Məhkəmə qərarları › İş №2(105)-2033/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2033/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2033/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı1, İddiaçının vəkili: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16, mənzil 7-yə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraçiət edərək iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianın təmin olunması tədbiri kimi Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16, mənzil 7-nin üzərinə həbsin qoyulması, həmin mənzillə bağlı əməliyyatların aparılmasının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı (Sumqayıt) ərazi İdarəsinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətini onunla əsaslandırmışdır ki, ərizənin təmin etməyən məhkəmə bunu onunla əsaslandırmışdır ki, qeyd edilən mənzil şəxsi mülkiyyətdə olduğu üçün onun üzərinə həbsin qoyulması mülkiyyətçinin mülkiyyət hüquqlarına ziddir. Hazırkı qərardad onların bu mənzilin tərkib hissəsinə yaranmış hüquqlarını pozur, belə ki, cavabdeh həmin mənzili sata bilər. Lakin məhkəmə bunu nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadını ləğv edərək, ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı1 və və vəkili S.R.Əliyeva şikayətin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı ləğv olunmalı, şikayət isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun göstərilən müddəası baxımından iddianı təmin tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi bir-birindən fərqləndirilməlidir. İddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələrə yalnız iddianı təmin tədbirlərinin məqsədi nəzərə alınmaqla qiymət verilə bilməz. İddianı təmin tədbirlərinin məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Bu mənada, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi ərizəni təmin etmədikdə iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əmlaklar iddia predmetinin mübahisə olunan əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 20 aprel 2021-ci il tarixli 2(060)-4109/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı1 və İddiaçı2 iddianın təmin tədbiri barədə ərizəsi təmin edilsin və Sumqayıt şəhər 5-ci məhəllə ev 13/16, 7 saylı mənzilin üzərinə həbs qoyulsun və həmin mənzillə bağlı əməliyyatların aparılması qadağan edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələlərinin Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar