Məhkəmə qərarları › İş №2(105)-2036/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2036/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2036/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-2080/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(012)-2907/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 120 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin və 50 manat əlavə pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(012)-2907/2020 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Azyaşlı Elyarın əsəblərini pozduğu üçün uşağın gözündə problem yaranmış və uşaq eynək taxmağa məcbur qalmışdır. Hər 3 aydan bir onun eynəyi yenisi ilə əvəz edilməlidir. Onun həmin xərcləri ödəməyə maddi imkanı yoxdur. Hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanılması üçün kifayət deyildir. Şəxsi mənzilinin olmaması səbəbindən hazırda kirayədə yaşayır. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Eyni zamanda cavabdehdən övladının müalicəsi üçün hər ay 50 manat əlavə pul tutulub ona ödənilməlidir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Neftçala rayonu Aşağı Surra kəndi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 643294 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 47 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2907/2020 nömrəli qətnaməsi ilə 20 iyun 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, 20 iyun 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay uşağa görə 120 manat sabit pul miqdarında alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Şirvan Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(106)- 958/2019 nömrəli qətnaməsinin icra olunan günədək tutulması, Cavabdeh dövlət nəfinə 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-596/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellysiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)2907/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-243/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı 20 iyun 2010-cu il təvəllüdlü X6 Neftçala Rayon Aşağı Surra kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 12 yanvar 2018-ci ildə aparılmış doğum haqqında qeydiyyat kitabının 47-ci səhifəsində uşağın atası kimi göstərilməsi barədə qeydiyyat yazısının ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş tibbi reseptlərdən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 gözlərinin müalicəsinə görə eynək təyin olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-2080/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə iddia qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(012)-2907/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 20 iyun 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilən 120 manat sabit pul məbləğində alimentin məbləği hazırda bir uşağın ay ərzində saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının iddia tələbinin “50 manat əlavə pul vəsaitinin tutulması” hissəsində göstərilən hala dair mötəbər sübutunu məhkəməyə təqdim etmədiyi əsası ilə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 217.3,217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022ci il tarixli, 2(012)-2080/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi tərəfindən sabit pul məbləğində aliment təyin edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır, lakin işə baxan məhkəmə bu halı nəzərə almamışdır. Belə ki, hazırda yaşa görə 268 manat pensiya alır və əlavə heç bir yerdən gəliri yoxdur. Artıq 70 yaşı var, işləyə biləcək vəziyyətdə deyil və kirayədə yaşayır. Qeyd olunanlar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmədə iş üzrə icraat aparılan vaxtı səhhətilə bağlı iclaslarda iştirak edə bilməmiş, bununla bağlı məhkəməyə ərizə ilə müraciət edərək həkim kağızlarını təqdim etmişdir. Buna baxmayaraq məhkəmə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş və onun iştirakı olmadan iclasa baxaraq iddianı təmin etmiş və alimentin miqdarını artırmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1 və 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1-ci maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə bir uşağın saxlanması üçün təyin edilmiş 120 manat alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları və uşaq böyüdükcə saxlanması üçün çəkilməli olan xərclərin həcmi artmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışdan görünür ki, Cavabdeh yaşa görə aylıq 268 manat 62 qəpik pensiya alır. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" ASC-də nasos qurğularının maşinisti vəzifəsində işləyir və aylıq əmək haqqı 665 manat 60 qəpik şəkil edir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, tələb xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 120 manat sabit pul məbləğində alimentin artırılıb hər ay 193 manat sabit pul məbləğində alimentin müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 73 manat, həmin məbləğin bir il ərzində məcmusu isə (73 X 12 ay) 876 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kasssasiya şikayəti verilə bilər. Ona görə də hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-2080/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar