Məhkəmə qərarları › İş №2(105)-2066/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2066/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2066/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1748/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1748/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Əli qızı və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 Əli qızından 15 may 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə 1295,66 manat əsas borc, 44 manat cərimə, 24 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 142,02 manat olmaqla, cəmi 1481,68 manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pulun alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020ci il tarixli, 2(012)-1748/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh1 Əli qızı arasında 15 may 2014-cü il tarixində bağlanmış 83 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Əli qızına illik 26 faiz ödənməsi şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Bundan sonra, tərəflərin 11 dekabr 2015-ci il tarixində 15 may 2014-cü il tarixli 83 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılaşmasına əsasən kreditin müddəti 24 ay olmaqla 11 dekabr 2017-ci il tarixinədək uzadılmışdır. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə görə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürsə də, Cavabdeh1 Əli qızı müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 Əli qızı və Cavabdeh2 müştərək qaydada 15 may 2014-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə 1295,66 manat əsas borc, 449,37 manat cərimə, 24 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 142,02 manat borcun, cəmi 1887,05 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 23 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, 15 may 2014-cü il tarixində bağlanmış 83 saylı kredit müqaviləsinin bağlanmasında və ya kredit müqaviləsi üzrə müddətin uzadılmasında onun hər hansı bir müraciəti və iştirakı olmamışdır. Onun xəbəri olmadan bankın əməkdaşları tərəfindən saxta sənədlər tərtib edilərək onun adına kredit rəsmiləşdirilmişdir. Bundan əlavə onun tərəfindən banka heç bir ödəniş icra edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.B.İsmaıylov apelyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan 15 may 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 Əli qızına illik 26% ödənməsi şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 15 may 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 15 may 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə Cavabdeh1 Əli qızına zamin durmuşdur. İddiaçı ASC və Cavabdeh1 Əli qızı arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli razılaşmadan görünür ki, 15 may 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə kreditin müddəti 24 ay olmaqla 11 dekabr 2017-ci il tarixinədək uzadılmışdır. İddiaçı ASC-nin 26.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Əli qızının 15 may 2014-cü il tarixində bağlanmış 83 saylı kredit müqaviləsi üzrə 24.02.2020-ci il tarixinə İddiaçı ASC-yə 1295,66 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 0 manat faiz borcu, 449,37 manat cərimə, 24 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 142,02 manat borcu, cəmi 1887,05 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2021-ci il tarixli, 4/993 saylı ekspert rəyinə əsasən iş materialının 22-ci vərəqəsində olan İddiaçı ASC və Cavabdeh1 Əli qızı arasında bağlanmış 15 may 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə 11 dekabr 2015-ci il tarixli razılaşma sənədinin aşağı sol tərəfində “Cavabdeh1 Əli qızı” yazılarının aşağı hissəsindəki imza - Cavabdeh1 Əli qızı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh1 verdiyi apelyasiya şikayətində İddiaçı ASC və Cavabdeh1 Əli qızı 15 may 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə 11 dekabr 2015-ci il tarixli razılaşmada olan imzanın ona məxsusluğunu mübahisələndirmiş və razılaşmada olan imzanın onun tərəfindən imzalanmadığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2021-ci il tarixli, 4/993 saylı ekspert rəyi ilə bu hal təkzib olunmuşdur. Belə olan halda nəzərə alınmalıdır ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcuddur. İddiaçı təşkilat tərəfindən Cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuş və apelyasiya şikayətinin dəlilləri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin iddiaçıya münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2021-ci il tarixli, 4/993 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manatdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Verilmiş apelyasiya şikayəti təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri 126 manat Cavabdeh1 Əli qızından alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1748/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat Cavabdeh1 Əli qızından alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar