Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2059/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu maddi zərərə görə 30000 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olan Cavabdeh 24 may 2015-ci il tarixdə idarə etdiyi “Lada Qranta” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunda onu vurmuş və nəticədə ona baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol körpücük, sol dirsək və açıq sümüklərinin qapalı, yerdəyişən sınıqları, sol və sağ oturaq və qasıq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol tərəfli qasıq sümüyünün qalxan sahəsinin sirkə kasası dibinə keçən sınığı, alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol dirsək nahiyəsinin əzilmiş cırılmış yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirmişdir. Hadisədən sonra cavabdeh onu xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən ona dəymiş bütün maddi zərərin ödənilməsini bildirmiş və şikayət etməməyini xahiş etmişdir. Hadisə ilə bağlı Cavabdeh barəsində AR CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə sənədlər Abşeron Rayon Məhkəməsi tərəfindən qiymətləndirilmiş və məhkəmədə şikayətinin olmadığını və cavabdehə yüngül cəza verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və barəsində 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cavabdeh ona dəymiş ziyanın ödənilməsini bildirsə də, məhkəmə yekunlaşdıqdan sonra Cavabdeh ümumiyyətlə onunla maraqlanmamış, hər hansı kömək göstərməmişdir. Cavabdeh məhkəmədə yüngül cəza almaq üçün onu aldatmış, buna nail olduqdan sonra isə ona dəymiş ağır bədən xəsarətlərinin müalicəsi üçün tələb olunan maddi yardımları etməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə əsassız olaraq cavabdehin 2 şahidini dindirmiş, onların verdiyi ifadəyə istinad edərək iddianı rədd etmişdir. Cavabdeh özü belə araşdırma zamanı ona hər hansı sənəd təqdim edə bilməmişdir. Məhkəmə 26 fevral 2016-cı il tarixli Tibbi Sosial Ekspert rəyinə istinad etsə də, yenə də həmin rəyi hüquqi mübahisəyə düzgün tətbiq edə bilməmişdir. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(012)-830/2021 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin iddiaçıya maddi ziyanın vurulmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 1(012)- 265/2015 saylı hökmü ilə - Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azaldığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxsə qarşı şikayətvə tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının 26.02.2016-cı il tarixli arayışına əsasən İddiaçı ikinci dərəcə əlillik verilmişdir. İşə əlavə olan 04 noyabr 2015-ci il tarixli və 28 mart 2016-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, Azsığorta ASC tərəfindən İddiaçı hər dəfəsində 1500 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Həmin hallara mübahisəli hüquq münasibətlərinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisələri hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə kollegiyası iddiaçının iş üzrə məhkəmə tərəfindən şahid ifadəsinə düzgün qiymət verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdən göründüyü kimi, İddiaçı, Cavabdeh və o cümlədən cavabdehin vəsatəti əsasında dindirilən şahidin ifadələri ziddiyyətlidir. Belə ki, iddiaçı ona hazırda 30.000 manat pul ödənilməsini tələb etsə də, cavabdeh və şahidlər isə iddiaçının müalicə xərclərinin davamlı olaraq ödənilməsini bildirmişlər. Sübutetmə vəzifəsi İddiaçı üzərinə düşsə də o, 30.000 manat məbləğində pulun hansı xərclərdən yaranması barədə mötəbər sübutları məhkəməyə təqdm edə bilməmişdir. Eyni zamanda iddiaçının və cavabdehin izahatından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı iki dəfə 1500 manat olmaqla , cəmi 3000 manat icbari sığorta ödənişi olmuş və iddiaçı həmin ödənişi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1. maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İcbari sığortalar haqqında Qanunun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. Həmin qanunun 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 15 mart 2021-ci il tarixli 2(012)-830/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2059/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2059/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver