Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2024/2023 09.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 03 fevral 2021-ci il tarixli, 2(023)-128/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının (qazancın 1/4 hissəsi) artırılaraq cavabdeh X2 19 sentyabr 2018-ci ildə anadan olmuş X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1161/2023 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclasından sonra Cavabdeh şəxsiyyət vəsiqəsi barəsində məlumatlardan müəyyən olunmuşdur ki, o, rəsmi olaraq ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh ünvanı Abşeron rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-5027/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Məlahət Abbasova) mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Qazax rayonunun Hüseynbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qazax Rayon Məhkəməsinin öz qərardadında cavabdehin Abşeron rayonunda qeydiyyatda olmasına istinad etməsi əsaslı deyildir, çünki işdən görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata götürülmüşdür və mübahisəyə MPM-in 36.3-cü maddəsinə əsaslanmaqla həmin məhkəmədə baxıla bilərdi. İş üzrə MPMin 44-cü maddəsində sadalanan hallar baş verməmişdir. Qanunvericilik bu kateqoriya işlərdə aidiyyət seçimi hüququnu iddiaçıya verir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Qazax Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 36.3-cü maddəsinə əsasən iddiaçının seçiminə görə alimentin alınması haqqında iddia ərizəsinin onun yaşadığı yerə görə də verilə bilməsi imkanı nəzərdə tutulduğundan, işə iddia ərizəsinin iddiaçının seçiminə görə verildiyi Qazax Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 39, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2024/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2024/2023
09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver