Məhkəmə qərarları › İş №2(105)-2030/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2030/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2030/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3550/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, arvadı X2 2023-cü ilin yanvar ayında bacısı üçün ev almaq məqsədilə Cavabdeh məxsus Sumqayıt şəhəri, 4-cü mkr., ev 19/27., mənzil 106-1 mənzilinə baxaraq həmin mənzili bəyənmişdir. Bundan sonra arvadı bacısı ilə birlikdə Cavabdeh ilə həmin mənzildəki kombi aparatının, mətbəx mebelinin, kondisionerin, kitab şkafının və digər xırda əşyaların mənzildə qalması şərti ilə evin 65000 manata satılmasına razılığa gəlmişlər. İddiaçının arvadının bacısı həmin evin alınması ilə bağlı beh qoyulması üçün iddiaçıya 500 manat pul vermişdir. 2023-cü ilin yanvarın 24-də iddiaçı ev sahibi Cavabdeh ilə görüşüb beh olaraq 500 manat pul vermişdir. Cavabdeh tanıdığı üçün həmin behi notarial qayda da rəsmiləşdirməmişlər. 2023-cü ilin yanvarın 28də iddiaçı Cavabdeh bildirmişdir ki, baldızının 5-6 min manatı çatmır, həmin pulu bankdan kredit götürəcək, maksimum alğı-satqını 20-25 günə həyata keçirəcəklər. 2023-cü ilin fevralın 15-də Cavabdeh zəng edərək ona məxsus mənzilin alğı-satqısı ilə bağlı notariusa getməyi təklif etmişdir. Lakin Cavabdeh telefonda iddiaçıya bildirmişdir ki, həmin mənzili satmır. İddiaçı ondan behi geri qaytarmasını tələb etsə də cavabdeh həmin behi geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı Sumqayıt şəhər Polis İdarəsinin İ Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 1 Polis idarəsində verdiyi izahatında həqiqətən də ona məxsus Sumqayıt şəhəri, 4-cü mkr, ev 19/27, 106 saylı mənzilin satışı ilə bağlı iddiaçıdan 500 manat beh aldığını etiraf etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1 Polis Bölməsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olumuşdur ki, ərizədə göstərilmiş xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Ona görə də cavabdehdən ona ödədiyi 500 manat pulun geri alınması ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

3. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3550/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh 500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüseynov).

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi cavabdehə verdiyi behin ona qaytarılmasını xahiş edir. İddiaçı iddia edir ki, 24 yanvar 2023-cü il tarixdə beh verərkən alğı-satqını fevral ayının sonunadək həyata keçirəcəkləri barədə cavabdehlə razılaşmışlar, cavabdeh isə iddia edir ki, alğı-satqını 2023-ci ilin yanvar ayının sonunadək həyata keçirməyə razılaşmışlar. Bu hissədə məhkəmə iddiaçının dediklərinə tənqidi yanaşır, belə ki, iddiaçı dediyi kimi 2023-cü ili fevral ayının sonunadək razılaşma olsa idi, belə olan halda iddiaçı 2023-cü ilin yanvar ayının sonunda cavabdehə nisyə alğı-satqı edə biləcəklərini və tam vəsaitlərini çatmaması barədə bildirməsinə zərurət qalmırdı. Məhkəmə şahidlərin ifadələrinə dair qeyd edir ki, həmin şəxslər behin verilməsində iştirak etmədikləri üçün alğı-satqıya dair müddətlər barədə məlumatlı olmayıblar, yalnız sonradan iddiaçının dediklərinə istinad edirlər. Məhkəmə hesab etmişdir ki, alğı-satqı müddəti barədə cavabdehin gətirdiyi dəlillər daha ağlabatındır, iddiaçı götürdüyü öhdəliyi vaxtında icra etməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 425.1, 460.1, 491.1, 491.2, 492.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3550/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, alğı-satqı müddəti barədə cavabdehin gətirdiyi dəlilər daha ağlabatandır, iddaçı götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Həmçinin məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Müki Məcəlləsinin 491.1, 491.2 və 492.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsində qeyd olunur ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Göründüyü kimi tərəflər arasında belə bir beh müqaviləsi mövcud olmadığından birinci instansiya məhkəməsinin həmin məbləği beh kimi qəbul edərək iddiaçının götürdüyü öhdəliyi vaxtında icra etməməsinə istinad edərək iddianı rədd etməsi əsassızdır. Hesab edir ki, məhkəmə hazırki iddia tələbinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməli idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək apellyasiya şikayətini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddia tələbinin predmeti ona beh kimi verilmiş puldur. Müxtəlif əsaslarla təxirəsalınmalar nəticəsində iddiaçının öhdəliyin icra qaydasını pozmasına görə alğı-satqı müqaviləsi bağlanmamışdır. Sonradan iddiaçı nisyə alğı-satqı müqaviləsi bağlamaq barədə təkliflə çıxış etmiş, bu da onun mövqeyinə uyğun olmadığından qəbul etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03.08 2023-cü il tarixli, 2(060)- 3550/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

15. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3550/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, İddiaçı onun bacısının əridir. Bacısıgil Sumqayıtda, özləri isə Bakıda yaşayırlar. Sumqayıtdan ev almaq üçün bacısı ilə onun ərinə ev tapmasını xahiş etmişdir. Bacısının əri İddiaçı ev tapdıqdan sonra oğlu və Kənan ilə birlikdə həmin evə baxmağa getmiş, evi bəyənmişdir. Evin qiymətini 65000 manat razılaşmışlar, bununla bağlı 2023-cü ilin yanvar ayının 24-də Kənana 500 manat vermişdir ki, beh kimi Anara versin. Beh verəndən sonra pulunun müəyyən hissəsinin çatmadığını, pulun qalan hissəsini düzəldəcəyini bacısının ərinə söyləmişdir. Kənan Cavabdeh evi satmağa tələsdiyini bildirmişdir. Fevral ayının 15-də pulun çatışmayan hissəsini də düzəltmiş və Kənana zəng vurub pulun hazır olduğunu söyləmişdir. Kənan da Cavabdeh zəng vurub pulun hazır olduğunu bildirəndə Cavabdeh evi artıq satmadığını bildirmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, X3 onun bacısıdır. Bacısı Sumqayıt şəhərində ev almaq istədiyini, buna görə də ev tapmağı ondan xahiş etmişdir. Bacısına görə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 19/27 saylı evin 106 saylı mənzilinə əri ilə birlikdə baxmağa getmiş, bəyənmişdir. Cavabdehə məxsus evin qiyməti 65000 manat dəyərində müəyyən olunmuşdur. Bacısı onun ərinə cavabdehə beh verməsi üçün 500 manat pul vermiş, əri Kənan da öz növbəsində həmin pulu cavabdehə vermişdir. Bundan sonra bacısı evin ümumi dəyərinə bir az pulunun çatmadığını bildirmişdir. Əri pulun çatışmadığını cavabdehə bildirdikdə cavabdeh nisyə ev satmadığını söyləmişdir. Bacısı fevral ayının 15-də mənzilin pulunu tamamladıqdan sonra alğı-satqı üçün cavabdehə müraciət etsə də cavabdeh evi satmaqdan imtina ediyini bildirmişdir. Bununla belə Türkiyədə olan zəlzələ ilə əlaqədar bina evlərinin qiymətinin qalxdığını bildirmiş, ona verilən 500 manat behi də qaytarmaqdan imtina etmişdir.

20. İş materiallarında olan AR DİN Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 ərizəsində qeyd edilən xüsusatların mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

21. Müəyyən edilmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi cavabdehə verdiyi behi ona qaytarmasını xahiş edir. İşdən və iş materiallarından, həmçinin məhkəmə iclasında dindirilən şahid ifadələrindən məlum olur ki, İddiaçı cavabdehə məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 19/27 saylı evin, 106 saylı mənzili 65000 manat dəyərinə baldızı üçün almaq barədə cavabdehlə razılaşmışdır. Bundan sonra alğı-satqı edənədək 24 yanvar 2023-cü il tarixdə Cavabdeh 500 manat beh iddiaçı tərəfindən verilmişdir. Tərəflər arasında bağlanmış şifahi beh müqaviləsinə görə iddiaçı cavabdehə məxsus evin 65000 manat dəyərinin yanvar ayının sonunadək ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin yanvar ayının sonunda Kənan Anara pulun tam hazır olmadığını bildirmiş və 58000 manat ödəməklə nisyə alğı-satqı etmələrini xahiş etmişdir. Cavabdeh bu təkliflə razılaşmamışdır. Göründüyü kimi İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia edir ki, cavabdehin evi satmamasına səbəb Türkiyədə baş verən zəlzələ ilə əlaqədar bina evlərinin qiymətlərində baş verən artım olmuşdur. Lakin iddiaçının öhdəliyini yerinə yetirmədiyi vaxt Türkiyədə zəlzələ olmamışdır. Belə ki, Türkiyədə baş verən zəlzələ 2023-cü ilin fevral ayının 6-na təsadüf edir. İddiaçı iddia edir ki, 24 yanvar 2023-cü il tarixdə beh verərkən alğı-satqını fevral ayının sonunadək həyata keçirəcəkləri barədə cavabdehlə razılaşmışlar, cavabdeh isə iddia edir ki alğı-satqını 2023-ci ilin yanvar ayının sonunadək həyata keçirməyə razılaşmışlar. Bu hissədə məhkəmə iddiaçının dediklərinə tənqidi yanaşır, belə ki, iddiaçı dediyi kimi 2023-cü ili fevral ayının sonunadək razılaşma olsa idi, belə olan halda iddiaçı 2023-cü ilin yanvar ayının sonunda cavabdehə nisyə alğısatqı edə biləcəklərini və tam vəsaitlərini çatmaması barədə bildirməsinə zərurət qalmırdı. Məhkəmə şahidlərin ifadələrinə dair qeyd edir ki, həmin şəxslər behin verilməsində iştirak etmədikləri üçün, alğı-satqıya dair müddətlər barədə məlumatlı olmayıblar, yalnız sonradan iddiaçının dediklərinə istinad edirlər. Məhkəmə hesab edir ki, alğı-satqı müddəti barədə cavabdehin gətirdiyi dəlillər daha ağlabatındır, iddiaçı götürdüyü öhdəliyi vaxtında icra etməmişdir.

22. Məhkəmə iş materiallarına əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

24. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə evin alğı-satqısı üçün beh kimi verdiyi 500 manat pulun qaytarılmasını xahiş edir.

25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı öz iddiasını və apellyasiya şikayətini əsaslandırmamışdır.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində beh barədə cavabdehlə aralarında rəsmi müqavilə bağlanmadığını qeyd etsə də iddia tələbində həmin pulun cavabdehə beh kimi verildiyini özü qeyd etmişdir.

29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.

30. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3550/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3550/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar