxsi maraqları olan şəxslər olmadıqlarından onların ifadələrinin mötəbərliyinin şübhə altına alınması mümkün deyildir. Eyni zamanda cavabdehin İddiaçı MMC-nin əməkdaşı olduğu və fərdi sahibkar statusuna malik olmadığı halda onunla heç bir təminat olmadan 30000 manatlıq malın verilməsi barədə müqavilənin bağlanması və həmin dəyərdə məhsulun cavabdehə verilməsi məntiqli və inandırıcı görünmür. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin çap üsulu ilə yazılmasına baxmayaraq müqavilənin tarixi sonradan əlyazma ilə qeyd edilmişdir. Bu da müqavilənin tarixinin sonradan qoyulması barədə cavabdeh tərəfindən göstərilənlərin əsaslı ola bilmək ehtimalını yaradır. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsində 30000 manatlıq malın satılması razılaşdırıldığı halda iddiaçı hazırda cavabdehdən 28241,65 manat pul tələb edir. Belə çıxır ki, qalan məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh isə iddiaçıya hər hansı ödəniş etmədiyini bildirmiş, iddiaçının nümayəndəsi həmin ödənişlə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Müqavilədə cavabdehin məhsulun dəyərini 3 ay ərzində ödəməli olduğu göstərilmişdir. Həmin müddət xx.xx.2020-ci ildə başa çatmışdır. İddiaçı isə bundan təxminən 2 il sonra məhkəməyə müraciət etmişdir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567,600, 337 və 340.1-ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən ilk iddiaçı apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini cavabdehlə aralarında bağlanmış müqavilə predmeti olan mallar şirkətin anbarından təhvil-təslim aktı əsasında çıxarılaraq cavabdehə təhvil verilməsi və həmin təhvil-təslim aktına cavabdeh şəxsən imza atması, həmin akt məhkəməyə təqdim edilməsi, iş materiallarında mövcud olması, malların cavabdehə verildiyini təkzib edən sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, tərəflər arasında bağlanmış müqavilə çap üsulu ilə yazılıbsa, müqavilə tarixinin əl yazısı ilə yazılması qanunveriliyin tələblərinə zidd olmaması, bu halın müqavilənin etibarsızlığına səbəb ola bilməsinin düzgün olmaması, cavabdehin tam fəaliyyət qabiliyyətli şəxs olması, müqavilə bağlanarkən müqavilənin bütün şərtlərinin onunla razılaşdırılıb və onun iştirakı ilə tərtib edilməsi, müqavilənin tarixi də məhz müqavilənin imzalandığı gün yazılması, müqavilə üzrə cavabdehin həyata keçirdiyi ödənişlə bağlı məhkəməyə sənəd təqdim edə bilməməklə bağlı isə həmin ödəniş qəbzlərini məhkəmənin ilk tələbi ilə təqdim etməklərinin mümkün olması, lakin bu halı sübut etmək yükünün onların üzərinə deyil, cavabdehin üzərinə düşməsi, iş birinci instansiya məhkəməsində araşdırılan zaman həmin qəbzlərin mövcud olub-olmaması ilə bağlı hər-hansı müzakirə həyata keçirilməməsi, qəbzlərin onlardan tələb edilməməsi, müqavilə müddətinin 3 ay göstərilməsinə baxmayaraq iddia ilə məhkəməyə 2 il sonra müraciət etməyinin də qanun pozuntusu olmaması, müqavilənin etibarsızlığına səbəb olan faktor olmaması, müqavilə üzrə tələblərə 3 illik iddia müddəti tətbiq edilir və onlar tərəfindən həmin müddət ötürülməməsi, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin yalan əqd kimi etibarsız hesab edilməsi üçün heç bir fakt və ya hal mövcud olmaması kimi hallarla əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İlk İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək,öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb,izahat verərək, əlavə olaraq öz izahatında qeyd olunan müqavilənin etibarsız əqd olduğunu, əslində heç bir mal təhvil almadığını, işə girərkən belə müqavilə imzlamadığını, həmin mallar bir ədəd deyil, o qədər malın necə daşınmasını belə sübut edə bilmirlər, çünki mallar təhvil verilməyib, onlar özlərini sığortalamaq üçün belə bir müqavilə bağlayıblar, işçi qismində cavabdehlə hər hansı maddi məsuliyyət haqqında müqavilə də bağlanılmadığını bildirərək, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki halda mübahisə predmeti tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər təşkil etdiyindən, ilk növbədə qeyd edilən əqdin etibarlı əqd olub-olmaması halı aydınlaşdıırlmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmçinin, qeyd olunmuşdur ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;əqdin formasına dair şərtlər.Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən ilk iddiaçı satıcı 30000 manat dəyərində olan müvafiq sayda məhsulları cavabdeh alıcıya satır, cavabdeh alıcı isə həmin məhsulların dəyərini hissə-hissə 3 ay müddətində ödəməyi öhdəsinə götürür. Həmçinin, iş materiallarında olan təhvil-təslim aktının məzmunundan görünür ki, ilk iddiaçı satıcı qeyd olunmuş müvafiq məhsulları alıcı ilk iddia tələbi üzrə cavabdehə təhvil vermiş, cavabdeh alıcı isə həmin məhsulları təhvil almışdır. Qeyd olunan müqavilə və akt ilk iddia tələbi üzrə cavabdeh alıcının özü tərəfindən imza edilmişdir, bu halı cavabdeh təsdiq edir. İşin mübahisəli halı ondan ibarətdir ki,ilk iddiaçı cavabdehə nisyə alqı-satqı müqaviləsi üzrə malları təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini tam ödəmədiyini, qalıq borcu yarandığını, həmin borc öhdəliyinin icra olunmasını tələb edir. Qarşılıqlı iddiaçı isə qeyd edilən müqavilənin etibarsız əqd olduğunu, bu halı isə belə bir müqavilə bağlanılsa da, əslində heç bir məhsul təhvil almadığını, bu müqavilənin işə qəbul olunmaq üçün imza etdiyini, əslində aralarında nisyə alqı-satqı müqaviləsindən irəli gələn heç bir münasibət olmadığını, iddiaçı işəgötürənin özünü sığortalamaq üçün belə bir müqavilə işə qəbul olunduğu vaxt imza etdirməsi kimi hallarla əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad edilən hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə qeyd edilən alqı-satqı müqvailəsinin görünüş üçün bağlanması, uydurma əqd olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, hər hansı əqdin yalnız görünüş üçün bağlanması əslində ona uyğun nəticələr yaratmaq niyyətinin olmaması halını özündə ehtiva edir. İndiki halda isə tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən müqavilənin predmeti olan müvafiq məhsulların cavabdeh tərəfindən təhvil alınmasına dair təhviltəslim aktı mövcuddur, hansı ki həmin aktda cavabdehin qeyd olunan məhsulları təhvil aldığı qeyd olunmuş və bu akta cavabdeh şəxsən özü imza etmişdir. Lakin qarşılıqlı iddiaçı tərəfindən qeyd olunan məhsulların təhvil almadığını, müqavilənin görünüş üçün bağlandığını, əslində belə bir münasibət olmadığını bildirilsə də, qeyd olunan halı təsdiq edən, habelə təhvil təslim aktını təkzib edən heç bir mötəbər sübutu təqdim etməmişdir. Bununla bağlı sübut qismində şahid ifadələrinə və digər şəxslərlə iddiaçı arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsinə (təhvil-təslim aktı və əmək müqvailəsinə xitam verilməsinə) dair sənədlər istinad olunmuşdur ki, qeyd edilən şahid ifadələri və həmin sənədlər sadəcə onlarla iddiaçı şirkət arasında həmin müqavilələrin bağlanması (malların təhvil verilməsi, əmək müqaviləsinə xitam verilməsi) halını müəyyən etməklə, özlüyündə mübahisə predmeti olan alqı-satqı müqaviləsinin görünüş üçün bağlanması halını təsdiq edən birbaşa sübut qismində çıxış etməmişdir. Qarşılılqı iddiaçı tərəfindən isə başqa digər sübut vasitələri təqdim edilmədiyindən qeyd edilən sübut vasitələrinin mötəbərliyinin müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə indiki halda tərəflər arasında bağlanmış müvafiq müqavilənin uydurma əqd olması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. İndiki halda da qarşılıqlı iddia tələbinin əsası kimi istinad edilən halları sübutetmək öhdəliyi də məhz qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı tərəfindən qeyd edilən halların müəyyən edilməsinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanılmış niyə alqı-satqı müqvailəsinin mülki qanunvericiliklə müəyyən edilmiş hər hansı şərtin (subyekt tərkibi, forma, məzmun, iradə ifadəsinə dair şərtlərin) pozulması ilə bağlanması halı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki,əmək və ya mülki qanunvericiliyində tərəflər arasında işçi-işəgötürən qismində bağlanmış əmək müqaviləsinin və bundan irəli gələn əmək münasibətlərinin mövcud olmasının, həmin tərəflər arasında nisyə alıqsatqı müqaviləsinin bağlanmasını istisna edən hər hansı norma mövcud deyildir, habelə bununla bağlı tərəflər arasında bağlanılmış əmək müqaviləsində də hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır. Odur ki, tərəflər arasında əmək müqanisbətlərinin mövcudluğu, onlar arasında olan nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətin formal olaraq yaranması kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (MM-in 390-cı maddəsi). Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi etibarlı əqd qismində çıxış edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, müvafiq müqavilə üzrə satıcı qismində ilk iddiaçı tərəfindən cavabdeh alıcıya 30000 manat dəyərində olan məhsullar təhvil verilmiş, cavabdeh tərəfindən təhvil alınmışdır. İlk iddiaçı indiki halda cavabdehin müqavilə üzrə 28241,65 manat məbləğində qalıq borcunun yarandığını bildirmişdir. İlk iddia tələbi üzrə cavabdeh tərəfindən isə həmin məbləğin ödənilməsi, müqvailə üzrə öhdəliyin icra olunması halına dair heç bir sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə kollegiyası müvafiq müqavilənin predmetinin 30000 manat dəyərində olan məhsulların təşkil etməsi, cavabdeh tərəfindən həmin məhsulların təhvil alınsa da, həmin məhsulların dəyərini ödəmək öhdəliyi olduğu halda, onların dəyərinin ödənilməsi və öhdəliyin lazimi qaydada tam icra olunması halının müəyyən edilməməsi hallarını əsas götürərək, hesab edir ki, ilk iddia tələbi təmin edilməli, 28241,65 manat məbləğində olan pul vəsaiti ilk iddia tələbi üzrə cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanması hissəsi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin bununla bağlı normalarının pozulması halı və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas olan hər hansı hal (MPM-nin 154,155,259) müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyd olunan hissədə formal mülahizələrə əsaslandığından, həmin hissədə təmin edilməməlidir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci isntansiya məhkəməsi hazırki mülki iş üzrə düzgün nəticəyə gəlməmiş, sübutemə öhdəliyinin tərəflər arasında bölüşdürülməsi məsələsini düzgün müəyyən etməmiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi təmin edildiyindən və apellyasiya şikayəti qismən təmin edildiyindən ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 manat 73 qəpik məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 87 manat 37 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ilk İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia ərizəsi təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İlk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-2793/2022 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilsin. İlk İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia tələbi təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 28241,65 (iyirmi səkkiz min iki yüz qırx bir) manat 65 qəpik məbləğində borc pul vəsaiti tutularaq ilk İddiaçın xeyrinə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçınə qarşı “nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat 73 qəpik məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 87 (səksən yeddi) manat 37 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ilk İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər . Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar