Məhkəmə qərarları › İş №2(105)-2067/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2067/2022

16.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2067/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X6, cavabdeh X9 nümayəndə və vəkili X3 iştirakı ilə, iddiaçı X6 cavabdeh X10 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(067)-988/2022 nömrəli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(067)-988/2022 qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Anar Sadıqov). Qətnamədən iddiaçı X11 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(067)-988/2022 qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: X11 məhkəmədə iddia qaldıraraq torpağa mülkiyyət hüququna dair JN 141 30207108 kodlu dövlət aktında göstərilən, birgə mülkiyyətdə olan 1,73 ha torpaq sahəsindən mərhum anası X1 miras qalmış 0,29 ha torpaq sahəsinə vərəsəliklə əlaqədar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında iddiaçı X11 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, anasının 0,29 ha torpağı var. Anası həmin torpağı ona bağışlayıb. Cavabdeh qardaşının arvadıdır. Ona öz atasından qalmış torpaqdan da pay verib. Amma o anasından ona qalan torpağı da vermək istəmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(067)-988/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 nümayəndə və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etməyib. Mirasqoyanın adına mülkiyyət hüququnu təsdiq edən sənəd var. İlk növbədə o, vəsiyyətnamə əsasında vərəsəlik haqqında şəhadətnamə almalı, bundan sonra iddia qaldırmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(067)-988/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 141 saylı 30207108 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən X2, X9 və qeyrilərinin mülkiyyətinə 1,73 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 14 sentyabr 2010-cu ildə vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X5 vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlaknı, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən Mehrəliqışdaq kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin yarı hissəsini və JN 141 saylı 30207108 kodlu dövlət aktında olan 0,29 ha pay torpaq sahəsini doğma oğlu X8 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin 667 nömrəli məktubundan müəyyən olunur ki, ünvan 2i ünvanındakı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmadığından notariat hərəkətini aparmaq mümkün deyildir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya qeyd olunan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə cavabdeh tərəfindən maneələrin törədilməsini təsdiq edəcək sübut təqdim etməsi təklif olunsa da, iddiaçının sübut təqdim etməməsi, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun məhdudlaşdırılmasını təsdiq edən sənəd olmamasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maneənin yaradılmasını bildirsə də cavabdeh tərəfindən hansı hərəkətlərin aparılması, ümumiyyətlə hər hansı maneənin mövcudluğu barədə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Lakin iş materiallarından manelərin cavabdeh tərəfindən hər hansı maneənin törədilməsini təsdiq edəcək sübutlar təqdim edilməmişdir. İş materiallarından görünür ki, 1,73 ha torpaq sahəsi digərləri ilə yanaşı cavabdeh Almaz Nəcəfovaya da verilmişdir. Həmin torpaq sahəsinin 0,29 ha hissəsi mərhum X4 məxsus olmuşdur və həmin torpaq sahəsi miras əmlakın kütləsinə daxildir. İddiaçı torpağa mülkiyyət hüququna dair JN 141 30207108 kodlu dövlət aktında göstərilən, birgə mülkiyyətdə olan 1,73 ha torpaq sahəsindən mərhum anası X1 miras qalmış 0,29 ha torpaq sahəsinə vərəsəliklə əlaqədar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra ona məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qeyd edərək hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin uşağın ananın yanında qalması və alimentə dair hissədə apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(067)-988/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(067)-988/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı X6 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar