Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2026/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(060)-7100/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(060)-7100/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) iddiaçı “ABC Telecom” məhdud məsuliyyəti cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 828 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 858 manat məbləğində pulun alınaraq “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 17.11.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı paltaryuyanın ödənilməmiş 828 manat hissəsinin və 30 manat dövlət rüsumunun, cəmi 858 manatın Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətlə bağlanmış 17.11.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “Hoffmann” markalı paltaryuyan almış və nəticədə 828 manat borcu yaranmışdır. Cavabdeh “Hoffmann” markalı paltaryuyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürsə də, müqavilənin şərtlərini pozmuşdur. Müqavilə üzrə 151 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq cərimə tələb edilməmişdir. Cavabdeh alqı-satqı müqaviləsi üzrə heç bir məbləğ ödəməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və ədalətsizdir. Belə ki, qətnaməyə əsasən sanki o, müqavilə üzrə öhdəliyini pozmuşdur. Məhkəmə karantin müddətinə düşdüyündən və çağırışla bağlı bildiriş gəlmədiyindən məhkəmədə sözünü deyə bilməmişdir. Ona məhkəmədən gələn sənəddə iclasın birtərəfli keçiriləcəyi qeyd edilmişdir. Bundan sonra da ona heç bir sənəd və məhkəmə qətnaməsi göndərilməmişdir. Məhkəmə qətnaməsinin mövcudluğundan icra qaydasında xəbər tutmuşdur. Məhkəmədə heç bir araşdırma aparmamışdır. Belə ki, aldığı gündən paltaryuyan yaxşı işləməmişdir. Bununla bağlı 14 gün ərzində “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinə müraciət edərək avadanlıqda qüsur olduğunu bildirmişdir. Uzun müddət sonra, 06 yanvar 2021-ci il tarixdə paltaryuyan onlardan təhvil alınmış və şifahi şəkildə bildirilmişdir ki, qüsur düzəlməsə, başqa paltaryuyanla əvəz ediləcəkdir. Onlar lazım gəlsə, əlavə ödəniş də edəcəklərini bildirmişdilər. Lakin bundan sonra onlara heç bir məlumat verilməmişdir. Paltaryuyan “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətində qala-qala onu məhkəməyə verərək pulun ödənilməsini tələb edirlər. “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən öhdəlik yerinə yetirilməmişdirsə, üstəlik qüsurlu malı da özlərində saxlayıblarsa hansı pulun ödənilməsindən söhbət gedə bilər. Bununla bağlı müvafiq təhvil-təslim aktı da vardır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. 01 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat vermişdir. İddiaçı “ABC Telecom” məhdud məsuliyyəti cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01057973 saylı, 17.11.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “Hoffmann” markalı paltaryuyan satılmışdır. İş materiallarında olan 01057973 saylı, 17.11.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Hoffmann” markalı paltaryuyanın dəyəri olan 828 manatı hər ay 46 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan 17.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “Hoffmann” markalı paltaryuyanı təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin 17.06.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətindən qiyməti 828 olan “Hoffmann” markalı paltaryuyan almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh məhkəmə iclasında “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti cəmiyyətinə borcunun olmasını etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, aldığı “Hoffmann” markalı paltaryuyanın qüsuru ilə əlaqədar Cavabdeh ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(060)-7100/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2026/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2026/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver