Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2068/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 15 mart 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqısatqısı haqqında bağlanmış müqavilə ləğv edilmiş, tərəflərin ilkin vəziyyətə qaytarılması, 15 mart 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 43908 (qırx üç min doqquz yüz səkkiz) manat məbləğində pul vəsaitinin "xxxx" MMCdən alınaraq İddiaçı geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC ondan apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin öz öhdəliyini yerinə yetirmədiyinə görə mənzil alqı-satqı müqaviləsinə əsasən ödədiyi 43908 manat, kirayə haqqı üçün ödədiyi 1200 manat, mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 55108 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən onun xeyrinə tutulmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binaları inşa edir. İddiaçı həmin Cəmiyyətlə 15 mart 2015-ci il tarixdə ABB YM-0153 saylı mənzilin alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə o, Cəmiyyətə 43.908 manat məbləğində pul ödəməli, MMC isə 3 il ərzində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.metrdən ibarət 2 otaqlı, 40 saylı mənzili təhvil verməli idi. İddiaçı mənzilin bütün pulunu ödəsə də, "xxxx" MMC binanı tikib qurtarmamış və öz öhdəliyini yerinə yetirməmişdir. O, bununla bağlı dəfərlərlə MMC-nin rəhbərliyinə yazılı və şifahi müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə də MMC ona maddi və mənəvi ziyan vurmaqla onu ağır duruma salmışdır. O, tikintinin dayandığını görüb müxtəlif qurumlara rəsmi şikayət edəndən sonar, "xxxx" MMC-nin direktoru Səlim Heydərov yazılı şəkildə bildirmişdir ki, binada işlərinin başa çatdırılması və mənzillərin sakinlərə təhvil verilməsi 2019-cu ilin əvvəllərinə planlaşdırılmışdır. Lakin MMC-nin rəhbərliyi onu yenə aldatmış və bu günə kimi öhdəliyini yerinə yetirməyərək binada heç bir tikinti işləri aparmamışdır. Ona görə də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh "xxxx" MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun qismən təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. İşə baxan məhkəmə iddiaçının mülahizəsinə əsasən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 421.3, 424.2 və 424.4-cü maddələrini rəhbər tutaraq iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlmişdir. İddiaçı 15 mart 2015-ci il tarixli, ABB YM-0153 saylı ("xxxx" ASC tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) mənzilin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" ASC-yə kreditlərşmə üsulu ilə ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 6, ümumi sahəsi 68 kv.metr olan 2 otaqlı, 40 saylı mənzili almışdır. İddiaçı iddia tələbində müqavilə bağlandığı andan yaşayış binasının təhvil verilmədiyini, Azərbaycan Respublikası Mülki Məcəllənin 425, 427, 442-ci maddələrinə istinad edərək Cəmiyyətin öhdəliklərini icra etməməsi səbəbindən tərəfindən ödənilmiş cəmi 43908 manat məbləğində pulu tələb edir. "xxxx" MMC 15 mart 2015-ci il tarixli, ABB YM-0153 saylı (bank tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) mənzilin alqı-satqı müqaviləsi üzrə mənzilin təhvil verilməsi öhdəliyindən yayınmır və təhvil veriləcəkdir. 15.03.2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbinə gəldikdə isə, həmin müqavilənin 10-cu bəndinə müqavilənin ləğvinə dair tələblər öz əksini tapmışdır. Müqavilənin 10-cu bəndinə görə, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri pozularsa, Cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Müqavilənin ləğv edilməsi halında, alıcı tərəfindən Cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzində alıcıya qaytarılacaqdır. Həmin müqavilə cavabdeh Cəmiyyət ilə alıcı arasında yaranmış hüquq münasibətlərini tənzimləyir. Müqavilə öhdəliklərinə qanunvericliyə və müqavilənin şərtlərinə uyğun tərzdə əməl edilməsi mülki dövriyyəni təmin edən mühün şərtlərdən biridir. Mülki dövriyyənin təmin edilməsi də mülki qanunvericiliyin prinsiplərindən biridir. Bu da Azərbaycan Respublikası Mülki Məcəllənin 389, 390.1, 390.6, 405.1 və 430-cu maddələrinin tələblərinə uyğun olaraq tərəflər arasında iradə ifadəsini əks etdirən müqavilə münasibətlərindən irəli gəlir. İddiaçı 43908 manat məbləğində ödənişinin əsasını sübut etməli olduğu halda, bu barədə heç bir sübut təqdim etməmişdir. Tələb olunan məbləği İddiaçı "xxxx" ASC-yə ödəmişdir, çünki o, aldığı mənzili "xxxx" ASC-nin vasitəsilə maliyyələşdirilməklə müvafiq aylar üzrə illik faiz dərəcəsi ilə kreditləşdirilmişdir. Onun tələb etdiyi məbləğin hansı hissəsinin əsas borca, faiz məbləğinə və ya cərimə məbləğinə aid olması aydınlaşdırılmalıdır. İşdəki 15-03-2015 tarixli, ABB YM-0153 nömrəli maliyyə arayışına və digər maliyyə sənədlərinə əsasən mübahisəli mənzilin alınması üçün ilkin ödəniş kimi 15000 manat; bank faizi (1%) təyinatı üzrə 292 manat məbləğində; 17-03-2016-ci il tarixdə öz bank hesabına 28300 manat vəsait mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16.03.2015-ci il tarixli, 6-16-03-2015-YS- AAAF-RO saylı təminatlı kredit müqaviləsi əsasında borc verən "xxxx" ASC borc alan İddiaçı 29200 manat məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə tələb hüququ İddiaçı deyil, banka məxsusdur, çünki kredit öhdəliyi tam icra olunmamışdır. Bu hüququn ötürülməsi barədə isə işdə hər hansı sübut mövcud deyildir. Belə ki, kredit müqaviləsi üzrə ödənilməmiş kreditin məbləği cəmi 17007,01 manat (15755,66 manat əsas və 1251,35 manat faiz borcu olmaqla) təşkil edir. Mədaxil edilən məbləğ isə cəmi 23224 manat (13444,34 manat əsas borc üzrə və 9779,66 manat faiz borcu üzrə) olmuşdur. Hazırki mülki iş üzrə ipoteka hüquq münasibətlərinə, həmçinin öhdəliklərin icrasının təminatı olan "xxxx" MMC-nin İddiaçı ilə "xxxx" ASC arasında yaranmış kredit hüquq münasibətlərinə düzgün qiymət verilməmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməli və İddiaçı"xxxx" MMC-yə qarşı qaldırdığı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, müqavilə MMC tərəfindən pozulub. Ona artıq MMC-dəki heç bir mənzil lazım deyil. Müqavilə üzrə cəmi 43908 manat pul ödəmişdir və həmin məbləğ də ona qaytarılmalıdır. Digər cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ABB YM-0153 saylı, 15 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.metrdən ibarət 2 otaqlı 40 saylı mənzili “alıcı” İddiaçı satmağı, “alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərində (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən Cəmiyyət inşa olunan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv. metrdən ibarət 2 otaqlı 40 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin 1 kv.metrlik sahəsinin qiyməti 650 manat olmaqla, müqavilənin qiyməti tərəflərin razılığı ilə 44.200 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin qiymətinin 15.000 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 29.200 manat isə "xxxx" ASC-nin hesabına ödənilir. Yenə iş materiallarında olan "xxxx" İnşaat MMC tərəfindən verilmiş 15 mart 2015ci il tarixli, ABB YM0153 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.metrdən ibarət 2 otaqlı 40 mənzilinin pay dəyərindən 15000 manat ilkin ödəniş edilmişdir. Yenə də iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.metrdən ibarət 2 otaqlı 40 mənzilə görə 29200 manat məbləğində ödəniş edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş 1886/17 saylı, 18 dekabr 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cəmiyyətə 27 noyabr 2017-ci il tarixdə ərizə ünvanlamış, Cəmiyyət isə cavabında bildirmişdir ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivində inşa olunan binada tikinti işlərinin başa çatdırılması və mənzillərin sakinlərə təhvil verilməsi 2018-ci ilin sonu – 2019-cu ilin əvvəllərinə planlaşdırılmış, həmçinin bəzi fors-major hallar səbəbindən binanın tikintisində ləngimələrin olması mümkündür. Yenə işdə olan 15 mart 2015-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı bank faizi (1%) üçün "xxxx" MMC-yə 292 manat mədaxil etmişdir. Yenə də işdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 6-16-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” "xxxx" ASC “Borcalan”a Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.metrdən ibarət 2 otaqlı 40 mənzilin dəyərini ödəmək məqsədilə 29200 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.3, 5.4 və 7.3-cü bəndlərinə əsasən “Borcalan”a kredit 180 ay müddətinə verilir, kreditin müddəti 16 mart 2030-cu il tarixdə bitir və kredit üzrə əsas borc və fazilər aylıq 313,80 manat məbləğində bərabər hissələrlə ödənilir. İşə əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı və "xxxx" MMC arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 6-16-03-2015-YS-AAAF-RO saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 6-16-03-2015-YS-AAAF-RO saylı kredit müqaviləsinə əsasən 29200 manat məbləğində 180 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi "xxxx" MMC borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. İşdə olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə göndərilmiş MXK/0544 saylı, 02 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 16.03.2015-ci il tarixli, 6-16-03-2015- YS-AAAF-RO saylı kredit müqaviləsinə əsasən, mübahisəli mənzilin alınması üçün 180 ay müddətinə 29200 manat məbləğində kredit rəsmiləşdirilmiş, həmin kredit müqaviləsi üzrə (sonuncu ödəniş 07.02.2020-ci il tarixində 207 manat olmaqla) hazırki dövrədək cəmi 23224 manat, bundan 13444,34 manat əsas borc, 9779,66 manat isə faiz borcu ödənilmişdir. 02.11.2020-ci il tarixinə İddiaçı 16.03.2015-ci il tarixli, 6-16-03-2015-YS- AAAF-RO saylı kredit müqaviləsi üzrə Bank qarşısında 15755,66 manat əsas borc, 1251,35 manat faiz borcu olmaqla, ümumilikdə 17007,01 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcüddur. Bundan başqa, müştəriyə kredit üzrə gündəlik 4,38 manat məbləğində faiz hesablanır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsindən şikayət verilmədiyindən həmin hissədə araşdırma aparılmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçıyla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ABB YM-0153 saylı, 15 mart 2015-ci il tarixl mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ("xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) əsasında tikintisi başa çatmamış "xxxx" MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilməkdə olan 5 saylı yaşayış binasının, 2 otaqlı, 68 kv.metrlik 40 nömrəli mənzilin dəyəri 44200 manat müəyyən edilmiş (hər kv.metr üçün 650 manat olmaqla), bunun 15000 manat hissəsi iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş, qalıq məbləğ 29200 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ödəniləcəkdir. Mənzilin yerləşdiyi binanın inşasının başa çatdırılma vaxtı, habelə mənzilin hansı tarixdə təqdim edilməsilə bağlı qeyd edilən müqavilədə hər hansı müddəa mövcud deyildir. Müqavilənin 4.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə kimi qüvvədədir. Eləcə də, "xxxx" ASC ilə İddiaçı arasında 16 mart 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, bank tərəfindən iddiaçıya mübahisəli mənzilin alınması üçün çatışmayan 29200 manat kredit verilmişdir. Kredit müqaviləsinin müddəti 180 ay, illik faiz dərəcəsi isə 10% müəyyən edilmişdir. bu müqavilənin təminatı kimi isə hər üç tərəf eyni tarixli zaminlik müqaviləsi bağlamışlar və "xxxx" MMC bank qarşısında İddiaçı öhdəliklərinə zamin durmuşdur. Qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən mənzilin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mənzilin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 6 ildən çox zaman keçsə də, mənzil hələ də iddiaçıya təhvil verilməmişdir və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır. İşin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Yenə həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yenə də həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli dərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin mənzilin hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla da "xxxx" MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Yenə həmin Məcəllənin 424.4-cü maddəsinin tələblərinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mənzilin alınması üçün ilkin olaraq 15000 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. Mənzilin qiymətinin qalan hissəsi üçün o, kredit müqaviləsi bağlamış və bu müqavilə üzrə bank tərəfindən "xxxx" MMC-yə 29200 manat ödəniş edilmişdir. Bu kreditin qaytarılması üçün İddiaçı öhdəlik daşıdığından və tərəflər arasında imzalanmış 15 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edildiyindən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil üçün "xxxx" MMC tərəfindən qəbul edilmiş cəmi 44200 manat ona geri qaytarılmalıdır. Lakin məhkəmə kollegiyası MPM-nin 217.3-cü maddəsinin tələblərini nəzərə alaraq dəymiş ziyanın məbləğinin 43908 manat təşkil etməsini məqbul hesab edir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda cavabdeh "xxxx" MMC apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3806/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2068/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2068/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver