Məhkəmə qərarları › İş №2(105)-2046/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2046/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2046/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və 3-cü şəxs Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddianın qismən təmin edilməsi, Bank xxxx ASC-nın Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2019-cu il tarixli XDEN-00261-17/19 A saylı kredit müqaviləsinin ləğv edilməsi, 15.01.2021-ci il tarixə olan 10942,15 manat məbləğində əsas borc, 184,77 manat məbləğində faiz borcu, 248,64 manat dəbbə pulu, ümumilikdə 11375,56 manat, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti haqqının Cavabdeh1dan Bank xxxx ASC-nın xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40,28 kv.m. olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumunun ödənilməsi, əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 42000 (qırx iki min) manat müəyyən edilməsi, qalan hissədə iddianın rədd edilməsinin qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Bank xxxx ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank xxxx ASC-nın Sumqayıt filialı ilə Cavabdeh1 ilə bağlanmış 18.12.2019-cu il tarixli XDEN-00261- 17/19 A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 15.01.2021-ci il tarixinə olan 10942,15 manat məbləğində əsas borc, 184,77 manat məbləğində faiz borcu, 248,64 manat dəbbə pulu, ümumilikdə 11375,56 manat, 30 manat dövlət rüsumu,0,40 manat bank xidməti haqqının Cavabdeh1 Bank xxxx ASC-nın xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40,28 kv.m. olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumun ödənilməsi, əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bank xxxx ASC-nın Sumqayıt filialı ilə Cavabdeh1 ilə bağlanmış 18.12.2019-cu il tarixli XDEN00261-17/19 A saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müdddətinə illik 23 faiz ödənilməsi şərti ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 18.12.2019-cu il tarixdə Bank xxxx ASC-nın Sumqayıt filialı ilə XDEN-00261-17/19 A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanda yerləşən mənzili ipotekaya qoyulmuşdur. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka kreditə görə 15 yanvar 2021-ci il tarixə 10942,15 manat məbləğində əsas borc, 184,77 manat məbləğində faiz borcu, 248,64 manat dəbbə pulu, ümumilikdə 11375,56 manat məbləğində borcu yaranmışdır. 18.12.2019-cu il tarixli XDEN-00261- 17/19 A saylı kredit müqaviləsinin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim gününədək etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 % məbləğində gündəlik cərimə hesablanır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Bank xxxx ASC-nın Sumqayıt filialı ilə bağlanmış 18.12.2019-cu il tarixli XDEN00261-17/19 A saylı kredit müqaviləsinə əsasən Bank ona şəxsi istifadə məqsədi ilə 36 ay müdddətinə illik 23 faiz ödənilməsi şərti ilə 12000 manat məbləğində kredit verilmişdir. Bu günədək iddiaçıya 6000 manata yaxın ödəniş edilmişdir. Onun tərəfindən edilmiş ödənişlərin yarısı faizə hesablansa belə, onun banka hazırda 9000 manatdan belə az olması deməkdir. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirməmişdir. Məhkəmə tərəfindən ev qiymətləndirilməmişdir. Qubadlı Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsinin qismən təmin edilməsinə dair hissədə ləğv edilərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Bank xxxx ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 ilə bağlanmış 18.12.2019-cu il tarixli XDEN-00261-17/19 A saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müdddətinə illik 23 faiz ödənilməsi şərti ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. İşə əlavə olan Bank xxxx ASC-nın Sumqayıt filialı Cavabdeh1 ilə 18.12.2019-cu il tarixli XDEN-00261-17/19 A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən mənzili ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndirici tərəfindən müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam müıkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının DƏDRX-ti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Azərbayçan Respublikasının DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən Bank xxxx ASC-nə ünvanlanmış 03 dekabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı aparılmışdır. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə ipoteka ilə yüklü edilmiş mənzilin qiymətləndirilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdən görünür ki, ”xxxx” MMC tərəfindən verilmiş 11.12.2019-cu il tarixli qiymətləndirmənin nəticəsinə dair yekun rəyinə əsasən ünvan 1-in real bazar dəyəri 50000 manat, likvid dəyəri 42000 manatdır. İş materiallarından görünür ki, Bank xxxx ASC cavabdehə bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, 18.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödəniş aparılmazsa, Bank xxxx ASC borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. İşdə olan və Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə göstərilmişdir ki, ipoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və o, satıldıqda öhdəsinə götürür ki, mənzili heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk edəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kolleqiyaların 01 saylı, 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ılkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin maddəyə əsasən ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu maddədə nəzərdə tutulmuş müddətdə, yəni ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Belə olan halda göstərilən şəxslər məhz ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqdan sonra məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; ç) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə ödənişlərin düzgün hesablanmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, bu barədə cavabdeh tərəfindən heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 31 mart 2021-ci il tarixli 2(028)-116/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar