Məhkəmə qərarları › İş №2(105)-207/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-207/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-207/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh1 nümayəndə və vəkili X6, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC və iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 27 .01.2015-ci il tarixli, 15/022 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və "xxxx" MMC-dən birgə qaydada onun xeyrinə 39311,14 manat əsas borc, 5534,95 manat faiz borcu, 1356,29 manat dəbbə borcu, cəmi kredit üzrə 46202,38 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını və tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF PARK 3” yaşayış massivi, 240 C nömrəli evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması, ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanan 16 yanvar 2015-ci il tarixli, 15/010 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və "xxxx" MMC-dən onun xeyrinə 38675,71 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 19795,31 manat faiz borcu, 10065,96 manat dəbbə borcu, cəmi kredit üzrə 68.536,98 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını və tələbin "xxxx" MMC ilə bağlanmış 16 yanvar 2015-ci il tarixli, İP 15/010 ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF PARK 3” yaşayış massivi, 240 C saylı evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanan 16 yanvar 2015-ci il tarixli, 15/010 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin kredit müqaviləsinə əsasən 38675,71 manat əsas borc, 19795,31 manat faiz borcu, 380 manat cərimə, cəmi 58 851,02 manat pulun müştərək qaydada Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumuna görə pulun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi,ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin kredit borcunun "xxxx" MMC-dən tutulması hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi və cərimə borcunun azaldılması hissələrində ləğv edilələrək iddia tələbinin həmin hissələrdə də tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X1 və "xxxx" dən yaranmış kredit borcunun müştərək qaydada tutulmasını və tələbin ipoteka predmetinə yönəldilməsini tələb edir. Hazırda Cəmiyyətin iddia tələbinin borcun tutulması hissəsini X1 tutulmasını mübahisələndirmir, eyni zamanda tələbinin ipoteka predmetinə yönəldilməsinə etiraz etmir. Abşeron Rayon Məhkəməsi borc tələbinin cavabdeh "xxxx" MMC-dən tutulması hissəsinə münasibətdə hüquqi qiymət verərək qeyd edir ki, "xxxx" MMC-nin Texnikabank” ASC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin 4.3-cü maddəsinin 2.1-ci bəndinə istinad edərək tələbin həmin hissədə təmin edilməsi qənaətinə gəlmişdir. Elə həmin müqavilənin 4.3-cü bəndinin 2.1-ci bəndinə görə müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanan faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürdüyündən müddəasına əsaslanmışdır. Tamamilə yanlışdır. İlk öncə (“Bank”) "xxxx" ASC ilə (“Kooperativ”) "xxxx" MMC da bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin şərtlərinə diqqət yetirmək lazımdır. Həmin Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gələn ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni ilik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. 18.03.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəllənin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhləri var. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürür. Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırki iş üzrə cavabdeh "xxxx" MMC borc alan X3 iddiaçı LPO “Bank Technique’' ASC-nin Sumqayıt filialı ilə 16.01.2015-ci il tarixli 15/010 saylı Kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut - zaminlik müqaviləsi təqdim etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin qismən yəni iddia tələbinin kredit borcu məbləğinin cavabdeh "xxxx" MMC-dən tutulması hissəsində ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 izahatında təmsil etdiyi təşkilatın apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində tələbi rədd etməkdə səhv qənaətə gəlmişdir, ipoteka qeydiyyata alınmadıqda iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalı idi. Belə ki tərəfər arasında ipoteka müqaviləsi bağlanmış, lakin qeydiyyata alınmamışdır. Bu halda həmin müqavilə qeydiyyata alındıqdan sonra iddiaçı müvafiq qaydalara əməl etdikdən sonra tutmanın yönəldilməsi üçün müraciət edə bilər. Qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilərək verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi və cərimə borcunun azaldılması hissələrində ləğv edilələrək iddia tələbinin həmin hissələrdə də tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili X8 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha¬ki¬min məruzəsini, tərəflərin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş ərazi aidiyyətinə uyğun olaraq baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan (i.v.131) "xxxx" ASC ilə "xxxx" MMC arasıdna bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsindən görünür ki, tərəflər öhdəliyini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyuində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir. İş materiallarından görünür ki, cavadbeh "xxxx" MMC apellyasiya şikayətində ərazi aidiyyatının müəyyən edilməsini də mübahisələndirmişdir. Hazırki işdən görünür ki, iş üzrə tərəflərdən iddiaçı "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Atatürk prospekti 1107, Cavabdeh1 qeydiyyat ünvanı ünvan 4 Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanıdır. İşdən görünür ki, iddiaçı "xxxx" ASC ləğv prosesindədir və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Xəıtai rayonu, Babək prospekti 16 ünvanıdır. Belə ki, aidiyyət məsələsi müqavilədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasıdna bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 9.2-ci bəndinə əsasən hazırki mübahisəyə Bakı şəhər məhkəmələrində baxılmalı olduğundan və iş üzrə tərəflərdən yalnız Bank Technique” ASC ləğv prosesindədir və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhərində olduğundan hazırki işə də Fondun hüquqi ünvanı üzrə Bakı şəhər, Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual hüquq normalarında mülki işlərə baxılmasının ərazi aidiyyatı göstərilsə də, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, tərəflər arasında bağlanmış 18.03.2014-cü il tarixli müqaviləyə əsasən işə Bakı şəhər Məhkəmələrində baxılmalı olmasına baxmayaraq, iddia ərizəsini icraata götürmüş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə çıxarmışıdr. Halbuki, qanunvericiliyin tələbinə görə, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraaata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, ərazi aidiyyəti qaydaları pozulmuşdur. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 2(012)- 09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu normaya istinadən məhkəmə kollegiyası hesab edir ki, iş baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual 44, 45, 263, 264, 266, 267, 402, 405.0.2-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar