Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2046/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması, tikilinin bərpa olunması, dəymiş ziyanın ödənilməsi, tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)-13/2010 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliqulu oğlu cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qobustan rayonu, Mərəzə qəsəbəsində cavabdeh tərəfindən sökülmüş, onun qanuni istifadəsində olan tikilinin bərpası, həmin onyektə gediş-gəliş yolunun açılması, ona dəymiş 2000 manat maddi zərərin əvəzinin ödənilməsi və gələcəkdə həmin sahədən maneəsiz istifadə hüquqlarının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)-13/2010 saylı qərardadı ilə İddiaçı Əliqulu oğlunun iddiadan imtina etməsi və imtinanın qəbul edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir (hakim Qalib Hacıyev). Qərardaddan İddiaçı Əliqulu oğlu şikayət vermis, şikayətdə qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-13/2010 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-2046/2023 nömrəli qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 2046/2023 nömrəli qərardadı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli və, qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, hazır ki işdən görünür ki şikayət verilən qərardad xx.xx.2010-cu ildə qəbul edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qərardadın surətini xx.xx.2023-cü il tarixdə aldığını bildirmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə qərardaddan şikayət vermis, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı qərardaddan 10 gün müddətinə, xx.xx.2023-cü il tarixə kimi şikayət verməli olduğu halda şikayəti müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə vermis və şikayət verilməsi üçün müddətin bərpasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qərardadın iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alınmasını, şikayətin xx.xx.2023-cü il tarixdə verilməsini nəzərə almamış, həmçinin şikayətdə müddətin bərpasına dair qeyd edilmiş iddiaçının xahişinə qiymət verməmiş, mülki iş materiallarını baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayət prosessual müddət keçməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilmədiyindən şikayət qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayəti müddət ötürülməklə verildiyindən və müddətin bərpası barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilərək münasibət bildirilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyrimümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən AR Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, qərardaddan şikayət verilmə müddətinin ötürülməsini araşdırmamış, şikayət verilmə müddətinin bərpası barədə ərizəni müzakirə etməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)-13/2010 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarmaqla, şikayət mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından və həmin qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-2046/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)-13/2010 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)-13/2010 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2046/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2046/2023
17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver