Məhkəmə qərarları › İş №2(105)-2068/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2068/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2068/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh1 (eyni zamanda Cavabdeh2 nümayəndəsi) iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-49/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12498.70 manat əsas borc və 3752.79 manat faiz borcu olmaqla, cəmi 16251.49 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003/SKMF saylı kredit müqaviləsinə əsasən cavabdehə gilas bağının salınması məqsədi üçün 36 ay müddətinə, illik 6 faiz ödənilməsi şərti ilə 14.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Zaminlər bank qarşısında borcalanın öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borclu” kimi tam məsuliyyət daşıyır. Hazırda cavabdehlər ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Yazılı etirazda göstərilir ki, xx.xx.2017-ci il tarixli, 003/SKMF saylı kredit müqaviləsinə əsasən X3 gilas bağlarının salınması məqsədi ilə illik 6 faiz olmaqla, 36 ay müddətinə 14.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-nin Xaçmaz filialı ilə onun və Cavabdeh2 arasında 26 may 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunun tələbindən göründüyü kimi zaminin məsuliyyəti borclu öhdəliyi icra etmədikdə, icra etməkdən yayındıqda və ya lazımınca icra etmədikdə yaranır. Bu şərtlər baş verdikdə zaminin əsas borclu ilə birgə məsuliyyəti yaranır. Vəfat etmiş şəxs barəsində öhdəliyin icrasında yayınır və ya öhdəliyi lazımınca icra etmir ifadəsini işlətmək isə mənasızdır. Borclu öldüyündən onun öhdəliyi icra etməsi və ya icra etməməsi halı mövcud deyildir və zaminin kreditot qarşısında məsuliyyəti yaranmamışdır. X4 19 fevral 2018-ci il tarixdə ölmüşdür. Belə olan halda onun tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı mövcud deyildir. Kredit alanın öldüyü zaman öhdəliyin zamin tərəfindən icra edilməsi məsələsi tərəflərin mülahizəsindən asılı olmayıb, qanunla tənzimlənir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003/SKMF saylı kredit müqaviləsindən görünür ki, sonuncuya illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə, 14.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ASC-nin 22 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2017-ci il tarixli, 003/SKMF saylı kredit müqaviləsi üzrə 12498,70 manat əsas borc və 3752,79 manat faiz borcu olmaqla, cəmi 16.251,49 manat məbləğində borcu vardır. Xəbədarlıq məktublarından görünür ki, bank cavabdeh tərəfə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün onlara borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir. AZ-İ serialı 932823 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2022-ci il tarixli, 9/108 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəzləri, hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, 003/SKMF saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan borcu 14301,54 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 12495,88 manat, faiz borcu üzrə isə 1805,66 manat təşkil edir. Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-49/2022 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12495,88 manat əsas borc, 1805,66 manat faiz borcu olmaqla, cəmi 14301,54 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, rüsumun qalan hissəsinin iddiaçıya aid edilməsi və ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ******************** SWİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.1, 448, 448.2, 427.3, 449.1, 470.1, 472.1, 472.2, 741, 739.1, 739.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-49/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişlər. Şikayətin dəlilləri: Zaminlik öhdəliyinin icrasının təmin-edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə 3-cü bir şəxsin qatılması zamanı baş verir. Kreditorla bağladığı müqavilə, arasında zamin adlanan həmin 3-cü şəxs borclunun kreditor qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borclu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. İşin hallarından və qanunun tələblərindən görüldüyü kimi zaminin məsuliyyəti üçün əsas borclunun öz öhdəliyini tamamilə və ya qismən ödəməkdən yayınması halı faktı olmadıqca zaminin məsuliyyəti yaranmır. Vəfat etmiş adam barəsində öhdəliyin icrasından yayınır ifadəsini işlətmək mənasızdır. Məhkəmənin zaminin məsuliyyətinin yaranması hallarının mövcud olması və əsas borclunun götürdüyü öhdəliyin zaminlər tərəfindən ödənilməli olduğu qərarına gəlməsi birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh1 (eyni zamanda Cavabdeh2 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, işə bankın iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 421.2.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İddiaçı ASC və X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003/SKMF saylı kredit müqaviləsinə əsasən cavabdehə gilas bağının salınması məqsədi üçün 36 ay müddətinə, illik 6 faiz ödənilməsi şərti ilə 14.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə, habelə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə zaminin kreditor qarşısında öhdəliyi müqavilə bağlandığı andan yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair˝ xx.xx.2012-ci il tarixli Qərarında deyilir ki, rotiderK…˝ qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz…˝. Göründüyü kimi zaminin məsuliyyəti müqavilənin bağlanması anında deyil, borclunun öz öhdəliyini kreditor qarşısında yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi andan yaranır. Əsas borclu X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdehlər zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı bank müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Zaminlər bank qarşısında borcalanın öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borclu” kimi tam məsuliyyət daşıyır. Hazırda cavabdehlər ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Cavabdehlər məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-49/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar