Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2069/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-907/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 23 sentyabr 2021-ci il tarixli, 301804-871336/3 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 20,5% ödəmək şərti ilə Cavabdeh 9720 (doqquz min yeddi yüz iyirimi) manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2022-ci il tarixli, 301/301/0256/2022 saylı xəbərdarlıqla İddiaçı ASC tərəfindən cavabdehə 7 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7112.03 manat məbləğində əsas borc və 906.99 manat faiz borcu olmaqla, cəmi 8019.02 manat borcun və 100.6 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli, 301804-871336/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 9720 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 09 mart 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7112.03 manat məbləğində əsas borc və 906.99 manat faiz borcu olmaqla, ümumilikdə 8019.02 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır.
5. İddiaçı ASC-nin Quba Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 09 mart 2023-cü il tarixə olan borcu 7112,03 manat əsas və 906,99 manat faiz borcu olmaqla, cəmi 8019,02 manat təşkil edir.
6. Məhkəmə-mühasibatlıq ekspertizasının 14 iyun 2022-ci il tarixli, 9/3533 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 871336/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə olan əsas borc 6961,81 manat, faiz borcu 289,40 manat təşkil edir.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-907/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia qismən təmin olunaraq, Cavabdeh 6961,81 manat məbləğində əsas borc və 289,40 manat faiz borcu olmaqla, cəmi 7251,21 (yeddi min iki yüz əlli bir manat iyirmi bir qəpik) manat borcun və 100.6 (yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 449.4-cü, Mülki Prosessual Məcəllənin 77, 107, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hеsablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin krеditоra ödənildiyi günə qədər tutulur. Bank tərəfindən iddia ərizəsi verilən günə kimi cavabdehin ödəməli olduğu faizlərin məbləği hesablanmış və həmin məbləğ ona qarşı tələb kimi irəli sürülmüşdür. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş və ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki, ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81 və 88-ci maddələrinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, ekspert rəyində qeyd olunur ki, ödənişlər yalnız əsas və faiz borcundan silinmişdir. Halbuki, borc üzrə gecikmələr olduqda ödənişlər cərimə faizlərindən, vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlərdən, vaxtı keçmiş və gecikdirilmiş əsas borcdan, faiz borcundan və əsas borcdan silinir. Bu ardıcıllıq kredit müqaviləsinin 3.5-ci bəndində qeyd olunur və Mərkəzi Bank tərəfindən təsdiq edilmiş qaydalardan irəli gəlir. Odur ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda silinmələrin hansı qaydada aparılması aydın göstərilir. Lakin, göstərilənləri ekspert öz rəyində nəzərə almamış, ödənişlər hesablanarkən silinmələr yalnız əsas və faiz borcundan aparmış və nəticədə məhkəməyə düzgün rəy təqdim etməmişdir. Belə ki, ekspert yekunda qalıq cərimə borcu hesablasa da gecikdirilmiş ödənişlərin heç biri üzrə cərimə borcuna silinmə aparmayıb. Bu hal özü-özlüyündə təzad yaradır. Belə bir sual yaranır ki, iddia tarixinə cərimə borcu hesablanırsa həmin tarixə qədər bankın cərimə borcuna etdiyi silinmələr necə nəzərə alınmaya bilər. İddiaçı ödənilməyən cərimə borcunu borcludan tələb etmirsə iddia tarixinədək sildiyi cərimə borcunu cavabdehə bağışlamaq məcburiyyətində deyil. Bank iddia tələbində cərimə borcunu tələb etməsə də, sistem üzrə əsas borca cərimənin hesablanması aparılır və edilmiş ödənişlər məhkəmə qətnaməsi qəbul olunanadək həm əsas və faiz borcdan, həmdə ki, cərimə faizlərindən silinir. Bütün silinmələr təqdim olunmuş hesabdan çıxarışda aydın göstərilir. Ekspert öz tədqiqatında hesabda çıxarışda göstərilən məbləğləri əsas götürür, lakin aparılan silinmələrin təyinatına əhəmiyyət vermir. Yuxarıda qeyd edilən eskpert tərəfinfən yalnış hesablamarın nəticəsi olaraq tələb edilən əsəs borcun məbləği də əsassız olaraq azaldılmışdır. Bütün bu hallar, yəni təqdim olunmuş sübutlarla ekspert rəyləri arasında olan uyğunsuzluqlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bu səbəbdən hesab edir ki, hazırki iş üzrə ekspert rəyləri təqdim edilmiş sənədlər üzrə aparılmadığına və qəbul olunmuş qaydalara riayət edilmədiyinə görə sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.6-ci maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. xx.xx.2023-cü il tarixli mühasibatlıq ekspertizasının keçirilməsi haqqında qərardadı ilə ekspert qarşısında müəyyən suallar qoyulmuşdur. Odur ki, ekspert öz rəyində yalnız əsas və faiz borcun hesablanması barədə sualı əhatə etmiş, bankın sildiyi cəriməni faizə silinmə kimi hesablamışdır. Vacib suallar isə cavabsız qalmışdır. Odur ki, ekspertiza rəyi natamam keçirilsə də, məhkəmə ekspertin verdiyi natamam və əsaslandırılmamış rəyi sübut kimi qiymətləndirmiş və nəticədə səhv qətnamə qəbul etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, cavabdehin götürdüyü kreditə və onunla bağlanmış müqaviləyə uyğun olaraq əsas və faiz borcun ödənilməsi ödəniş cədvəli ilə müəyyən edilmişdir. Həmin cədvəl cavabdehə təqdim edilmiş və cavabdeh həmin cədvəl üzrə ödənişlər etməli idi. Lakin cavabdeh ödənişləri vaxtında etməmiş və gecikmiş borclar yaranmışdır. Buna əsasən əsas borc və faiz borcu hesablanmışdır. Lakin məhkəmə işin bu faktiki halını nəzərə almamış və ekspertiza təyin etmişdir. Ekspert rəylərində isə əsas və faiz borcunu tələb olunan məbləğdən aşağı hesablamışdır. Beləliklə, mövcud olan sübutlar arasında (maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyi) olan uyğunsuzluğa hüquqi qiymət verilməmişdir. Məhkəmə tələbi qismən təmin edərək ekspert rəyində olan məbləğin tutulmasını qət etsə də, qətnamənin əsaslandırıcı hissəsində natamam və və bir-birinə zidd olan ekspert rəylərində müəyyən olunmuş halları nəyə görə daha mötəbər hesab etməsinə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
16. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
17. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
18. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
23. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 23 sentyabr 2021-ci il tarixli, 301804-871336/3 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 20,5% ödəmək şərti ilə Cavabdeh 9720 (doqquz min yeddi yüz iyirimi) manat məbləğində kredit verilmişdir. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
31. İşdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7112.03 manat məbləğində əsas borc və 906.99 manat faiz borcu olmaqla, cəmi 8019.02 manat borcun və 100.6 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh tərəf vəsatət vermiş və məhkəmə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 14 iyun 2022-ci il tarixli, 9/3533 saylı rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, 301804-871336/3 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 6961,81 manat, faiz borcu 289,40 manat təşkil edir.
33. MPM-in 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan faiz borcunun məbləği rəyə uyğun hesablanmışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iş üzrə keçirilmiş ekspertiza rəyini mötəbər sübut kimi qəbul etmiş və iddia tələbini qismən təmin etmişdir. İddiaçı həmin ekspertiza rəyinin əsassızlığına dair mötəbər və tutarlı sübut təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edildiyindən formal mülahizələr kimi qiymətləndirilməli və şikayət təmin edilməməlidir.
35. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
38. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-907/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.