Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2066/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(060)-2859/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7843/2016 saylı 19 deabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cıi ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları var: xx.xx.2014-cü il təvəllüdlü X6. Sumqayıt şəhər məhkəməsinin 2(060)-7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, uşağın onun yanında qalması və onun saxlanması üçün 117 manat aliment və uşaq üç yaşına çatana kimi 20 manat maddi yardım tutulub ona verilməsi qət edilmişdir.Qeyd edir ki, o, 117 manat məbləğində alimentlə uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cü il Respublikada uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2376/2020 saylı 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, o, hazırki dövrün sosialiqtisadi, maddi-məişət problemləri içərisində öz dolanışığını zorgüc çatdırmağa çalışan aprel döyüşlərinin iştirakçısı olan hərbi əlildir. İddiaçı X2 alimentin artırılması tələbinə öz etirazını bildirir. Belə ki, 2013-cii ildə iddiaçı xanımla ailə qurmuş və 2016-cı ilin əvvəlləri onlar ayrılmışdırlar. Bu ailədən bir övladı dünyaya gəlmişdir. İddiaçı ona hərbi xidmət, hərbi qulluqçuluq zamanı xəyanət etmişdir. Lakin o, bunu övladının gələcəyinə xatir hər zaman çox açıb-ağartmamış və səbrlə qarşılamışdır. Lakin aprel döyüşlərində aldığı yaralanmalar onu əlil etmiş və o, bugünkü günə kimi Lənkəran Şəhər Ağciyər Xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi, demək olar ki, fasiləsiz müalicədədir və aprel döyüşlərindən bu günə kimi bu müalicələri aramsız aparılmışdır və hətta hazırda da aparılmaqdadır və uzun illər də aparılmalıdır. Ən önəmlisi o, ikinci dəfə ailə qurmuş olsa da, bu dünyada heç bir ev, mülk, qalacaq, sığınacaq yerinə, maddi varlığa sahib olmadığı üçün bu ailəyə heç bir dəstək ola bilməmiş və daim kirayələrdə sürünmüş, aldığı pensiya isə alimentin, əlavə müalicə, dolanışıq xərcləri səbəbilə çəkdiyi kredit ödənişinə sərf olunmuş və hələ də sərf olunmaqdadır, baxmayaraq ki, onun müalicə məsrəfləri həmişə olub və olacaqdır. Bu məsrəflər, onun dolanışığını demək olar ki, qohum-əqrəbalarının, tanışların, yaxınların borc-xərci hesabına olan dəstəyilə təmin olunmaqdadır. Yəni o, təqribən 2-3 il daha pensiyasının yarısı həddə olan kredit ödənişləri bitəndən sonra da ömür boyu müalicə-müayinə, kirayə, dolanışıq məsrəflərini bəlkə də təkrar-təkrar kreditlər hesabına ödəməlidir və bu onu mənəvi olaraq çox yorub. Heç kim bir Aprel yaralısı, iştirakçısı, bir əlil kimi onun bu böyüklükdə məsrəflərin altından necə çıxmalı olacağı ilə maraqlanmır və o, borc-xərclə keçən bu günlərində, bu ömründə, səhhəti ilə bağlı heç yerdə işləyə bilməməyi kimi ağır yük altında da əzilir. Bütün bu yuxarıda göstərdiklərimi nəzərə alaraq da, məhkəmədən bir ali iradə sahibi, hökmverici bir Ali Qüvvə kimi bütün varlığı ilə X8 sığınan bir hərbi əlil kimi rica edir: İddiaçı alimentin artırılması tələbini edirsə, onun yuxarıda göstərdiyi vəziyyəti onu kifayət qədər depressiv duruma saldığından bu acınacaqlı durumunu nəzərə alınmasını və alimentin ona təyin olunmuş həddə qalmasına izin verilməsini xahiş etmişdir. Çünki illərdir heç bir yerdə iş tapa bilmədiyindən bir daha xüsusilə qeyd edir ki, demək olar ki, başqalarının dəstəyi hesabına özünün və ailəsinin dolanışığını təmin etməyə çalışan aztəminatlı atadır, artıq yeni bir ailə başçısıdır və bu ailəsinin məsrəflərini belə özünün müalicə xərcləri, alimenti səbəbilə təmin edə bilmədiyi utancından mənəvi əzablarla, əziyətlərlə çarpışan və artıq həyatından bezmiş durumda olan bir hərbi əlildir. Düzdür onun xoş günlərə inamı çoxdur və pensiyası haçansa artırılarsa, o, da borclardan qurtulacağına, heç olmazsa, öz dolanışığını təmin edə biləcəyini ümidlə gözləyir. Lakin hələ ki, bu bir ümiddir və o, ancaq ümidlə gözləyir. Lakin bu müddət ərzində hansısa bir aliment artımı onun bütün qüvvəsini bitirər və o, nə edəcəyini bilməz, həyatdan bezər. Odur ki, məhkəmədən artıq dərəcədə xahiş edir ki, alimentin hansısa artımına qətiyyən izin verilməsin və onun ağır maddi vəziyyəti nəzərə alınsın. Bir daha qeyd edir ki, o, pensiyasının yarısını alimentə, yarısını da tamamilə kredit borcuna verir və bu istənilən an, yoxlanıla bilər. Müalicə-müayinələri, kirayə və dolanışıq məsrəfləri isə tamamilə başqalarının borc-xərc vəsaiti hesabınadır. Xüsusi qeyd kimi bildirmək istəyir ki, yaxın qohumları da iddiaçı ilə olan ailədən dünyaya gəlmiş övladına ayrı-ayrı vaxtlarda maddi dəstək etmişlər və buna mümkün olduqca davam etməyə çalışmaqdadır. Yuxarıda qeyd etdikləri ilk etiraz ərizəsinin təkrarıdır. O, bu Etirazda xüsusi olaraq bir faktın- həqiqətin üstünü açmaq istəyir. O, keçmiş yoldaşı, iddiaçının xəyanətini aşkarladığı vaxt bu haqda onun ailəsinə, valideynlərinə, yaxınlarına bildirdi və övladlarının hansı yolu tutduğuna, onunla olan ailəsinin dağılacağına dair onunla üzləşmələri, onun xəyanəti haqda ümumən maraqlanmaları, onu haqq-hesaba çəkmələri haqda çox çalışdı, çünki onun ailəsi dağılırdı və o, böyüklərin tədbir görmələrini, bu işə qarışmalarını, gələcəkdə onu hamının anlaması, haqsız tərəfin hamı tərəfındən bəlli olmasını və gələcəkdə ailə dağıtmaq ağırlığının məsuliyyətinin ona aid olmaması gərəkliyini hər kəsə, iddiaçını da, onun da yaxınlarının bilinməsini istəyirdi. Lakin təəssüf ki, iddiaçının valideynləri, ailəsi bu halla qətiyyən maraqlanmadılar və hətta hərəkətlərindən, daha doğrusu hərəkətsizlərindən (yəni heç bir problem yoxmuş kimi davranmalarından) belə çıxdı ki, xəyanətdə sanki heç bir problem yoxmuş və bu, adi bir halmış. Odur ki, o, onların bu hərəkətlərinə heç bir məna verə bilmədi və belə bir halın, yəni iddiaçının xəyanətinin daha ən başından onun tərbiyə-yetişdirilmə üsulundan qaynaqlandığı qənaətinə gəldi. Lakin alimentin artırılmasına dair ilk məhkəmədən sonra iddiaçı tərəfdən onun yaxınlarına zəng gəlmiş və onlar onun Aprel döyüşçüsü olmadığını bildirərək, əgər bu həqiqətdirsə, onda ona ev növbəsi və sair hüquqların da düşdüyü ehtimalı olduğu və bunu araşdıraraq, gərəkdirsə ona düşən bütün hüquqlardan istifadə edə bilmək üçün çalışacaqlarını bildirmişlər. O, pessimist insan deyil. Lakin cəmiyyətdə son zamanlarda boşanmaların sayının artmasının daha çox qızların özlərinə aliment ala biləcəkləri ər tapmaq məqsədilə qurulmuş ailələr səbəbilə olduğuna dair son illərdə gedən müzakirələrə artıq qarşısına çıxan bu gerçəklikdən sonra inanmağa başlamışdır. Belə ki, xəyanət aşkarlanan vaxt iddiaçının ailəsinin, yaxınlarının heç bir əməli tədbir görməmələrinin, belə bir hala adi yanaşmalarının, ona soyuq münasibət bəsləmələrinin məqsədi ona indi agah olur ki, çox güman ki, elə iddiaçının - qızlarının azad yaşamaları üçün, onun həyat tərzinə heç bir ər müdaxiləsinin olmaması və gələcəkdə ona düşən güzəştlər hesabına həyatını keçindirmək, dolanışığını təmin etmək üçün olduğuna dair qənaətə gəlmişdir. Bu qənaətdən belə çıxır ki, onlar xəyanətə daha ən başından, yəni o hərbi xidmətdə olan vaxt qızlarına nəzarət etməmələrinə bu günlərə xatir razı olub, susublar və bu, onun kimi sağlamlığını Vətən yolunda qoyan bir müharibə iştirakçısı, bir hərbi əlil, bir oğul, bir ata, bir vətəndaş üçün əsil mənəvi dəhşətdir, ona qarşı sui-istifadə halıdır, dolandırıcılıqdır, fırıldaqçılıqdır, planlaşdırılmış tələdir, mənəvi zərbədir. O, məhkəmədən belə bir mənəvi zərbənin, planlı qurulmuş tələnin üstünün açılması üçün xüsusi duyarlılıq göstərilməsini rica edir. Bir daha, altından xətt çəkərək, xüsusi vurğulayaraq bildirir ki, onun təqrəbən 3-4 illik pensiyasının yarısı kreditə, yarısı alimentə getdiyi üçün, o dolanışığını, kirayə xərcini, müalicə-müayinə məsrəflərini yenidən əlavə, dost-tanışların, yaxınların borc-xərc vəsaiti hesabına təmin edir və mütəmadi olaraq da bir kredit bitdikdən sonra yığılan, yəni dolanışığı üçün məcburi götürdüyü növbəti borc - xərci təkrar-təkrar çəkməli olduğu növbəti kreditlər hesabına ödəməlidir, qısacası onun kreditləri pensiyası bazar qiymətilə bütün kirayə, dolanışıq, müalicə-müayinə məsrəflərinə yetişincəyədək, təqribən bir 5-10 (beş- on) il müddət ərzində yetərli həcmdə artanadək davam edəcəkdir və o, 5-10 (beş-on) il, bəlkə də daha da çox bu kreditlərə çəkməyə məcburdur. Qısacası, burdan, bu gerçəklikdən göründüyü kimi, o, 5-10 (beş - on) il, bəlkə də daha da çox pensiyasının yarısı alimentə, yarısı kreditə ödəniləcək, bunu demək ona ağırdır, lakin həqiqətdir ki, zavallı bir durumdadır. Lütfən, bu gerçəkliyi nəzərə alın və bu durumu daha da ağırlaşdırmayın, alimenti artırmayın. Bir də rica edir ki, hazırda Lənkəran şəhər Ağciyər Xəstəxanasında müalicələrə davam etdiyi üçün məhkəməyə gələ bilmir və məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(060)-2859/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 50 (əlli) manat ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(060)-2859/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hazırki çətin dövrün sosial-iqtisadi, maddi-məişət problemləri içərisində öz dolanışığını zor güc çatdırmağa çalışan bir Aprel döyüşlərinin iştirakçısı, hərbiçi əlildir. Ona təyin olunan alimenti bu vaxta qədər çox çətin də olsa, atalıq borcunu yerinə yetirərək vaxtlı-vaxtında ödəmişdir. Aprel döyüşlərində aldığı ağır xəstəliyin nəticəsində ona əlillik verildi və hal-hazırki vaxtadək Lənkəran şəhər Ağciyər xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi və demək olar ki fasiləsiz müalicədədir. Aprel döyüşlərindən sonra bu müalicələr fasiləsiz bu günə qədər öz vəsaiti hesabına aparılır və bundan sonra da uzun müddət aparılmalıdır. Əlavə olaraq qeyd etmişdir ki, səhhəti ilə bağlı işləyə bilmədiyi üçün qazancı yalnız ona dövlət tərəfindən təyin olunan əlilliyi ilə bağlı pensiyadır və bundan başqa əlavə qazanc yeri yoxdur. Aldığı pensiya isə aliment, evin kirayəsi, komunal ödənişlər, daimi müalicə, müayinə, dərmanlar, kredit ödənişi və digər məişət xərclərinə sərf olunur. Nəzərə alınsa ki, ölkədə bütün qiymətlərdə daimi artım olur və onun da qazancı artmır, o, buna görə də bütün xərclərini planlı şəkildə bölmüşdür ki, növbəti pensiyasına kimi çatdıra bilsin. Bu məsrəflər və dolanışığı qohumların, dostların borc-xərc hesabına olan dəstəyi ilə təmin olunur. Onu bu çətinliklər və onların öhdəsindən maddi olaraq gələ bilməməyi mənəvi olaraq çox yorur. Aprel döyüşlərinin iştirakçısı və hərbiçi əlil olaraq ağır xəstəliyi ilə əlaqədar heç yerdə işləyə bilmədiyi üçün hal-hazırki məsrəflərin belə öhdəsindən gələ bilmir. Çox çətin və çıxılmaz vəziyyətdədir. Yuxarıda qeyd olunanları və Aprel döyüşlərinin iştirakçısı hərbiçi əlil olduğunu, qeyd etdiyi coxsaylı məsrəflərinin olmasını, qazancının yalnız dövlət tərəfindən verilən pensiya olmasını, ağır xəstəliyinin olmasını və səhhəti ilə əlaqədar işləyə bilməməyini, birinci instansiya məhkəməsində iddiaya etirazında bildirməyinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır. Buna baxmayaraq appelyasiya məhkəməsinin bütün bunları nəzərə alacağına şübhəsiz inanır və bununla əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və alimentin miqdarı olduğu kimi saxlanılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7843/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X7 arasında xx.xx.2013-cü il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış 339 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş olan xx.xx.2014-cü il təvəllüdlü X1 anası X4 yanında qalması, Cavabdeh iddiaçı X4 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay 117 (yüz on yeddi) manat və xx.xx.2014-cü il təvəllüdlü X3 03 (üç) yaşı tamam olanadək 20 (iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ 319045 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 368702 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh 446.63 manat pensiya alır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu haqlı olaraq öz qətnaməsində onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Birinci instansiya məhkəməsi cavabdehin hazırda subay olmaqla yenidən nikaha daxil olmadığını, himayəsində başqa övladı olmadığını, 2023-cü il üçün yaşayış minimumunu və uşağın tələbatlarını nəzərə alaraq hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh iddiaya etiraz ərizəsində daimi olaraq xəstəxanada müalicə aldığını, bununla əlaqədar aylıq xərclərinin çox olduğunu bildirsə də, etirazına bununla bağlı hər hansı sübut əlavə etməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdehin hansısa kredit təşkilatlarına borclu olması onun övladının saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılmamasına əsas ola bilməz. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi bir uşağın mənafeyi baxımından məqsədəuyğundur. Buna görə birinci instansiya məhkəməsi cavabdehin hazırda himayəsində başqa övladının olmamasını, 2023-cü il üçün yaşayış minimumunu və uşağın artan tələbatını nəzərə alaraq düzgün nəticəyə gəlmişdir. Cavabdehin digər nikahdan başqa övladı olduğu halda isə o, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən təyin olunmuş alimentin miqdarının azaldılmasını məhkəmədən xahiş edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(060)-2859/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2066/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2066/2023
16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver