Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2063/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3107/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 13.629 (on üç min altı yüz iyirmi doqquz) manat məbləğində pul və 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 13.629 (on üç min altı yüz iyirmi doqquz) manat pulun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 131 (bir yüz otuz bir) manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 13.629 manat vəsaitin xx.xx.2019-cu il tarixə kimi qaytarılmasına dair kredit müqaviləsi imzalanmışdır. Qarşılıqlı razılaşmaya əsasən borc götürülmüş məbləğ müqavilədə göstərilən müddətlərdə qaytarılmalı idi. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq kredit götürülən məbləğin sonuncu ödəmə tarixi artıq bir neçə ildir ki, keçmişdir. Cavabdeh tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Ödənişlərin aparılması ilə əlaqədar Cavabdeh rəsmi pretenziya məktubu göndərməsinə baxmayaraq borclu olduğu məbləğləri qaytarmamışdır. Bundan öncə hazırki borcun ödənilməsi ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi olmuş, lakin bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə pretenziya qaydasına əməl edilmədiyi üçün ləğv edilmiş və iddiası baxılmamış saxlanılmışdır. Cavabdeh hər dəfə yeni bəhanə gətirərək ona borclu olduğu məbləği ödəməkdən yayınır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, müqavildə göstərilən məbləğ iddiaçı tərəfindən cavabdehə verilməmişdir. Aralarında kredit müqaviləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən iddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verilməsi öhdəliyini yerinə yetirməmişdir. Ümumiyyətlə cavabdeh iddiaçını tanımır. Təbii ki, notariusa getmişlər, notarial qayda da müqavilə bağlanılmışdır. Lakin bu müqavilə formal bağlanmışdır. Cavabdeh “Azəriş LTD”-də ekspediter işləmişdir. Əgər iddiaçıdan borc pul alınıbsa həmin məbləğin depozitə qoyulması və çıxarılması sübut edilməlidir. Məhkəmə bu halı aydınlaşdırılmalı olduğu halda bunu aydınlaşdırmamışdır. Məhkəməyə təqdim etdiyi sübutlardan da müəyyən olunur ki, borc münasibəti, Cavabdehla “Azəriş LTD” arasında olmuşdur. Məhkəmə tərəfindən əqdin əsaslılığı müəyyən edilməlidir. Münasibət “Azəriş LTD” ilə cavabdeh arasında yaranmış və cavabdehin borcu da “Azəriş LTD”-yə olmuşdur. Həmin borc 13629 manat yox, 8629 manat olmuş və həmin borcun 3581 manat ödəmişdir. Hazırda borc 5048 manatdır. Bağlanmış borc müqaviləsində göstərilən məbləğ cavabdehə verilməmişdir. Müqavilə üzrə borc verən müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verilməsi öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin bağlanmasına əsas olan hallar isə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin cavabdehə verilməməsi təşkil edir. Cavabdehə pul verilmədiyi halda ondan pul tələb olunması qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia rədd olunmalıdır. Məhkəmə işin hallarını düzgün araşdırmamışdır. İşə apellyasiya məhkəməsində baxılarkən iş üzrə obyektiv araşdırma aparılmalıdır. Həmçinin həm cavabdehin, həm də iş üzrə şahidlərin iştirakı təmin olunmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. İş üzrə cavabdehin iştirakına şərait yaratmamışdır. Təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə iddiaçı öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, tərəflər arasında mövcud kredit müqaviləsi xx.xx.2018-ci il tarixdən bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 13629 manat məbləğdə pul vəsaitini iddiaçıya xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müqavilə üzrə cavabdeh öhdəliyi icra etməmiş, iddiaçı isə bu tələblə məhkəməyə 3 illik müddəti ötürməklə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Qeyd etmək lazımdır ki, iddiaçı mövcud müqavilənin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 3 ay müddətinə bağlandığını bildiyi halda, həmin müqavilə üzrə cavabdehin ödəməli olduğu pul məbləğinin ondan tutulmasından ötrü məhkəməyə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyi vaxtdan (xx.xx.2019-cu il – xx.xx.2021-ci il) 2 il 2 ay 23 gün, ikinci müraciətdən isə (xx.xx.2022-ci il – xx.xx.2023-cü il) müddət nəzərə alınmaqla 1 il 1 ay 28 gün, ümumilikdə isə 3 il 3 ay 21 gün keçmişdir. Məlumdur ki, mülki iş üzrə məhkəmə baxışı işin mahiyyəti üzrə qətnamə qəbul etməklə və ya işin mahiyyəti üzrə qətnamə qəbul etmədən ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmaqla başa çatdırılır. Mülki Məcəllənin 381.1. maddəsinə əsasən iddia məhkəmə tərəfində baxılmamış saxlanılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə mülki mübahisənin mahiyyəti üzrə həll etmədən iddia ərizəsinin baxılmamış saxlandığı halda iddia müddətinin axımı və hesablanması qaydaları tənzim edilir. Bir qayda olaraq iddia mahiyyəti üzrə baxılmamış saxlanmışsa, iddia müddəti heç bir dəyişkənliyə uğramadan ümumi qaydada davam edir. Belə ki, iddia irəli sürülənədək başlanmış iddia müddəti qüvvədə qalır və ümumi iddia müddətinə daxil edilir. Göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2063/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2063/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver