Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2013/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tutulmasına dair iddia tələbi təmin edilməmişdir (hakim A.M.Behbudova). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10000 (on min) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : İddiaçı apelyasiya şikayətinin dəlillərini müdaftə edərək göstərdi ki, cavabdehlərdən 06.05.2014-cü il tarixdə Yaşma Bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə almışdır. Həmin bağ torpaq sahələri üçün cavabdehlərə ümumilikdə 10.000 manat məbləğində pul ödəmişdir. Bildirir ki, o, bağ torpaq sahələrini yaxın qohumları olan X6 və X1 adına almış və cavabdehlər etibarnaməni həmin şəxslərə vermişdilər. O, həmin bağ torpaq sahələrini alarkən həmin bağ torpaq sahələri 1,5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olmuşdur. 2018ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirmək üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilmişdir. Bundan sonra o, cavabdehlərlə əlaqə saxlayıb bu barədə məlumat verərək bildirmişdir ki, ya məsələni həll etsinlər, ya da ödədiyi ümumilikdə 10000 manat məbləğində pulu qaytarsınlar. Lakin bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdehlər onu aldadıb pulunu mənimsəmişlər. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. Cavabdehlər tərəfindən iddia ərizəsinə verilən etirazda qeyd olunub ki, guya cavabdehlər onu ümumiyyətlə tanımırlar, onunla heç bir işləri olmamışdır. Bütün işləri X6 ilə görmüşlər. Bunlar hamısı yalandır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə gedişatında vəkili və nümayəndəsi məhkəmədən xahiş etdi ki, mülki işi başqa bir vaxta təxirə salınsın ki, X6 məhkəmədə şahid qismində ifadə versin. Lakin məhkəmə mülki işi təxirə salmaqdan imtina etmişdir. Hesab edir ki, X6 apelyasiya məhkəməsində şahid qismində dindirilməlidir. Çünki pulu cavabdehlərə Qamiddin yox, o vermişdir. Cavabdehlər onu aldatmış, başqa şəxslərin adına olan torpaq sahələrini ona satmışlar. Bu iş materillarına əlavə olunan sənədlərdə də öz təsdiqini tapır. Məhkəmə belə nəticəyə gəlib ki, o, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişəm və mənim subyektiv hüququ yoxdur. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Çünki iş materillarına əlavə oluna audio diskdəki səs yazısından məlum olur ki, cavabdehlə aralarında torpaq sahələrinin alınması ilə bağlı danışıq olub. Hazırda isə cavabdehlər etiraz edirlər ki, guya onu tanımırlar. Pulu cavabdehlərə o verdiyi halda, onun necə subyektiv hüququ olmaya bilər. Məhkəmə maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil apelyasiya şikayətini dəlillərini müdafiə edərək göstərmişdir ki, iddiaçının izahatını təsdiq edir. Əlavə olaraq bildiir ki, pulu cavabdehlərə iddiaçı vermişdir. Birinci instansiya məhkəməsində Qamiddin Hacəliyevin şahid qismində dindirilməsi ilə bağlı vəsatətələ çıxış etmiş, vəsatəti təmin edilməyib. Bu məhkəmə tərəfindən protokolla rəsmiləşdiirlməyib. Bundan əlavə qətnamənin elan olunduğu son məhkəmə iclasında müvəkkili ilə iştirak etsələr iştirakları məhkəmə iclas protokoluna salınmayıb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)- 2343/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh2 adına verilmiş 10 iyun 2000-ci il tarixli, 41 saylı bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Cavabdeh2 Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cavabdeh1 adına verilmiş 10 iyul 2000-ci il tarixli, 42 saylı bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Cavabdeh1 Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən X4 verilmiş 06.05.2014-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsinin üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X4 etibar etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən X3 verilmiş 06.05.2014-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsinin üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X3 etibar etmişdir. Birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4618/2019 saylı mülki işin materiallarını müayinə edərkən müəyyən edilmişdir ki, eyni iddia tələbi ilə bağlı mübahisə araşdırılarkən məhkəmənin 30 may 2019-cu il tarixli sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 iyun 2019-cu il tarixli cavabından görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivində, Sumqayıt Süd zavodunun işçilərinə verilməsi məqsədilə ayrılmış ərazidə yerləşən 41 və 42 saylı bağ sahələri “Polimer” Bağçılıq Yoldaşlığı cəmiyyəti tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 saylı bağ torpaq sahəsi 15.08.1989-cu il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə 17.12.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 28.04.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 42 saylı bağ torpaq sahəsi 15.12.1988-ci il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə 17.12.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X5 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 26.04.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh2 06.05.2014-cü il tarixli etibarnamə ilə “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 41 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X4 etibar etmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 saylı bağ torpaq sahəsi 15.08.1989-cu il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə 17.12.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 28.04.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 06.05.2014-cü il tarixli etibarnamə ilə “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş Yaşma Bağları ərazisində 42 saylı bağ sahəsində yerləşən 600 kv.metr torpaq sahəsini üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, özəlləşdirilməyi, satmağı, bağışlamağı, dəyişməyi və sair hərəkətləri etməyi X3 etibar etmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 42 saylı bağ torpaq sahəsi 15.12.1988-cu il tarixli bağçının üzvlük kitabçası, vətəndaşın “Polimer” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması barədə 17.12.1988-ci il tarixli, 7 saylı protokoldan çıxarış və ərazinin yerquruluşu xəritəsindən çıxarış əsasında X5 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 26.04.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən hesab etmişdir ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi qeyd edib mülkiyyətçi kimi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərkən, onun bu hüquqa, yəni subyektiv hüququnun olmasının hüquqi və faktiki hallarını əsaslandıra bilməmiş, həmçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları əsaslanaraq hesab etmişdir ki, iddiaçı bir çox hüquqlardan üstün olan mülkiyyətçi hüquqlarından əvvəl subyektiv hüququnun olmasını əsaslandıra bilməmiş, həmçinin cavabdehin iddia tələbinin subyektiv hüququn olmaması əsası ilə rədd edilməsi barədə etirazını təkzib edə bilməmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Polimer" BY 41 və 42 saylı bağ torpaq sahələrinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 manat məbləğində pulun verilməsi tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Müəyyən edilmişir ki, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Səmədi və Paşanı tanıyır. Paşanı 1-2 il bundan qabaq, torpağını satanda tanımışdır. O, öz torpağını satırdı, sənədin pulunu vermiş, Paşa onun üçün sənəd almışdır. Pul onun pulu idi. Torpağı bir neçə il bundan qabaq Səmədə pul verib almışdı. Bir müddət keçəndən sonra, torpağı satanda problem yarandı və Səmədə zəng edib nə məsələ olduğunu soruşmuşdur. Paşa da gəlmiş, onunla onda tanış olmuşdur. Əvvəllər Paşanı tanımırdı. Paşanın ona heç bir aidiyyatı yoxdur. Pulu Səmədə vermişdir. Cavabdeh1 ümumiyyətlə görməmişdir. Səməd pulu Paşaya verəndə orada olmamışdır. Şahid ifadəsindən də göründüyü kimi, şahid Cavabdeh1 ilə tanışlığının olmadığını, pulu iddiaçıya verdiyini, iddiaçının Paşaya pulu verməsində iştirak etmədiyini bildirmişdir ki, bununla da iddiaçının istinad etdi şahid ifadəsi də iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, iddiaçı apelyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də bunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi formal əsaslara görə ləğv edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2343/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2013/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2013/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver