Məhkəmə qərarları › İş №2(105)-2050/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2050/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2050/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinin ödənilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh1 İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(012)-379/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(012)-379/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 5.500 və 10.800 manat olmaqla, cəmi 16.300 manat pul tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin Cavabdeh2 2000 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, 14 saylı Notariat ofisində bağlanmış 01 may 2020-ci il tarixli və 04 may 2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim E.T.Məmmədov) Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon 22 fevral 2021-ci il tarixli, 2(012)- 379/2021 saylı qətnaməsinin qismən ləğv edilməklə, onun cavabdehlərə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddiasının təmin edilməsi, onunla Müslüm Zakiyev arasında Bakı şəhəri, 14 saylı Notariat Ofisində bağlanmış 01 may 2020-ci il tarixli və 04 may 2020-ci il tarixli “kredit müqavilələrinin" etibarsız hesab edilməsinə, ilkin iddianın ona dair hissədə tam həcmdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5500 və 10800 manat olmaqla, cəmi 16300 manat pulun, Cavabdeh2 isə 2000 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış 01 may 2020-ci il tarixli və 04 may 2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək bildirirdi ki, hazırkı iş üzrə qarşılıqlı iddia tələbinin əsası kimi istinad edilən halların və faktların həqiqiliyi məhkəmə baxışı zamanı öz təsdiqini tapsa da birinci instansiya məhkəməsi əsassız və qanunsuz alaraq qarşılıqlı iddianı rədd etmiş, bununla da qanunvericiliyin tələbləri kobudcasına pozulmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda sözügedən qətnaməsi tam qanunsuz, əsassız və olduqca ədalətsiz yekun məhkəmə aktıdır. Məhkəmədə dəfələrlə bildirmişdir ki, onun faktiki yaşayış yeri Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşir. Bu barədə o, müvafiq arayışı da məhkəməyə təqdim etmişdir. Bununla yanaşı o, və vəkili məhkəmə iclasında dəfələrlə bildirib ki, ilk iddia üzrə ikinci cavabeh tamamilə formal olaraq göstərilmişdir. Belə ki, onunla cavabdeh bir-birini tanımır. İlk iddia üzrə iddiaçı mülki işə məhz Abşeron Rayon Məhkəməsində baxılması üçün ikinci cavabdehi "ilk iddia üzrə cavabdeh" qismində, yəni tam formal olaraq işə cəlb etdirmişdir. Çünki həmin “cavabdehin" ünvanı Abşeron Rayon Məhkəməsinin ərazisində yerləşir. Məhkəmə iclası zamanı da ikinci cavabdehin vəkilinin və səlahiyyətli nümayəndəsinin ilk iddia tələbinin etiraf etməsini dərhal “bəyan” etməsi əsaslı şübhələri artıq fakta çevirmişdir. Bu prossesual pozuntu digər prosessual pozuntulara yol açmışdır. Belə ki, qətnamədən də göründüyü kimi, ilk iddia üzrə ikinci Cavabdeh2 Vabab oğlunun nümayəndəsi ilk iddianın ona qarşı hissəsini etiraf edir, birinci instansiya məhkəməsi isə, böyük “mərhəmət hissi” ilə həmin tələbi rədd edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-379/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməklə, onun cavabdehlərə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddiasının təmin edilməsinə, onunla Müslüm Zakiyev arasında Bakı şəhəri, 14 saylı Notariat Ofisində bağlanmış 01 may 2020-ci il tarixli və 04 may 2020-ci il tarixli “kredit müqavilələrinin" etibarsız hesab edilməsinə, ilkin iddianın ona dair hissədə tam həcmdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri, 14 saylı Notariat Ofisinin nümayəndəsin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 münasibətdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər 14 saylı Notariat Ofisində bağlanılmış, 01 may 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən borc verən borc alana hər ay 150 manat qaytarmaq şərtilə faizsiz olaraq 10.800 manat borc pul vermişdir. Borc alan pulu 01.06.2026-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhər 14 saylı Notariat Ofisində bağlanılmış, 04 may 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən borc verən borc alana faizsiz olaraq 5.500 manat borc pul vermişdir. Borc alan pulu 31.07.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Zakiyev X1 Emil Qabil oğluna hər ay 150 manat qaytarmaq şərtilə faizsiz olaraq 10800 manat borc pul vermiş, borclu bu pulu 01.06.2026cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, bundan başqa tərəflər arasında bağlanmış 04 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Zakiyev X1 Emil Qabil oğluna faizsiz olaraq 5500 manat borc pul vermiş, borclu isə pulu 31.07.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İş materiallarından görünür ki, Cavabdeh2 vəkili-nümayəndəsi X2 məhkəmə iclasında iddianı Elnura aid hissədə şifahi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, borcun etirafı barədə rəsmi ərizə verilmədiyindən və ya protokol qaydasında rəsmiləşdirilməsi mümkün olmadığından, həmçinin şifahi etirafdan başqa digər sübut müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə ilkin iddianın Cavabdeh1 aid hissəsində təmin edilməsi nəticəsinə gəldiyindən, həmçinin “kredit müqaviləsinin etibarsız hesab edilməsinə” əsas verən hallarla bağlı kifayət qədər sübutlar təqdim edilmədiyindən məhkəmə qarşılıqlı iddianın da təmin edilməməsinə dair nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəf yalnız izahata və şahid ifadələrinə istinad etmişdir. İş materiallarından görünür ki, şahidlərin ifadələri isə yalnız Cavabdeh1 bildirdiyi məlumatlardan ibarət olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh1 dəlilləri digər sübutlarla təsdiqini tapmadığından məhkəmə həmin izahata və şahidlərin ifadələrinə tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsindən görünür ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göründüyü kimi, tərəflər öz idarə ifadələri nəticəsində müqavilə bağlamış, onlar heç bir məcbuetmə halına məruz qalmamışlar. Bundan başqa müqavilə bağlanarkən bütün qaydalara riyaət olunmuş, notarial qaydada təsdiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı öz tələbini tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə sübuta yetirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə iddiasını əsaslandıra, sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti isə təmin olunmamalı, Cavabdeh1 münasibətdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(012)-379/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar