Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2066/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi X8, Cavabdeh1, Cavabdeh4 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması, mövcud yoldan servitutun müəyyən edilməsi, piyada, nəqliyyat vasitəsilə keçmək, elektrik, qaz, su və digər kommunikasiya xətlərinin çəkilməsinə icazə verilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-44/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-44/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3228J saylı torpaq sahəsinə gediş-gəliş üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 torpaq sahələrindən servitut qaydasında yolun, hazırda mövcud olan yolun davamı kimi açılması, hazırda mövcud olan keçid yolun, həmin yolun davamı olaraq İddiaçı1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 3228J saylı torpaq sahəsinə qədər uzadılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi, qalan hissədə isə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim A.İsmayılov). Qətnamədən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-44/2020 saylı qətnaməsinin ləğv olunmasını, habelə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan 3228J saylı torpaq sahəsinə gedən yoldan idtifadə ilə bağlı bütün maneələrin aradan qaldırılmaqla, piyada və nəqliyyat vasitəsilə keçməyə, fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsinə dair servitut hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, onun torpaq sahəsinə hazırda küçə tərəfdən mövcud giriş qapısından başlayaraq, Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsindən 32,25 kv.metr uzunluğunda, 4,5 metr enində, Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsindən 21,46 metr uzunluqda, 4,5 metr enində və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən 18,69 metr uzunluqda 4,5 metr enində olmaqla servitut hüququ əsasında gediş-gəliş yolunun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarış əsasında X15 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 3228J ünvanda yerləşən 0,25 ha torpaq sahəsi 4Ə-1/236 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli bağışlanma müqaviləsi əsasında dörd hissəyə bölünərək 0,06 ha hissəsi X16, 0,06 hissəsi Cavabdeh1, 0,06 hissəsi X17 və 0,06 ha hissəsi X9 adına qeydiyyata alınmışdır. X18 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, Novxanı bağ massivi 3228 J ünvanında yerləşən 0,07 ha torpaq sahəsi Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-1224 nömrəli reyestrlə təsdiq olunmuş, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. Onun bağ torpaq sahəsinə getmək üçün yol cavabdehlərin həyətyanı sahəsindən keçməlidir. Torpaq sahəsini cavabdeh Rafiq Ağazadədən alan zaman həmin yol üçün nəzərdə tutulmuş hissədən öz torpaq sahəsinə gediş-gəliş üçün hər hansı maneə yox idi. Lakin sonradan cavabdehlər onun torpaq sahəsinə getməyinə məhdudiyyət qoymuşlar. Aldığı torpaq sahəsinin yoldan başqa digər sərhədlərində qonşuların mülkiyyətində olan hasarlanmış torpaq sahələri vardır. Hal-hazırda o, torpaq sahəsindən istifadə etmək imkanından məhrum olunmuşdur. Mübahisəli torpaq sahəsi pay torpağı olub, sonradan bağışlanma ilə yaxın qohumlar arasında bölünüb sənədləşdirilmişdir. Lakin o, torpaq sahəsini əldə edəndən sonra oradan istifadəsi süni şəkildə məhdudlaşdırılmışdır. Hazırda mövcud olan yol Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsinə çöl tərəfdən açılan və eni 4,5 metr olan giriş-çıxış qapısından başlamaqla digər cavabdehlərin də torpaq sahələrindən onun torpaq sahəsinə qədər həmin endə torpaq sahəsinin servitut hüququ əsasında verilməsini ehtiva edir. Cavabdehlərə məxsus olan torpaq sahəsinin servitutla yüklü edilməli ölçüləri-Cavabdeh4 məxsus olan torpaq sahəsi - uzunluğu 32,25 kv.metr, eni 4,5 metr olmaqla (bu torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuş, lakin sonradan bələdiyyədən alqı-satqı əsasında almaqla öz mülkiyyətinə keçirmişdir, digər 22,24x4,5 metr isə əvvəldən mülkiyyətində olmuş torpaq sahəsidir), Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsinin uzunluğu 21,46 metr, eni 4,5 metr ölçüdə, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin uzunluğu 18,69 metr, eni 4,5 metr ölçüdədir. Cavabdehlərlə onların mülkiyyətində olan torpaq sahəsindən istifadə ilə bağlı razılaşma əldə edilmədiyi üçün məhkəməyə müraciət edilmiş və ekspertiza rəyi ilə digər cavabdehlərə məxsus olan torpaq sahələrindən çol giriş qapısı tərəfdən başlamaqla 4,5 metr enində torpaq sahəsindən iddiaçıya məxsus olan torpaq sahəsinə qədər servitut hüququ əsasında gediş-gəliş yolunun verilməsinin mümkünlüyü göstərilmişdir. Qeyd edilənlərə və Mülki Məcəllənin 255-ci maddəsinə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ VƏ S Ü B U T L A R İ : İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə birtərəfli qaydada, yalnız qarşı tərəfin mənafeyinə uyğun yanaşmış və qanunsuz nəticəyə gəlmişdir. Onların anaları X15 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi 4Ə-1/236 reyestr nömrəli,xx.xx.2009-cu il tarixli bağışlanma müqaviləsi əsasında dörd hissəyə bölünərək, hər birinə 0.06 ha hissə, həmçinin digər qardaşları X20, X21, 0.06 ha hissədə pay verilərək qeydiyyata alınmışdır. Bağ sahəsinin giriş hissəsi Cavabdeh4 mülkiyyətindədir. Bağ sahəsinin bağışlama üzrə digər mülkiyyətçiləri onun doğma qardaşları olduqları üçün yolla bağlı aralarında heç bir mübahisə olmamışdır. Həmçinin bağ sahəsinə yad adam gəlməsin deyə onlar öz aralarında razılaşmışlar ki, bağ sahələri yad adamlara satılmayacaq. Hal-hazırki digər mülkiyyətçilər, yəni faktiki olaraq onlara qarşı iddia vermiş İddiaçı1 və formal olaraq Cavabdeh3 həmin bağ sahələrini almamışlar. Qardaşlarına hədə qorxu və təzyiq edərək başqa bir əqdi pərdələmək üçün formal alqı-satqı etmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, hal-hazırda həbsdə olan "xxxxxxxx" MMC-nin təsisçisi və direktoru X22 adlı şəxs tanışlıqdan istifadə edərək onların qardaşı Rafiqi aldatmış və onun vasitəçiliyi ilə X1 65.000 (min) manatını ələ keçirmişdir. X10 cinayət işi üzrə X28 zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə ki, 2018-ci ilin fevral ayında X22 onların qardaşı Rafiqə bildirib ki, pul lazımdır, əvəzində isə girova qızıl-zinət əşyası verəcəkdir. Rafiqin pulu olmadığı üçün tanışı və yaxın münasibətdə olduğu Niftəliyev Fətəliyə müraciət etmiş, bir yerdə gedib pulu Zaura vermişlər. O, da qardaşına qarşı dələduzluq etdiyi üçün Fətəli başa düşüb ki, Zaurdan pulu ala bilməyəcək, ona görə də qardaşına təzyiq göstərib borc müqaviləsi bağlatdırmışdır. Daha sonra X28 və X13 bağ sahələrinə dair etibarnamələr alaraq həmin bağ sahələrini hazırki iddiaçıların adına sənədləşdirmişdir. Bu hadisədən xəbər tutduqdan sonra, onlarla görüşüb söhbət etmiş, Cavabdeh4 həyat yoldaşı və qayınatası onlara 20000 manat pul vermişdir ki, bu məsələ bitsin. Lakin hazırki iddia ilə müraciət edən İddiaçı1 Cavabdeh3 da formal cavabdeh kimi göstərmişdir ki, həmin şəxs də borc müqaviləsi üzrə pul verən Fətəlinin atasıdır. Onlar məhkəmə baxışında iştirak etməmişlər, çünki bunun üçün hər dəfə üzrlü səbəb olmuşdur. Bu iş üzrə ekspertiza və yerli baxış zamanı onlara heç bir məlumat verilməmişdir. Bu səbəbdən də onlar ekspertiza qarşısında qoyulmuş suallarla razılaşa bilməzdilər. Həmçinin məhkəmə baxışı zamanı iclasda iştirak etmədiklərindən nə onlardan alınmış 20.000 manata münasibət bildirilməmiş, nə də müəyyən edilmiş yolun hansı formada konpensasiya ediləcəyi həll edilməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə aydın və anlaşılan deyildir. Məhkəmə qərar qəbul edərkən yalnız ekspertizanın rəyinə əsaslanmış, başqa subutları araşdırmamışdır. Məhkəmənin məntiqi ilə belə çıxır ki, əvvəlki bağ sahəsinə gələn yol eyni formada sonuncu bağ sahəsinə qədər açılmalıdır. Bu isə nəinki hakimin istinad etdiyi servitut anlayışı ilə, ümumiyyətlə mülki qanunvericiliyin, habelə Konstitusiyanın normaları ilə ziddiyət təşkil edir. Əvvəlki bu bağ sahəsi 0,25 ha olmuş, həmin bağa gedən cəmi bir yol olmuşdur. Bundan sonra həmin yolun əvvəlki formada digər bağlara nə praktiki, nə faktiki, nə də qanunvericiliyin tələbinə uyğun olaraq keçməsi mümkün deyildir. Bununla belə, onlar qarşı tərəflə tələb olunan piyada keçidi barədə razılığa gələ bilərlər, bir şərtlə ki, qardaşlarının borcuna görə verdikləri pul geri qaytarılsın. Habelə tələb edilən keçid üçün qarşı tərəf onlara kompensasiya ödəməlidir. Ekspertiza isə yenidən keçirilməli və piyada keçidinin bağın hansı hissəsindən keçirilməsinin mümkünlüyü aydınlaşdırmalıdır. Məhkəmə öz qətnamə ilə onların mülkiyyət hüquqlarına kobud müdaxilə etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1, habelə Cavabdeh4 vəkili və nümayəndəsi X11 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin qanunsuz olduğundan ləğv edilməsini, iddianın isə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili və nümayəndəsi X23 apelyasiya şikayətini qəbul etmədiyini bildirərək, qətnamənin qanuni olduğunu, buna görə də şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə kollegiyasına ərizə və teleqram yollayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3228J nömrəli torpaq sahəsi xx.xx.2018-ci il tarixdən İddiaçı1 məxsusdur. Torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli plan və ölçü tərtib edilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13097 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan torpaq sahələrinin planlı yerləşməsini, yəni ardıcıl olaraq yerləşdiyini, 3 tərəfdən qonşu sahələrlə və yalnız bir tərəfdən küçə (yol) ilə əhatə olunduğunu, İddiaçı1 məxsus torpaq sahəsinin axırıncı sahədə yerləşdiyini nəzərə alaraq, İddiaçı1 məxsus torpaq sahəsindən alternativ yoldan istifadə etməklə ictimai yola çıxmaq mümkün deyildir. İddiaçı1 məxsus torpaq sahəsinin axırıncı sahədə yerləşdiyini, tədqiq olunan torpaq sahələrinə başqa sahədən girişçıxış yolu olmadığını, lakin küçə tərəfdən mübahisəli torpaq sahələrinin yalnız başlanğıcına qədər keçid yolu olduğunu nəzərə alaraq, İddiaçı1 məxsus 3228J saylı torpaq sahəsinə gedişgəliş üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 torpaq sahələrindən servitut qaydasında yolun, hazırda mövcud olan yolun davamı kimi açılması mümkündür. Bunun üçün hazırda mövcud olan keçid yolu, həmin yolun davamı olaraq İddiaçı1 məxsus torpaq sahəsinə qədər uzadıla bilər. İşdə olan DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarış əsasında X15 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3228J ünvanında yerləşən 0.25 ha torpaq sahəsi 4Ə-1/236 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli bağışlanma müqaviləsi əsasında dörd hissəyə bölünərək 0.06 ha hissəsi X16, 0.06 ha hissəsi Cavabdeh1, 0.06 ha hissəsi X17 və 0.06 ha hissəsi X9 adına qeydiyyata alınmışdır. X18 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3228J ünvanında yerləşən 0.07 ha torpaq sahəsi Sumqayıt "ASAN Xidmət" Mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-1224 nömrəli reyestrlə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında İddiaçı1 oglunun adına dövlət qeydiyyatına alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). Cavabdeh1 adına Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontoru tərəfindən 4Ə-1/236 nömrəli reyestrlə təsdiq olunmuş xx.xx.2009-cu il tarixli bağışlanma müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3228K ünvanda yerləşən 0.06 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il). X17 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3228L ünvanında yerləşən 0.06 ha torpaq sahəsi əvvəlcə Sumqayıt “ASAN Xidmət" Mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-1225 reyestrlə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınmış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il), sonradan Sumqayıt şəhər notariat kontorunun xüsusi notariusu T.M.Mustafazadə tərəfindən 4Ə-393 nömrəli reyestrlə xx.xx.2018-ci il tarixdə təsdiq olunmuş bağışlanma müqaviləsi əsasında X4 adına dövlət qeydiyyatına alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). X7 adına qeydiyyata alınmış bağ torpaq sahəsi aşkar olunmamış, torpaq sahəslərinin yerləşmə sxemini əks etdirən bölgü-plan arayışa əlavə edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha-ki-min məruzəsini, tərəflərin izahatlarını dinləyib apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-44/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13097 nömrəli rəyə istinad etmiş, gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, X15 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi bağışlanma müqaviləsi əsasında dörd hissəyə bölünərək 0,06 ha hissələrlə X18, Cavabdeh1, X17 və AğayevaMətanət Tofiq qızının adlarına qeydiyyata alınmış, X18 adına olan bağ sahəsi alqısatqı müaviləsi əsasında İddiaçı1 adına dövlət qeydiyyatına alınmış, X17 adına olan bağ sahəsi alqı-satqı müaviləsi əsasında X5 adına qeydiyyata alınmışdır. Bölgü planına əsasən həmin torpaq sahələrinin bir tərəfdən yol ilə, üç tərəfdən isə qonşu sahələrlə əhatə olunduğu göstərilmişdir. Mübahisə araşdırılan zaman müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahələri faktiki olaraq ardıcıl yerləşməklə, bir tərəfdən yol (küçə) ilə, üç tərəfdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Torpaq sahələrinə faktiki olaraq küçə tərəfdən yalnız bir keçid yolu vardır. Lakin həmin keçid yolunun girişinə metal konstruksiyalı darvaza quraşdırılmış və keçid yolu bağlanmışdır. Keçid yolunun eni giriş hissədə 4,5 metr, arxa hissədə 4,7 metr təşkil edir. X14 məxsus torpaq sahəsi dörd tərəfdən mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır, digər torpaq sahələrinin sərhədləri isə açıq vəziyyətdədir. Baxış zamanı İddiaçı1 məxsus torpaq sahəsinin axırıncı sahədə yerləşdiyi müəyyən edilmişdir. Buna görə də İddiaçı1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 3228J saylı torpaq sahəsinə gediş-gəliş üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 torpaq sahələrindən servitut qaydasında yol, hazırda mövcud olan yolun davamı kimi açılmalı, hazırda mövcud olan keçid yolu, həmin yolun davamı olaraq İddiaçı1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 3228J saylı torpaq sahəsinə qədər uzadılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı1 cavabdehlərdən onun torpaq sahəsinə servitut hüququ əsasında gediş-gəliş yolunun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 255.1-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yenə də həmin Məcəllənin 256-cı maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Eyni Məcəllənin 261-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Sadalanan maddi hüquq normalarından görünür ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Qüvvədə olan qanunvericiliyə görə servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. Başqa sözlə, istinad olunan maddi hüquq normalarına görə cavabdehlərin üzərinə servitutla bağlı məhkəmə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu müqavilə azadlığı prinsipinə (Mülki Məcəllənin 390-cı maddəsi) zidd olardı. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı mövcud yoldan məhkəmə qaydasında servitutun müəyyən edilməsi barədə iddiası əsassızdır və təmin oluna bilməz. Mübahisənin kökündən də görünür ki, iddiaçı əslində özünə məxsus torpaq sahəsinə zəruri yolun verilməsini tələb edir, lakin bu servitut hüququ ilə bağlı deyildir və Mülki Məcəllənin 175-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilə bilər. Nəzərə alınmalıdır ki, məhkəmə kollegiyasının bu mübahisə ilə bağlı gəldiyi nəticə İddiaçı1 cavabdehlərin mülkiyyətində olan torpaq sahələrindən zəruri yol və keçidin verilməsi ilə bağlı yeni iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual vəhüquq hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iş üzrəapelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-44/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapellyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün apelyantlar tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıdan onların xeyrinə tutulmalı, habelə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 44/2020 saylı qətnaməsi ləğv olunsun və yeni qətnamə qəbul edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması, mövcud yoldan servitutun müəyyən edilməsi, piyada, nəqliyyat vasitəsilə keçmək, elektrik, qaz, su və digər kommunikasiya xətlərinin çəkilməsinə icazə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavadeh Cavabdeh4 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı1 tutularaq ona ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı1 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO136 **********003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2066/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2066/2020
25.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver