Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2038/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8115/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın təmin edilməsi, Cavabdeh 3097 (üç min doxsan yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3097 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci ildə Naxçıvan MR, Babək rayonu, Böyükdüz kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh ona qarşı dələduzluq edərək onu aldatmaqla 9000 manat pul almışdır. Cavabdehin cinayət əməli Nizami rayon məhkəməsinin 1(007)-107/2018 saylı hökmü ilə sübuta yetirilərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin prosesdə cavabdeh onun pulunu qaytaracağına söz verərək iltizam yazmışdır. Həmçinin onun hüquqi savadı az olduğu üçün həmin işdə mülki iddiaçı olmamışdır. Cavabdeh həmin vaxtdan özünə məxsus olan plastik kartı ona verərək borcunun tam qaytarılacağına qədər həmin plastik kartın onda qalacağını bildirmişdir. Müxtəlif tarixlərdə ümumilikdə 5903 manat pulu cavabdehin plastik kartından götürmüşdür. Lakin sonradan cavabdeh özünə məxsus olan plastik kartı bağlatdırmış, ödənilməyən 3097 manat borcu hazırki vaxta qədər qalmışdır. Sonuncu dəfə cavabdehlə mart ayında cavabdehə məxsus mobil nömrə ilə əlaqə saxlamışdır. Cavabdeh 3 aylıq pensiyası ilə onun borcunu tam ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh həmin vaxtdan pulunu ödəməmişdir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının şikayətinə əsasən Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 3 il azadlığın məhdudlaşdırılması cəzası almışdır. O, iddiaçıdan 9000 manat götürüb oğlu üçün iş görməli idi. Lakin müəyyən səbələrdən görə bilməmişdir. Ona olan borcunun 6000 manatı poçt, bank vasitəsilə, pensiya kartı ilə etmiş, 3200 manat pulu ilə nağd şəkildə vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına ünvanladığı teleqramda səhəti ilə bağlı məhkəmə kollegiyasının iclasında iştirak edə bilmədiyini, iddiasını müdafiə edərək onun iştirakı olmadan işə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi cavabdehin törətdiyi ictimai təhlükəli əməl nəticəsində iddiaçıya maddi zərər dəyməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması, iddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi halları tamamilə sübut etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə xx xxxx 2017-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçı cavabdehin ona qarşı dələduzluq edərək 9000 manatını aldığını və şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunduğunu, həmin cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq edildiyini, lakin ona borclu olduğu 5903 (beş min doqquz yüz üç) manat məbləğində pulu plastik kart vasitəsilə geri qaytarmış olsa da, yerdə qalan (9000-5903=3097) 3097 (üç min doxsan yeddi) manatın ona verilmədiyini, bununla da cavabdehin onun qarşısında olan öhdəliyini lazımınca icra etmədiyini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1 və 1097.1. maddələri). Qeyd etmək lazımdır ki, hər bir şəxsin əmlakı qanunla mühafizə edilir. Qanunla müdafiə edilən əmlaka birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin əməli törətməsi, sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. İşdən göründüyü kimi, Nizami rayon məhkəməsinin 1(007)-107/18 saylı, xx xxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh zərərçəkmiş İddiaçı ümumilikdə 9000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçının cinayət hadisəsinə görə maddi zərərə məruz qaldığı, cavabdehin təqsirli olmasına görə məhkum edildiyi müəyyən edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi). İddia tələbindən görünür ki, cavabdeh tərəfindən baş vermiş cinayət hadisəsinə görə maddi ziyan kimi vurulmuş 9000 (doqquz min) manat puldan, 5903 (beş min doqquz üç) manat məbləğində pulu iddiaçıya qaytarmış olsa da, yerdə qalan 3097 (üç min doxsan yeddi) manat sonuncuya verilməmiş, bununla da cavabdehin iddiaçı qarşısında (9000- 5903=3097) 3097 (üç min doxsan yeddi) manat məbləğində öhdəliyi yaranmışdır. İnsan Hüququları üzrə Avropa Məhkəməsi “X5rşı” iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu mənada məhkəmə kollegiyası cavabdehi bu hüququndan məhrum etməmək məqsədilə apellyasiya şikayətində göstərdiyi (iddiaçıya dəymiş ziyanı ödəməsi barədə) dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi (3 saylı poçt filialının verdiyi pul baratlarının siyahısında göstərilən məbləğlər) ödənişləri nəzərdən keçirdikdə görünür ki, həmin ödənişlər cavabdeh tərəfindən iddiaçıya hökmdən əvvəl, yəni xx xxxxxx 2017-ci il və xx xxx 2018-ci il tarixlərdə ödənilmiş və elə bu məqsədlə iddiaçı həmin ödənişləri ona vurulmuş ümumi məbləğdən təşkil edən 9000 (doqquz min) manatdan çıxaraq, yerdə qalan 3097 (üç min doxsan yeddi) manat pulu cavabdehdən tələb etmişdir. Eyni zamanda cavabdehin təqdim etdiyi “xxxxxxxxxxx” ASC-nin ödəniş kartı üzrə çıxarışda göstərilən məbləğlər qətnamədən sonrakı dövrü əhatə etsə də, lakin həmin məbləğlərin iddiaçıya olan borc əvəzinə ödənilməsi işdən görünmür. Lakin həmin məbləğin borcun əvəzi olaraq iddiaçıya ödənilməsi müəyyən edildikdə icra qaydasında ümumi borc məbləğindən çıxıla bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları, yəni iddiaçıya vurduğu ziyanın tam həcmdə ödənilməsi barədə dəlili öz təsdiqini tapmadığından, cavabdehin iddiaçının qarşısında tələb olunan zərərin ödənilməsi qənaətini qaçılmaz edir. Bu zaman iddiaçı öz tələbini sübut etmə öhdəliyindən azad olur ki, iddia tələbinə qarşı cavabdehin, yəni Cavabdeh öz tələbini (şikayətini) sübutetmə öhdəliyi yaranır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh iddiaçının tələbinin təkzib edən hər hansı bir tutarlı sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2038/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2038/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver