Məhkəmə qərarları › İş №2(105)-2034/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2034/2021

02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2034/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı2 cavabdehlər Sumqayıt Regional «Asan Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı 7E-37972 reyestr nömrəli, 07 dekabr 2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və bu etibarnamə əsasında açılmış vərəsəlik işinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(060)-3903/2021 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 qeyd olunan iddiası üzrə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisində miras qoyan X1 2-ci dərəcə vərəsəsi adından açılmış vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(060)-3903/2021 saylı qərardadı ilə (hakim Ə.Ələkbərov) iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə İddiaçı2 vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı2 ondan şikayət verərək onun ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(060)-3466/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 16 aprel 2021-ci il tarixli, 2(060)-3903/2021 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə şikayət verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Sumqayıt Regional «Asan Xidmət» Mərkəzi Notariat Ofisi və Sumqayıt şəhər 4 saylı Notariat Ofisi məhkəməyə məktub yazaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Lakin İddiaçı2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Eyni Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müdəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, 16 aprel 2021-ci il tarixdə işə baxılarkən İddiaçı2 nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onun iştirakı ilə elan edilmişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni 26 aprel 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, İddiaçı2 həmin qərardaddan 04.05.2021-ci il tarixdə şikayət vermiş, şikayət həmin tarixdə məhkəməyə daxil olmuş, müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişlər. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın İddiaçı1 tərəfindən gec əldə edilməsinə əsaslanmaqla ondan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 10 günlük şikayət etmə müddətinin axımı qərardadın rəsmi qaydada alınması ilə deyil, məhkəmə iclasında elan edilməsilə başlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayət üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400,402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: İddiaçı2 cavabdehlər Sumqayıt Regional «Asan Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(060)-3903/2021 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar