Məhkəmə qərarları › İş №2(105)-2010/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2010/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2010/2022 11.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 SsanYong Musso" markalı **-HF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan üzrə 5430 manat dəymiş zərər və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət XəzinadarlığıAgentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, iddiaçının xeyrinə maddi zərərə görə 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “dəymiş maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xeyrinə dəymiş maddi zərərin əvəzi olaraq 7000 (yeddi min) manat, mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutulması barədə qətnamə xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçının avtomobilinə dəyən zərəri ödəmişdir. Karantin dövründə bankdan kredit götürərək maşına 3980 manat pul xərcləmişdir. maşının heç bir detalı Azərbaycanda tapılmır. Yalnız karqo daşıma vasitəsilə Gürcüstan Respublikasından sifariş etmək mümkündür. Maşını təmir etdirdiyi halda iddiaçı bildirir ki, təmir yaxşı olunmayıb. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, ondan iddiaçıya dəymiş zərərin əvəzi olaraq 200 manat, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsinə, iddianın qalan hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, maşını təmir olunmayıb. İki ildir ki, bu məsələ ilə bağlı əziyyət çəkir. Maşın “Ssan-Yong Musso” markalı maşındır, 1999-cu ilin istehsalıdır. Avtomobilin bazar qiyməti 2 il əvvəl 12000 manat idi. Hazırda heç 3000 manata da maşını sata bilməz. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, tələb cavabdehlərə qarşıdır. İddiaçıya heç bir vəsait ödənilməyib. Əgər ustaya cavabdehlər tərəfindən hər hansı vəsait ödənilibsə, bunu pulu ödədikləri şəxsdən polis yaxud məhkəmə vasitəsilə tələb edə bilərlər. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında göstərdi ki, qətnamədən apellyasiya şikayəti verməsə də şikayəti müdafiə edir və bildirir ki, maşın 1991-ci ilin istehsalıdır. Maşın xəsarət alıb. Elektrikə, dəmirçiyə, rəngsaza pul verilib. Maşının güzgüsü, qapıların rezini və ehtiyat şüşələri Azərbaycanda tapılmır. Bu səbəbdən də iddiaçıya bildirmişdir ki, əgər qeyd olunan detalları tapa bilsə alıb təhvil verəcək, amma tapmaq mümkün olmasa, dəyərini ödəyəcək. Qalan bütün zərər tərəflərindən ödənilib. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini iddiaçıya dəymiş zərərin əvəzi olaraq 200 manat, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsinə, iddianın qalan hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyant maşına dəymiş zərərin müəyyən edilmiş məbləğindən narazıdır və həmin hissəsini mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçıların izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli Bakı şəhər Səbail RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AB № 350749 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ssan-Yong Musso" markalı **-HF-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsusudur. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Kamaz 5511” yük markalı ** KE *** dövlət nömrə nişanlı avtomaşənın sahibi İXM –nin 332.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan İXP ********* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Kamaz 5511” yük markalı ** KE *** dövlət nömrə nişanlı avtomaşının sahibi İXM –nin 332.1-ci maddəsinə nəzərdə tutulan inzibati xəta üzrə 40 manat cərimə edilmişdir. İş materiallarında olan “X1” 21 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1 ədəd (SSANG YONG MUSSO - MİNİK) nəqliyyat vasitəsinin (qeydiyyat nişanı - 90HF749) nəqliyyat hadisəsindən əvvəlki bazar dəyəri 9500 azn, nəqliyyat hadisəsindən sonra görülmüş natamam və keyfiyyətsiz bərpa işləri nəticəsində qiymətləndirmə tarixinə bazar dəyəri 3000 azn təşkil edir. Beləliklə nəqliyyat hadisəsi nəticəsində dəymiş ümumi zərərin məbləği 6000 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli № 9/793 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş «İnter Continental» avtomobillərə texniki xidmət stansiyasının xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Ssang-Yong Musso markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5430,0 manat müəyyən edilmişdir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, 30 yanvar 2021-ci il tarixdə saat 18:30 radələrində iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində idarə etdiyi "Ssan-Yong Musso" markalı **-HF-*** dövlət nömrə nişanlı avtomobillə yaşadığı ünvan 1 ünvana gedərkən aralarında təxminən 20-25 metr məsafə olan "Kamaz" markalı 10- KE-495 dövlət nömrə nişanlı üzəri mişar daşı olan kubiklə dolu olan avtomaşın dağa qalxa bilməyərək idarə etməni itirib arxaya doğru gəlmişdir. Cavabdeh1 idarə etdiyi Kamaz markalı avtomaşın arxaya doğru gəlib iddiaçının idarə etdiyi avtomobili əzmişdir və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Bu hal 22 iyul 2021-ci il tarixli Bakı şəhər Səbail RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iddiaçı, həmçinin cavabdehin izahatları ilə təsdiq olunur. Eyni zamanda müəyyən olundu ki, "Kamaz" markalı 10- KE-495 dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 digər Cavabdeh2 tərəfindən qanuni əsasla, yəni etibarnamə olmadan idarəçiliyinə verdiyindən vurulmuş ziyan hər iki cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarına və ekspert rəyinə istinad edərək müəyyən etmişdir ki, cavabdehin törətdiyi inzibati xəta nəticəsində əmlakının zədələnməsi ilə bağlı iddiaçıya 5430 manat zərər dəyməsi ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.2, 1097.1, 1108.1, 459.1-ci maddələrinə istiunad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin törətdiyi inzibati xəta nəticəsində cavabdehin əmlakının zədələnməsi işin mübahisə edilməyən halıdır. Cavabdeh tərəf iddiaçıya dəymiş zərərin məbləğini mübahisələndirərək nəqliyyat vasitəsinin təmiri üçün ustaya pul verdiklərini, hazırda iddiaçıya dəymiş zərərin 200 manat miqdarında olmasını bildirmişlər. Məhkəmə kollegiyası iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ilə bağlı qeyd edir ki, dəymiş zərər ekspert rəyinə əsasən 5430 manat müəyyən edilmişdir. Bundan başqa cavabdehlər iddiaçıya dəymiş zərəri ödədiklərini, nəqliyyat vasitəsinin təmir etdirdiklərini, təmir xərclərinin özləri tərəfindən ödənilməsini bildirsələr də, buna dair hər hansı sübutu təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində cavabdeh qətnamənin zərərin məbələği hissəsi ilə razı olmadığını bildirmiş, lakin buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdehin dəlillərinə isə qətnamədə araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh dəymiş ziyanın məbləğini mübahisələndirsə də buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ziyanın məbləği isə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 münasibətdə Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 münasibətdə Şamaxı Rayon Məhkəməsinin 2(074)-74/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar