Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-205/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)- 3961/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh 28 fevral 2024-cü il tarixə kimi İddiaçı borclu olduğu 1.500 manatı qaytarmağı öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh 1500 manat və 35 manat dövlət rüsumunun, ümumilikdə 1.535 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etmə səbəbi 20 dekabr 2023-cü il tarixdə notariat kontorunda ünvan 1-də yaşayan Cavabdeh ilə arasında bağlamış olduqları borc müqaviləsinə əsasən ona borclu olmuş olduğu 1500 (bir min beş yüz) manatı 28 fevral 2024-cü il tarixə kimi pulun hamısınının qaytarmasını özü tərəfindən öhdəlik götürməsi ilə əlaqədardır. Cavabdeh həmin tarixdən borclu olduğu 1500 (bir min beş yüz) AZN manatı rəsmi borc müqaviləsinə əsasən pulu qaytarması barədə söz verməsinə və öhdəlik götürməsinə baxmayaraq hazırkı vaxta kimi 1500 (bir min beş yüz) AZN manat borcunu ona qaytarmamışdır. Bu barədə o, dəfələrlə Cavabdeh istifadəsində olan mobil telefonuna zəng etməsinə, borcunu qaytarmasını tələb etməsinə baxmayaraq o, müxtəlf bəhanələr gətirərək, borclu olduğu pulu özü deyil, onun ərinin qaytaracağını bildirmişdir. Halbuki, 20 dekabr 2023-cü il tarixdə Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinə əsasən 28 fevral 2024-cü il tarixə kimi borclu olduğu 1500.00 (bir min beş yüz) AZN manat pulun hamısını özü tərəfindən qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda cavabdeh, Cavabdeh guya yaşadığı mənzili satmaq üçün satışa çıxardığını və yalnız mənzilini satıldıqdan sonra sonra borclu olduğu 1500.00 (bir min beş yüz) AZN manatı qaytaracağını bildirmişdir. Bununla əlaqədar olaraq cavabdeh, Cavabdeh mobil telefonuna borcu qaytarması barədə dəfələrlə zəng etməsinə baxmayaraq, o telefon zənglərinə qəsdən, bilərəkdən cavab verməmiş və ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh geniş maddi imkanı olmasına baxmayaraq ona borclu olduğu 1500 (bir min beş yüz) AZN manatı qəsdən və bilərəkdən qaytarmaq istəmir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı hazırda ondan tələb etdiyi 1.500 manat məbləğində pulu o deyil, Adil Mahmudov iddiaçıya qaytarmalıdır. O, iddiaçıya Adil Mahmudovun aldığı puldan 1.500 manatının hazır olduğu, gəlib həmin məbləği götürməsi ilə bağlı zəng etmişdir. Həmin 1.500 manat məbləği də müstəntiq onlardan alaraq iddiaçıya vermişdir. Verilmiş suallara cavabında qeyd etmişdir ki, o, orta təhsillidir. Ağ vərəqə imza etmiş, iddiaçı isə onu istədiyi kimi doldurmuşdur. Həmin vaxtı iddiaçı ilə birlikdə notariat ofisinə rəsmi şəkildə borc müqaviləsi bağlamağa getsələr də, məbləğin azlığına görə borc müqaviləsinin bağlanması baş tutmamışdır. 1.500 manat məbləğində borc müqaviləsini notariusun təsdiqi olmadan imzalamışdır. Adil Mahmudov onun iş yoldaşıdır, onunla aralarında ər-arvad və ya hər hansı başqa münasibətləri yoxdur. Adil Mahmudov nə də onun qohumu deyildir. Adil Mahmudov ilə İddiaçı arasındakı münasibətlərdə o, maraqlı tərəf olmamışdır. Borc müqaviləsini və ordakı imzanın ona məxsusluğunu təsdiq edir. İddiaçı sözügedən məbləği Adil Mahmudovdan tələb etməlidir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-3961/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilərək, Cavabdeh 1.500 (min beş yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 425.1, 427.3, 442, 445.2, 445.2.1, 448.1, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77, 107, 119, 217.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən məhkəmə zamanı iddia qəbul edilməmişdir. İddiaçı məhkəməyə sadəcə öz əlyazması ilə olan müqaviləni sübut kimi təqdim etmiş, məhkəməyə müqavilənin onun tərəfindən yazılmadığını və sadəcə boş vərəqə imza etdiyini bildirmişdir. Məhkəməyə vəsatət verərək müqavilə barəsində xətşünaslıq ekspertizası təyin olunmasını xahiş etmiş, lakin məhkəmə vəsatətinin rədd edilməsi ilə bağlı hər hansı əsaslandırılmış qərar qəbul etmədən faktiki olaraq rədd etmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin əsasını təşkil edən saxta sənədin həqiqiliyi yoxlanılmamış, tərəfindən verilən vəsatət təmin edilməmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
12. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
13. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (...)
15. Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
17. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
18. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
21. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı arasında bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh 28 fevral 2024-cü il tarixə kimi İddiaçı borclu olduğu 1.500 manatı qaytarmağı öhdəsinə götürmüşdür.
25. Eyni zamanda, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh həmin müqavilədəki imzanın ona məxsus olduğunu, həmçinin qeyd olunan 1.500 manat məbləğin tərəfindən iddiaçıya ödənilmədiyini bildirmişdir.
26. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir.
27. Cavabdeh borc müqaviləsi adlanan sənədin mətninin onun tərəfindən tərtib edilməməsinə istinad etsə də, kollegiya hesab edir ki, bu hal öhdəlik götürülən zaman cavabdehin iradə ifadəsinin və onun bildirilməsinin mövcud olmamasının göstəricisi deyildir. Odur ki, hazırkı mübahisə üzrə bağlanmış həmin müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Həmçinin, cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olmaması barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
28. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
29. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
30. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
31. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-3961/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.